Tahir Kərimli: "Müxalifət yaşamağın və fəaliyyət göstərməyin yolunu xarici qüvvələrə satqınlıq etməkdə görür"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, referendumdan sonra iqtidar-müxalifət dialoqunun keçirilməsi nə dərəcədə realdır? Ümumiyyətlə, belə təşəbbüslər varmı?
- Hazırkı vəziyyətdə iqtidar-müxalifət dialoqunun bu tezliklə baş tutması mümkün deyil. Çünki referendum təzə başa çatıb. Bu baxımdan, hazırkı məqamda iqtidar çox ciddi şəkildə referendumun nəticələri ilə bağlı işlər aparır. Görüşün keçirilməsi üçün imkan və şərait yetişməlidir. Yəqin ki, şəraitin yetişməsi ilə, iqtidar-müxalifət dialoqu baş tutacaq.
- İqtidar - müxalifət dialoquna Müsavat və AXCP-nin şərtlər irəli sürməklə qatılmaq istəkləri pozuculuğa xidmət edən bir niyyət olduğunu demək olarmı?
- Hələ Müsavat və AXCP öləri daxili qarşıdurmalarını aradan qaldırmaq üçün dialoq qurmağa cəhdlər göstərirlərmi? Demək olar ki, yox. İddialar, böyük hikkələr onların bir araya gəlmələrinə imkan vermir. Müsavat və AXCP hansı sosial bazanı təmsil edirlər? Adları çəkilən bu partiyaların arxasında sosial bazası olmadan dialoq iddiaları haesı nəticəni verər? Ümumiyyətlə, Müsavat və AXCP-nin dialoqun keçirilməsi ilə bağlı hansısa şərtlər irəli sürmələri qeyri-ciddilikdən xəbər verir. Əgər onlar ciddi qüvvələr olsaydılar, özlərinin inkişafı naminə və öz partiyalarının mənafeyi naminə dialoqa şərtsiz qatılardılar.
İqtidar müxalifət tərəfindən irəli sürülən şərtlərlə dialoqa getmir və getməyəcək. Bu, heç təcrübədə də olmayıb. Çünki iqtidar böyük gücə və ictimai dəstəyə malikdir. Ölkədə əldə olunan genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial-iqtisadi inkişaf bu iqtidarın düzgün və məqsədyönlü siyasətinin bəhrəsidir. Ona görə də, şərtlərlə hansısa müzakirələrə qatılmağı bu iqtidar qəbul edə bilməz və qərarında da haqlıdır.
- Ümumiyyətlə, Müsavatın və AXCP-nin cəmiyyətdə gedən ictimai- siyasi proseslərdən, müxalifət daxili inteqrasiyalardan da kənarda qalması nədən irəli gəlir?
- Zaman-zaman özlərinin yarıtmaz siyasətlərinin düşüncəsindən çıxış edərək, hər şeyi qara zolaqda görüblər. Onlar üçün milli maraqlardan öncə xarici ağalarının tapşırığı və göstərişləridir. Seçki məğlubiyyətləri, sosial bazadan məhrum olmaları da, məhz məkrli qüvvələrlə əməkdaşlığın uğursuz nəticəsidir. Bu siyasət dəyişməyincə və ya indiki, ənənəvi müxalif partiya sədrləri yeniləri ilə əvəzlənməyincə, müxalifətin formalaşması qisməndə olsa güc mərkəzinə çevrilməsi mümkün olamayacaq. Ümumiyyətlə, demək olar ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların dağılma və məhv olma problemləri ilə üzləşmələrinin səbəbi partiya sədrlərinin milli və dövlətçilik maraqlarına zidd siyasət aparmaları, yaşamağın və fəaliyyət göstərməyin yolunu xarici qüvvələrə satqınlıq etmələrində görmələridir. Bu faktorlar müxalifəti məhvə sürükləyir.
GÜLYANƏ