SİYASİ RAKURS
Müxtəlif Qərb siyasi institutları zəif müxalifətlə müqayisədə güclü Azərbaycan iqtidarı ilə yaxınlaşmanı daha real qərar kimi qəbul edirlər
Azərbaycanda uğurla baş tutmuş referendumdan ənənəvi müxalifət düşərgəsinin daim dəstək axtardığı Qərb siyasi dairələri də artıq onlardan əlini üzüb və düşərgəyə arxa çevirmək niyyətində olduğunu müxtəlif vasitələrlə nümayiş etdirməkdədir. Görünən budur ki, Qərb siyasi dairələri, xüsusilə, Avropanın aparıcı təşkilatları Azərbaycanda bu və ya digər şəkildə siyasi maraqlarını təmin edə bilməyəcəyini dərk edir, nəticə etibarilə hakimiyyətlə əməkdaşlıq üçün yeni yollar axtarır. Əbəs yerə deyil ki, bəzi ermənipərəts təşkilatları çıxmaq şərti ilə ciddi siyasi ağırlığa malik olan Qərbin öndəgedən siyasi institutları ötən ay baş tutmuş referendumun nəticələrini tanımaqla yanaşı, sözügedən prosesin Avropa dəyərlərinə tam şəkildə cavab verdiyini bəyan etdilər. Hətta diqqətçəkici məqamlardan biri də budur ki, Azərbaycanda bu vaxta qədər keçirilən prezident və parlament seçkiləri, eləcə də referendum səsvermələrindən sonra Qərb indiki qədər nəticələri birmənalı qaydada tanımamışdı.
Qərb institutları anlamağa başlayıb ki...
Məhz bu faktorun özü belə qənaətə gəlməyə zəmin yaradır ki, Qərb və Avropanın siyasi dairələri Azərbaycanla təzyiq dilində danışmağın əbəs olduğunu dərk edir, daha demokratik və sivil üslübda əməkdaşlıq etmək istəyini ortaya qoyur. Əlbəttə ki, belə bir faktorun yaranmasında əsas güc, məhz Azərbaycan hakimiyyəti tərəfindədir. Qətiyyətli siyasət, dəyişilməz mövqe və xalqın dəstəyi Qərbin yeni yollar axtarışına çıxmasına əsas yaratmış oldu. Daha bir məqam isə qeyd olunduğu kimi, müxalifətin Qərbə bağlı olan rıçaqlarını itirməsi amilidir. Artıq aydın görünür ki, 23 illik müxalifətçililəri dövründə düşərgədə fəaliyyət göstərən "liderlər" olduqları kimi qalmaqda davam edirlər. Sadəcə, ssenariləşdirilmiş qurultaylar keçirib partiyalara yeni sədrlərin (halbuki onlar da 23 illik dövrün içindədirlər-R.N.) gətirilməsi isə heç bir demokratiya nümunəsi kimi göstərilə bilməz. Adi partiyadaxili seçkilərdə belə saxtakarlıqlara, qarşıdurmalara, kəskin ziddiyyətlərə yol verən müxalifət "liderləri"nin hakimiyyətə yiyələndikləri vaxt daha betər saxtakarlıqlara, qanunsuzluqlara yol vercəklərini Qərb institutları anlamağa başlayıb. Radikalizm, dağıdıcılıq və şəxsi mənafenin təminatı üçün istənilən addıma getməyə hazır olan bu cür müxalifət isə beynəlxalq siyasi arenada qəbul olunmur. Ancaq mövcud hakimiyyət Qərb üçün hər cür şərait yaratmaqla, əməkdaşlığa açıq olduğunu, inkişaf və tərəqqinin tərəfdarı kimi çıxş etdiyini nümayiş etdirməklə öz baxışlarını bəyan edib. Belə olan məqamda, digər maraqdoğurucu amillər də nəzərə çarpamağa başlayır. Yəni ilik növbədə, Qərb Azərbaycan müxalifəti zəif olduğuna, passiv fəaliyyət göstərdiyinə görə düşərgədən imtina edir və demokratiyanın inkişafında maraqlı olan hakimiyyətlə əlaqələrinə üstünlüyünü verir.
Politoloq: "İlham Əliyevin simasında güclü siyasətçi görüb, onunla əməkdaşlığa qərar verdilər"
Bu arada politoloq Qabil Hüseynlinin də mövcud faktorla - Qərbin Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda maraqlı görünməsi amili ilə bağlı fikirləri ciddi görünür. SİTAT: "Qərbin özünün ciddi siyasi maraqları var. Bu maraqlar Cənubi Qafqaz bölgəsini əhatə edir. Bu maraqların təmin edilməsi üçün Qərbin Azərbaycanda hakimiyyətlə əlaqələrə önəm verməsinə təəccüblənmək lazım deyil. Çünki Qərb görür ki, ölkədə siyasi sabitlik mövcuddur, iqtisadiyyatda müəyyən qüsurlar olsa da, inkişaf artan xətlə gedir. Ölkə başçısı İlham Əliyev balanslaşdırılmış siyasət yeritməklə, dünya gücləri ilə ümumi dil tapa bildi. Onlar da Prezident İlham Əliyevin simasında güclü siyasətçi görüb, onunla əməkdaşlığa qərar verdilər. Bu əməkdaşlıq da son illərdə artıb".
Buradan da görünür ki, heç bir təzyiq, təhdid və s. kimi bənzər çıxışlar Azərbaycan hakimiyyətinin qətiyyətinə qarşı tab gətirə bilməz. Müxtəlif Qərb siyasi institutları zəif müxalifətlə müqayisədə güclü Azərbaycan iqtidarı ilə yaxınlaşmanı daha real qərar kimi qəbul edirlər.
Rövşən NURƏDDİNOĞLU