Sergey Minasyan: "KTMT-nin Dağlıq Qarabağ məsələsində konkret hansısa fəaliyyət göstərməsini gözləməyin mənası yoxdur"
"Düşünürəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında üzv-ölkələrin maraqları baxımından olan yanaşmalar növbəti dəfə çətinlik yaradıb". SİA xəbər verir ki, bu fikirləri Qafqaz institunun direktor müavini Sergey Minasyan Ermənistanın birinci kanalına Yerevanda baş tutmuş KTMT sammitinin nəticələri ətrafında verdiyi müsahibəsində deyib.
"Biz növbəti dəfə dəqiqləşdirdik ki, KTMT əvvəlki kimi Ermənistanın təhlükəsizliyi və müdafiəsi baxımından, Rusiya-Ermənistan strateji münasibətlərinin saxlanılması üçün bir vasitədir"-deyə qeyd edən erməni politoloq bildirib ki, bu, yeganə sistemdir ki, ölkələr arasındakı münasibətləri tənzimləyir.
"KTMT struktur kimi növbəti dəfə amorf mövcudluğunu nümayiş etdirib"
Minasyan KTMT-yə üzv olan digər ölkələrin Ermənistan üçün əhəmiyyətli olmadığını da dilə gətirib: "Ermənistanın Qazaxıstan, yaxud Belarusla müdafiə və təhlükəsizlik sferasındakı əməkdaşlığı ikinci, ya da üçüncü məsələ kimi qəbul edilməlidir. Çünki bu əməkdaşlıq, erməni-rus münasibətləri baxımından fundamental olaraq fərqlənir. Sözügedən amil isə belə deməyə əsas verir ki, KTMT struktur kimi növbəti dəfə amorf mövcudluğunu nümayiş etdirib".
"KTMT-nin təsis olunması və mövcudluğu məsələsində Rusiya faktoru dayanır və bu, Rusiya üçün vacibdir"
Jurnalistin "Ermənistanın KTMT-yə üzv olmasının səbəbi Rusiyaya görədirmi" sualını cavablandıran S.Minasyan əlvə edib ki, o, məhz bu cür düşünür: "Bəllidir ki, KTMT-nin təsis olunması və mövcudluğu məsələsində Rusiya faktoru dayanır və bu, Rusiya üçün vacibdir, çünki Rusiya bu təşkilatı postsovet məkanında siyasi və geosiyasi rıçaq kimi istifadə edir. Ermənistan bunu nəzərə almalıdır.
"Ermənistandan olması planlaşdırılan yeni baş katibin seçilməsi üzv-ölkələrin arasında yaşanan problemlərlə bağlıdır"
"Bu təşkilatın Dağlıq Qarabağ məsələsində konkret hansısa fəaliyyət göstərməsini gözləməyin mənası yoxdur. Biz bunu anlamalıyıq..."-deyə vurğulayan Minasyan KTMT-nin yeni baş katibinin seçilməsinin təxirə salınması sualına da cavab verib bunun Ermənistanla əlaqəli olub-olmamasına da aydınlıq gətirərək, deyib ki, bu barədə informasiya bağlı olub və qərar üzv-ölkələrin iştirakı ilə qapalı şəkildə verilib: "Düşünürəm ki, Ermənistandan olması planlaşdırılan yeni baş katibin seçilməsi üzv-ölkələrin arasında yaşanan problemlərlə bağlıdır". Erməni politoloq Qazaxıstan, Belarus və Qırğızıstanın Ermənistandan olan namizədi dəstəkləmədikləri ehtimalını da istina etməyib.
Rövşən NURƏDDİNOĞLU