TƏRS BAXIŞ
Müsavat partiyası isə ənənəvi olaraq digər müxalifət partiyalarını ittiham edir
13 il öncə Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra ağır məğlubiyyətə uğramış dağıdıcı müxalifətin "Bizim Azərbaycan" bloku və adıçəkilən blokun Müsavatdan olan namizədi İ.Qəmbər, hər il olduğu kimi, bu dəfə də öz rüsvayçılığını düşərgənin digər təmsilçilərinin üzərinə yazmağa cəhd edib. Daha dəqiq desək, 15-16 oktyabr günlərində Bakıda, eləcə də ölkədə xarici siyasi dairələrin təhriki və təlimatları ilə xaos mühiti yaratmağa cəhd edən radikallar nəticə etibarilə onsuz da perspektevsiz görünən siyasi gələcəklərinin üzərindən birdəfəlik olaraq çalın-çarpaz xətt çəkdilər. Hətta vəziyyət o dərəcədə dəyişdi ki, radikallara, xüsusilə də, Müsavatın o zamankı başqanı İ.Qəmbərə dəstək verən Qərb belə, bu dəstəkdən imtina etdi. Bəzi xırda-para qurumlardan başqa...
ADP sədri Sərdar Cəlaloğlu günahı Etibar Məmmədovun, Lalə Şövkət Hacıyevanın və Əli Kərimlinin üzərinə atdı
Həmin vaxtlar "Bizim Azərbaycan" blokunun namizədini dəstəkləmiş Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bu faktı öz açıqlaması ilə təsdiqləyib. Məsələn, o bildirib ki, İ.Qəmbər Qərbin dəstəyindən məhrum olub. Buna səbəb isə, ilk növbədə, hazırkı məqamda olduğu kimi, müxalifətin pərakəndə şəkildə fəaliyyət göstərməsi, birinin digərini dəstəkləməməsiydi. S.Cəlaloğlu günahı AMİP-in o zamankı sədri Etibar Məmmədovun, Azərbaycan Liberal Partiyasının həmin vaxtlardakı sədri Lalə Şövkət Hacıyevanın, eyni zamanda, AXCP sədri Ə.Kərimlinin üzərinə atıb: "...Amma müxalifətin iki, Lalə Şövkəti də əlavə etsək, üç namizədlə seçkidə iştirak etməsi Qərbin müxalifətdən olan namizədə dəstək verməməsinə səbəb oldu və İ.Qəmbərin hakimiyyətə yolu bağlandı".
London görüşünün nəticələri, yaxud düşərgənin 13 il öncəki bəlası hazırkı məqamda da davam edir
Cəlaloğlu London görüşünü də xatırladaraq deyib ki, məhz həmin görüşdən sonra mövcud müxalifətin vəziyyəti kritik həddə çatdı: "Belə vəziyyətdə E.Məmmədovun bloku İ.Qəmbərin xeyrinə namizədini geri çəkməli və İ.Qəmbərə dəstək elan etməli idi. Ancaq bir neçə ay öncə Londonda keçirilmiş görüşdə verilmiş sözdən E.Məmmədov imtina elədi. Nəticədə, müxalifət parçalanmış şəkildə seçki qutusuna getdi. Belə bir vəziyyətdə isə beynəlxalq dəstək əldə eləmək çətindir".
Göründüyü kimi, ADP sədri, bilavasitə Müsavatın istəyi ilə, yəni bu partiyanın rəhbərliyinin göstərişi ilə açıqlama verərək, indi də həmin partiyaya xoş təsir bağışlamağa çalışıb. Lakin fakt öz faktlığında qalmaqdadır və S.Cəlaloğlunun özünün də etiraf etdiyi kimi, düşərgənin 13 il öncəki bəlası hazırkı məqamda da davam edir. Hətta illər öncə baş verən hadisələr ətrafındakı polemikalarda belə, düşərgə təmsilçiləri bir-birlərinə güzəştə getmirlər. Ancaq unudurlar ki, yalnız güclü qalib gəlir. Məğlub olan isə bunu zəifliyinə görə yaşayır. Hər halda, radikal müxalifət illər boyu yaşadıqları məğlubiyyətlərini öz zəifliklərində, səriştəsizliklərində və mənəm-mənəmliklərində axtarmalıdırlar. Əlbəttə ki, əgər buna güc tapsalar.
Rövşən NURƏDDİNOĞLU