Qondarma "hüquq müdafiəçisi" Leyla Yunus Nardaran hadisələrinin ideoloqu Taleh Bağırzadəyə dəstək nümayiş etdirən məktub göndərib. Söz yox ki, L.Yunusun bu əməli sifarişli xarakter daşıyır. Sual yaranır: L.Yunus və onun kimilərin separatçılığı dəstəkləmələri, pozuculuğa xidmət edən açıqlamalar, bəyanatlar vermələri nədən irəli gəlir? Müsavat və AXCP funksionerləri də fəaliyyətlərində və addımlarında dövlətçiliyimizə qarşı qərəz nümayiş etdiriblər. Bu baxımdan, demək olarmı ki, separatçılıq eyni mərkəzdən idarə olunur? Söhbət etdiyimiz müsahiblərimiz separatçılığa meyil edən və ya separatçılığı dəstəkləyən qüvvələrin Azərbaycan dövlətinə düşmən kəsilən qüvvələr olduğunu bildirdilər.
"Yurddaş" partiyasının sədri Mais Səfərli:
- Siyasət dinə qoşulanda radikal bir hərakat yaranır. Artıq biz bunu başqa ölkələrin təcrübəsindən görürük ki, radikal dini hərakatlar hansı ağır fəlakətlər yaradırlar. Yəni o ölkələrdə ki, dindən siyasi məqsədlər üçün istifadə olunur, həmin ölkələrin aqibəti faciəvidir. Bu kimi ölkələrdə cəryan edən qarışıqlıq bizim ölkəmizdə ola bilməz. Çünki bu cür hərəkətlərin baş verməsinə nə qanunlarımız, nə də ki, cəmiyyətimiz yol verməz. Düşünürəm ki, dini hərəkatları dəstəkləyən siyasiləşmiş QHT-lər və bəzi siyasilər Azərbaycan dövlətinin maraqlarını nəzərə almayan qüvvələrdir. Görünür, o qüvvələr Azərbaycanda stabilliyin pozulmasını istəyirlər, inkişaf etməsini yox. Pozuculuğa cəhdlərin qarşısı qanunla alınmalıdır. Azərbaycan hüquq-mühafizə orqanları bu cür radikal dini hərakatların meydana gəlməsinə və onların havadarlarının açıq- aşkar dəstəkləməsinə yol verməyəcək.
Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli:
- Son vaxtlar Azərbaycanda siyasi məhbus məsələsindən bəzi müxalif qüvvələr manupulayasiya etməyə çalışırlar. "Siyasi məhbus" şousunun gündəmə gəlməsindən bəzi xarici qüvvələrin maraqları var ki, daimi olaraq, bu məsələni gündəmdə saxlamağa çalışırlar. Demək olar ki, belə məsələləri şişirtməklə bir növ radikal müxalif qüvvələr özlərini xaricdə olan bəzi qüvvələrə reklam edirlər. L.Yunus separatçılığı dəstəkləməsi, pozuculuğa xidmət edən bəyanatlar verməsi özünün şəxsi məsələləri üçün istifadəyə hesablanıb. Düşünürəm ki, Azərbaycanın daxili bir problemini şişirdilmiş şəkildə maraqlı qüvvələrin nəzərinə çatdırılmasına cəhdlər göstərilməsi yolverilməzdir. Əgər nə isə bir problem varsa biz bunu öz aramızda həll edə bilərik. Çünki hər hansı bir məsələni beynəlxalq aləmdə müzakirə mövzusuna çıxarmaq istər-istəməz həmin qüvvələr və Azərbaycanın uğurlarından narahat olan qüvvələr bundan öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Bu baxımdan da, L.Yunusun hərəkətlərini Azərbaycanı istəməyən qüvvələrlə əməkdaşlıq kimi qiymətləndirir və pisləyirəm.
GÜLYANƏ