TƏRS BAXIŞ
Qondarma siyasi məhbus iddiaları qarşıdurmalarla nəticələnib
AXCP sədri Ə.Kərimlinin bir neçə gün öncə özünə yaxın "hüquq müdafiəçiləri" vasitəsilə nəzarətində saxladığı mətbuat orqanında və sosial şəbəkədə "siyasi məhbus" siyahısını təqdim etməsi radikal düşərgədə kəskin qarşıdurmalara, söz atışmalarına və təhqirlərə yol açıb. Buna səbəb digər "hüquq müdafiəçiləri"nin özlərinə uyğun olan siyahılar tərtib etmələri və bu siyahılarda adların üst-üstə düşməməsi olub. Ümumiyyətlə, bu kimi halın yaşanması zaman-zaman baş verib və nəticədə, siyasiləşmiş QHT-lərlə "hüquq müdafiəçilərinin" radikal müxalifət partiyalarının rəhbərləri ilə kəskin qarşıdurmaları yaşanıb. Xüsusilə, bənzər siyahıların tərtib olunması ilə məşğul olan İşçi Qrupunun təmsilçiləri Novella Cəfəroğlu və Mirvari Qəhrəmanlı radikal düşərgədəki mövcud vəziyyətlə bağlı etirazlarını bildiriblər. Artıq vəziyyət o dərəcədə qızışıb ki, tərəflər arasında, necə deyərlər, təhqirin biri bir qəpiyə satılır.
Əli Kərimli-Cəmil Həsənli cütlüyü kimləri rədd etdi və kimlərin ətəyindən tutdu?
Yeri gəlmişkən, ilkin qondarma siyahı Rəsul Cəfərov, Rövşən Hacıbəyli, Xədicə İsmayıl, Samir Kazımlı, Anar Məmmədli, İntiqam Əliyev, Xalid Bağırov tərəfindən tərtib edilib və bu işdə onlara bəzi vəkillər də yardım ediblər. Amma bu adlarının hər birinin xarici ermənipərəst təşkilatlarla özəl bağlılıqları var və burada onların sifarişli şəkildə fəaliyyətləri ehtimalı kifayət qədərdir.
İlk "siyasi məhbus" siyahısı nədənsə AXCP sədri Ə.Kərilmini, eləcə də "Milli Şura"nın sədri C.Həsənlini qane etməyib və nəticədə, digər qondarma hüquq müdafiəçilərinin - "Milli Şura" üzvü Oqtay Gülalıyevlə, hazırda Avropada yaşayan "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunusun yeni "siyahısı" ilk "siyahını" əvəzləyib. Bu amil isə birincilərin hiddətinə və narazılıqlarına səbəb olub.
Samir Kazımlıdan Əli Kərimliyə: "Bu adam anlamır"
Birinciləri dəstəkləyən digər "hüquq müdafiəçisi" Samir Kazımlı dərhal sosial şəbəkəyə çıxaraq bildirib ki, AXCP və "Milli Şura" sədrlərinin hazırlatdıqları və dəstəklədikləri siyahıda olan şəxslərdən dördü azadlığa buraxılıb (?!-R.N.) və onlardan birinin adı iki dəfə (!!!-R.N.) yazılıb. Həmin statusda yazılıb: "Əli Kərimli elə bilir ki, saxta yolla siyahını şişirdəndə (!-R.N.), beynəlxalq qurumların diqqətini cəlb edə biləcək. Amma bu adam anlamır ki, beynəlxalq qurumlar peşəkar işə diqqət edirlər".
Məqsəd Azərbaycana qarşı davamlı olaraq qərəzli hesabatlar hazırlayan fondlardan daha çox maliyyə qazancı əldə etməkdir
Biz də ötən yazılarımızın birində qeyd etmişdik ki, AXCP sədrinin əsas məqsədi "siyasi məhbus" mövzusu ətrafında manipulyasiyalar edib, şəxsi mənfəətini artırmaqdan ibarətdir. Burada həmin "siyahı" vasitəsilə erməni lobbisinin dəstəklədiyi və Azərbaycana qarşı davamlı olaraq qərəzli hesabatlar hazırlayan fondlardan daha çox maliyyə qazancı əldə etmək amili dayanıb. O cümlədən, Ə.Kərimli "siyasi məhbus" siyahısı vasitəsilə mühacirət biznesində öz təbirincə, inkişafa nail olmağa çalışır. Söz yox ki, əgər ortaya "siyasi məhbus" siyahıları" çıxırsa, bütövlükdə, bu cür hərəkətlərə rəvac verənlərin hər biri şəxsi mənfəətlərini güdürlər. Ona görə də biri-digərinə qarşı çıxır, məhz özünün tərtib etdiyi "siyahı"nın Qərb qurumları tərəfindən qəbul edilməsinə cəhdlər göstərilir.
Xədicə İsmayıl da Əli Kərimlini "vurdu": "İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər"
Yəni radikal düşərgə daxilindəki bu savaşın əsas mahiyyəti buna əsaslanmaqdadır. Bu baxımdan, Ə.Kərimlinin Avropada qaçaq həyatı yaşayan mətbuat katibi Natiq Ədilov (Güləhmədoğlu) dərhal AXCP sədrini ittiham edən S.Kazımlını xəyanətdə suçlayıb, hətta onun sifarişlə yuxarıdakı statusu yazdığını iddia edib.
Ancaq maraqlı məqamlardan biri də X.İsmayılın Ə.Kərimlini hədəfə almasıdır. Düzdür, o, AXCP sədrinin adını, bilavasitə çəkməsə də, görünən budur ki, ortada, məhz Kərimlinin "vurulması" məsələsi dayanıb. SİTAT: "Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər".
X.İsmayıl bu vasitəylə xarici havadarlarına çatdırmağa çalışıb ki, Ə.Kərimlinin "siyahısı" qəbul edilməsin, məhz onun özünün və ətrafının "siyahı"sına diqqət yetirilsin. Beləliklə, yalan və qondarma iddiaları əks etdirən "siyasi məhbus" siyahıları gün işığına çıxmamış məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Çünki xarici qurumlar mövcud vəziyyəti anlayaraq, bu siyahıların gerçəkliyi əks etdirməməsindən şübhələnirlər.
Müsavatçılardan "siyasi məhbus" siyahısı hazırlayanlara ironik baxış: "Bu işi müsavatçılar etsəydi, 7 ballıq zəlzələ olardı"
Bu arada AXCP və "Milli Şura"ya qarşı düşmənçilik səviyyəsində fəaliyyət göstərən daha bir dağıdıcı müxalifət partiyası - Müsavat adından da mövcud vəziyyətə ironik münasibət bildirilir. Məsələn, Müsavat məclisinin üzvü, hazırda Türkiyədə yaşayan Könül Şamilqızı sosial şəbəkədə qeyd edib ki, əgər belə bir siyahını Müsavat ortaya çıxarsaydı, sosial şəbəkədə bu partiyanın üzərinə düşəcəkdilər.
Digər müsavatçı Vəfa Cümşüdlü isə partiyadaşının mövcud fikirlərinə dəstək olaraq qeyd edib ki, əgər AXCP deyil, Müsavat siyahı tərtib etsəydi, sosial şəbəkələrdə bəlli şəxslər (burada Ə.Kərimli və ətrafı nəzərdə tutulub -R.N.) Müsavatı hədəfə alar, hətta 7 bal gücündə zəlzələ yaradardı".
Həqiqtən də, radikal düşərgədəki mövcud vəziyyət onların pərakəndə və başıpozuq fəaliyyətləri öz işlərindən yetərincə xəbər verməkdədir. Artıq əlləri hər şeydən üzülən radikallar, qondarma "hüquq müdafiəçiləri" həm gündəmdə qalmaqdan ötrü, həm də ermənipərəst lobbilərdən faydalanmaq üçün yarışa girişiblər. Bu yarışda isə qalibin olması müəmmalı görünür. Çünki onların hər biri məğlublar sırasında yerlərini möhkəmləndiriblər.
Rövşən NURƏDDİNOĞLU