PDF Oxu

Müxalifət

  • 2 277

Ermənistanın absurd iddiaları və gerçəkliyi

image

Son vaxtlar Ermənistan mətbuatında Rusiya, Azərbaycan, İran və Türkiyə arasında baş verən intensiv müzakirələrin və eyni zamanda, ölkə rəhbərlərinin görüşlərindən narahatlıq keçirməsi ilə bağlı yazılar verilməkdədir. Erməni mətbuatında bu hadisələrlə bağlı gedən yazılara diqqət yetirsək görərik ki, Yerevan qeyri-müəyyənlik içindədir və özünün geosiyasi proseslərdən kənarda qalmasına ağrılı reaksiya verməkdədir. Lakin bütün bunlara baxmayaraq, ermənilər hələ də absurd iddialar irəli sürürlər. Ancaq onlar anlamırlar ki, bütün bunlar əbəsdir, çünki Ermənistanı yalnız gerçəkliyi nəzərə alan xarici siyasət xilas edə bilər. Bunun reallaşması isə mümkünsüz görünür.

Yanlış manevrlər və tərəddüdlər

Məhz bu cür məntiqsiz izahların əsas səbəbi Ermənistanın, baş verən proseslərdən kənarda qalması və gerçəkliyi təhrif edərək, uydurma arqumentləri təhlil etməyə çalışmasıdır. Elə buna görə də, onlar bir tərəfdən Ermənistanın Rusiyadan tam asılı olduğunu etiraf edir, digər tərəfdən də Yerevanın hansısa "güc" nümayiş etdirməsindən dəm vururlar.

Sözsüz ki, mənəviyyatı xəstə, şüuru məntiqsiz olan Ermənistan prezidenti Serj Sarkisyandan ancaq belə düşüncə gözləmək olar. Çünki Sarkisyan hələ də anlamır ki, Ermənistan adlanan ölkə birbaşa Rusiya imperiyasının layihəsidir və Kreml istədiyi zaman onu yox edə bilər. Bir də Ermənistan rəhbərliyi onu da anlamalıdır ki, Azərbaycan torpaqlarını da "qəhrəman erməni əsgərləri" deyil, SSRİ ordusunun müəyyən hissələri işğal edib. Məhz bu səbədən də Rusiyanın tarixi missiyalarından biri bu ədalətsizliyi bərpa etməkdən ibarətdir.

Bir də Ermənistanın Avropaya üz tutması ehtimalı sıfıra yaxındır. Hazırkı vəziyyətdə Qərblə əməkdaşlığı çox arzulardılar, lakin Rusiya buna imkan verməz. Yerevan Kremlin icazəsi olmadan bir addım belə ata bilməz. Məhz buna görədir ki, erməni ekspertlər "suverenlik yoxdur" yazırlar.

Erməni eksperti İqor Muradyan "lragir.am" saytına yazdığı yazıda bildirilir ki, Ermənistan Cənubi Qafqazın geosiyasi cəhətdən ən zəif dövlətdir: "...Ermənistan Cənubi Qafqazın geosiyasi cəhətdən ən zəif həlqəsi, dövlət olaraq ən çox asılı olanıdır, ancaq dünya güclərinin onunla əlaqə qurması asan deyil, çox mürəkkəbdir. Ermənistan, ümumiyyətlə, dövlət kimi formalaşmayıb və onunla əməkdaşlıqdan ciddi çərçivədə danışmağın mənası yoxdur. Çünki Ermənistan rəhbərlərinin yalnız axmaq siyasi iddiaları vardır və ona da ermənilərdən başqa kimsə inanmır. Belə olmasaydı, Vaşinqton "Şikayət kitabı"nı göstərməzdi, Rusiya isə dərhal təhlükəsizlik məsələləri ilə hədələməzdi".

Göründüyü kimi, bəzi erməni ekspertləri Ermənistanın əhəmiyyətini vurğulamağa çalışsalar da, reallıqda Yerevan regionun geosiyasi mənzərəsindən kənarda qalıb, daha dəqiq desək, işğalçı ölkə nə region dövlətləri ilə münasibətlərini konstruktiv müstəvidə qura, nə də Qərblə ciddi əməkdaşlığa gedə bilir.

Serj Sarkisyanın kursu pozulmuş xarici "siyasəti"

Sözsüz ki, ölkənin bütün sahələrdə uçuruma getməsi həmin ölkənin rəhbərinin uğursuz siyasətinin nəticəsində baş verir. Bu baxımdan da, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan heç zaman xüsusi qabiliyyəti ilə seçilməyib. Onun ölkəyə başçılıq etdiyi müddətdə erməni xalqı daha ağır itkilərə düçar olub. Lakin işğalçı ölkədə yaranmış bu ağır durumda belə S.Sarkisyan hakimiyyətdən əl çəkmək fikrində deyil. Aprel ayında Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələrdən sonra isə, bir erməni ekspertin ifadə etdiyi kimi, "səfil" vəziyyətinə düşüb.

Elə səriştəsiz prezident Sarkisyanın ABŞ-ın "Bloomberg" agentliyinə verdiyi müsahibəsində ifadə edilən fikirlərə nəzər saldıqda, bir daha şahid olursan ki, Ermənistan prezidenti son dərəcə zəif iradəyə malik, məntiqi tamamilə sistemsiz, xarici siyasətdə kənar qüvvələrdən asılıdır. Bir sözlə, müsahibə uduzmuş səfil Sarkisyanın rabitəsiz söz yığımıdır.

Erməni ekspertləri isə bu müsahibəni Ermənistan KİV-i tərəfindən hissə-hissə təqdim etmələrinə qarşı çıxaraq bildiriblər ki, həmin söz yığını-müsahibənin heç bir sağlam məntiqi yoxdur. Erməni eksperti Akop Badalyan müsahibə ilə bağlı bəzi məqamları açıqlayıb: "S.Sarkisyan həmin müsahibədə iki həqiqəti tam etiraf edib: əvvələn, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və təcavüzkardır, ikincisi, rəsmi Yerevan sülh istəmir, işğalçılığını davam etdirməkdə israrlıdır, bu zaman havadarlarına arxalanır. Belə görünür ki, Ermənistan prezidenti aprel ayında aldığı güclü zərbədən sonra elementar məntiqini belə itirib".

İqor Muradyan isə yazır ki, Ermənistan dünyaya suveren ola bilmək iqtidarında olmadığını bir daha nümayiş etdirməkdədir: "Ölkəni bu vəziyyətə salan Sarkisyan kimi səfil prezidentin vətənpərvərliyini ağzına soxmaq lazımdır ki, bəlkə ağlı başına gələ, ancaq bəlkə bu da bəs etməz". İ.Muradyan onu vurğulayır ki, Sarkisyanın özünün də sifəti son zamanlar ölü rəngindədir: "İllərdir haqqında S.Sarkisyan yeri gəldi-gəlmədi "möhtəşəm və uğurlu xarici siyasət yeritməsi", yeri gəldi-gəlmədi, boşboğazlıq etməsinin nəticəsidir. Artıq erməni cəmiyyətinin bir qismi anlamağa başladılar ki, indiyə qədər nağıllar və yalanla insanların başını qatmaqla, ancaq onun zərəri, məhz erməni xalqının başında çatlaya bilər. Üstəlik, erməni siyasətçilər hiss edirlər ki, dövlət əldən gedə bilər. S.Sarkisyan ayaq üstə ölməsin, bəs nə etsin? Çünki real gücü olan dövlət öz kəşfiyyatına arxalanar, başqalarından inciməz. Bundan başqa, erməni ordusu zəifdirsə, ona xarici kəşfiyyat nə etsin? Lakin məsələ ondadır ki, S.Sarkisyan siyasəti suverenliyin təmini üzərində qurmayıb, ölkəni kənar qüvvələrdən tam asılı vəziyyətə salaraq, Azərbaycanın işğal altında olan torpaqlarını özündə saxlamağı hədəfləyib. İndi bu süni hoqqalar isə keçmir. Bunlar göstərir ki, S.Sarkisyan bədbin psixoloji vəziyyətdədir və uğur qazana biləcəyinə ümidini itirib.

Beləliklə, bütün bu deyilənlərin nəticəsi onu deməyə əsas verir ki, beynəlxalq ictimaiyyət, ilk növbədə BMT, ATƏT, Avropa İttifaqı Yerevana ciddi təzyiq göstərməli, həqiqəti söyləməlidirlər. Əgər belə addım atılmazsa, Ermənistan adlandırılan qondarma dövlət Cənubi Qafqazın baş ağrısı olaraq qalmaqla yanaşı, hakimiyyətin də xalq tərəfindən devrilməsi və bunun yaxın zamanda baş verməsi qaçılmaz olacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər