PDF Oxu

Müxalifət

  • 3 842

Əli Kərimli -Cəmil Həsənli "iddiaları"

image

Və ya kim-kimə "davay, dosvidaniya" deyəcək

Biz əvvəlki yazılarımızda qeyd edəndə ki, iki aydan bir AXCP sədri Ə.Kərimli "Milli Şura"nın rəhbərini özündən kənarlaşdırması ətrafında "baş sındırır", həmin an anlamaq iqtidarında olmayan C.Həsənli "belə bir şey yoxdur" deyərək diqqəti özündən yayındırmağa cəhd etdi. Ancaq görünür, bu gün onun bu cəhdinin uğursuz olması faktdır.

Cəmil Həsənli Əli Kərimliyə ağır "yükdür"

Xüsusilə, son günlər AXCP sədri Ə.Kərimlinin nəzarəti altında olan "Milli Şura"da baş verən qarşıdurmalar bunu deməyə əsas verir. Belə ki, qurumun sədri C.Həsənli Ə.Kərimli ilə müzakirələr aparmadan, onun rəyini öyrənmədən Avropada müxalifyönlü mühacirlər sayəsində "təşkilatlanma" işlərinə cəhd edib. Bu işdə də ona yardım edənlər "Milli Şura"da qalan keçmiş müsavatçı T.Yaqublu və "qiyamçı səfir" kimi tanınan A.Məmmədovdur. Bu yaxınlığı təsdiq edən digər bir məqam isə "Milli Şura"nın ötən ayın 11-də keçirilən mitinqi zamanı C.Həsənlinin T.Yaqublu ilə birlikdə Brüsselə qiyamçı diplomatla görüşə getməsidir.

"Milli Şura"dakı etibarlı mənbədən belə bir məlumat verilir ki, yaxın günlərdə Həsənlinin istefa qərarı mediaya açıqlanacaq. Həmçinin, mənbənin qeyd etdiyinə görə, "Milli Şura"nın qeyri-rəsmi sədrliyini Ə.Kərimli edir, C.Həsənli isə, sadəcə, Kərimlinin səhvlərini, müxtəlif ağırlıqlarını öz üzərinə götürür. Ona görə də Ə.Kərimli C.Həsənlinin istefasından dərhal sonra "Milli Şura"ya sədr keçməyi qətiləşdirib. Bu yerdə maraqlı sual ortaya çıxır: deməli, "Yurd", AXCP və Milli Şura"ya sədrlik edən Ə.Kərimli bütün oyunlardan çıxaraq, indi də "üçbaşlı əjdaha" olmaq "istəyir".

Yeri gəlmişkən, daha bir faktı xatırlatmaq yerinə düşərdi ki, C.Həsənli-Ə.Kərimli qarşıdurması birinci dəfə baş vermir. Vaxtilə AXCP-dən istefa vermiş Həsənli bunu Kərimlinin xəyanətlərinə görə etdiyini bəyan etmişdi. İndi də eyni halın yaşanması şübhə doğurmur. C.Həsənli başa düşür ki, Ə.Kərimli özünün cəsarət edə bilmədiyi ən pis işlərin hamısını ona gördürüb, bütün oyunlarında ondan maksimum şəkildə yararlanıb. Bu gün isə C.Həsənli amili Ə.Kərimlini qane etmir.

Beləliklə, son günlər Ə.Kərimli-C.Həsənli cütlüyü arasında baş verənlər və kimin-kimə "davay, dosvidaniya" edəcəyini isə yaxın zaman göstərəcək. Amma sonda nəzərə almalıyıq ki, artıq "Milli Şura"nın yarandığı gündən ölü qurum kimi fəaliyyət göstərməsi, hazırkı məqamda isə parçalanması danılmaz reallıq kimi qiymətləndirilə bilər.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər