PDF Oxu

Müxalifət

  • 2 177

Şər maşının budəfəki sükanı kimin əlindədir?

image

Və ya "Azadlığ"ı "pulsuzluq"dan çıxara bilməyənlər xaricdə telekanal açır

Son günlərdə "Azadlıq" (Azadlıq.info) qəzetində milli və dövlətçilik maraqlarına yönələn şər-böhtan, şantaj dolu materialların dərc olunmasından xəbərsiz deyilsiniz. Əgər əvvəllər "Azadlıq" qəzeti ən azı kiçik həcmli informasiyaların verilməsində müəyyən qədər ehtiyat edirdisə, bu gün o, ehtiyatı da tam əldən verib. Son 10 gün ərzində "Azadlıq"da (Azadlıq.info) şantaj xarakterli, həqiqiliyi, birmənalı şəkildə şübhə doğuran, heç bir mənbə tərəfindən təsdiqlənməyən, əksinə, inkar edilən onlarla yazılar dərc olunub ki, bu yazılar sırf müəyyən məkrli maraqlara xidmət edir. "Azadlıq.info"nun 23.10.2016-cı ildə dərc etdiyi "AXCP-yə 13 nəfər gənc üzv qəbul edildi" başlıqlı yazıda göstərilir ki, AXCP Nəsimi rayon şöbəsində iclas keçirilib və 13 nəfər gənc partiya sıralarına qoşulub. Apardığımız araşdırmalar nəticəsində isə bəlli oldu ki, ümumiyyətlə, son bir aydan artıq ki, AXCP Nəsimi rayon şöbəsi iclas keçirməyib. Bundan başqa, AXCP mətbuat katibi ilə yazılı şəkildə əlaqə saxladıq və həmin 13 nəfər gəncin adlarını deməsini xahiş etdik. Oktyarbın 14-də saat 21:38-də "Azadlıq.info" da dərc olunan "AXCP rayon şöbə sədri polisə niyə aparıldı" başlıqlı yazıdan cəmi 30 dəqiqə sonra partiyanın Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə sosial şəbəkələrdə status yazaraq, həbs edildiyi ilə bağlı xəbərləri təkzib etdi. Bununla da özləri-özlərini yalanlamış oldular.

"Azadlıq" Əli Kərimlinin və erməni lobbi təşkilatlarının maraqlarına xidmət edən sektadır"

"Azadlığ"ın bu tipli dezinformasiyalar dərc etməsində məqsəd nədir? Ümumiyyətlə, son vaxtlar müxalifət mətbuatında bu cür hallar nə üçün daha geniş vüsət alıb? Bütün bu suallara cavab vermək üçün politoloqların fikirlərini öyrəndik. Mövzu ilə bağlı "SƏS" qəzetinə açıqlama verən politoloq Mirsamir Məmmədov bildirib ki, "Azadlıq" qəzeti sırf Ə.Kərimlinin marağına xidmət göstərən bir sektadır: "Bu qəzet heç vaxt obyektiv fikir dərc etmir. Qəzetin tirajladığı bütün materiallar kompromat fikirlər, şər-bohtan xarakterli və dövlətçiliyimizi hədəf alan xəbərlər olur. "Azadlıq" qəzetinin bütün amalı və hədəfi Azərbaycan dövlətçiliyinə zərbə vurmaq, ölkəyə mənfi imic qazandırmaq və Ə.Kərimlinin, AXCP-nin maraqlarının təmin olunmasına çalışmaqdır. Bu qəzet xarici qüvvələrin və anti-azərbaycançı dairələrin, bilavasitə AXCP-nin gizli xidmət etdiyi erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Məhz bu səbəbdən, bu qüvvələrin "Azadlıq" qəzetində bütün istək və maraqları təmin olunur. Həmin qüvvələrin birbaşa istək və tapşırığı olaraq bu qəzet fasiləsiz Azərbaycan dövləti əleyhinə şər və böhtan xarakterli fikirlər tirajlayaraq dövlətçiliyimizə qarşı düşmən mövqe sərgiləyir. Məsələ tam aydındır, çünki bu sekta orqanı media və mətbuat qaydalarından 360 dərəcə uzaq fəaliyyət göstərir. Qəzetin bütün fəaliyyət prinsipində obyektivlik, tərəfsizlik və qərəzsizlik kimi media qanunları kobud şəkildə pozulur. Fəaliyyət predmeti sadəcə bir məsələdən ibarətdir: Ə.Kərimli və AXCP-nin maraqlarından çıxış etmək və Azərbaycan dövlətçiliyini hədəfə almaq. Bu qəzetin bütün qayəsi və amalı bundan ibarətdir".

"Pulsuzluqdan şikayət edən adam xaricdə telekanalı necə açır?"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Azadlıq" qəzeti ilə bağlı mühüm detalları qəzetimizə açıqladı: "Əvvəla, sual etmək lazımdır: qəzetin rəhbəri bəyan edir ki, pulsuzluqdan "Azadlığ"ı dərc etdirə bilmirlər. Hətta zaman-zaman gözə kül üfürmək üçün qəzetin çapıını müvəqqəti olaraq dayandırırlar. Pulsuzluqdan "Azadlığ"ı dərc etdirə bilmədiyini bəyan edən bir adam bəs xaricdə "Turan" TV"-ni neçə açır? Hansı maliyyə hesabına? Ümumiyyətlə, "Azadlıq" qəzeti AXCP sədri Ə.Kərimlinin şəxsi istək və arzularına, onun şəxsi çıxarlarına xidmət edir. Eyni zamanda, Ə.Kərimlinin bağlı olduğu xarici təxribatçı dairələrin maraqlarına çalışır. Yəni "Azadlıq" qəzetinin fəaliyyəti Azərbyacan milləti və dövləti üçün təhdiddir. "Bu gün Azərbaycanda bütün sahələr üzrə əldə edilmiş inkişaf və siyasi sabitlik göz önündədir. Məhz inkişafımızı, tərəqqimizi və gücümüzü qısqanan qüvvələrdir ki, son vaxtlar özlərinin şər-böhtan maşınlarını yenidən işə salıblar. Biz bir neçə gün öncə "Freedom House", "Human Rights Watch" təşkilatlarının Azərbaycanla bağlı açıqladıqları qərəzli və qeyri-obyektiv hesabatlardan bunun şahidi olduq. Sadəcə, bunları ciddiyə almaq lazım deyil".

Samir

Digər xəbərlər