Son vaxtlar müxalifət düşərgəsində rüsavyçı olaylar fonunda diqqətçəkən mövzulardan biri də kimin əsl müxalifət olması ətrafında aparılan söz savaşıdır. Xüsusilə də, AXCP sədri Ə.Kərimli və "Milli Şura"nın rəhbəri C.Həsənli iddia edirlər ki, siyasi düşərgədə yeganə müxalifət partiyası AXCP əsl qurum isə "Milli Şura"dır. Təbii ki, bu ironiya doğurmaya bilməz. Çünki iddialar əsassız və məntiqsizdir. "Təkamül" partiyasının sədri Teyyub Qənioğlu "Səs" qəzetinə açıqlamasında Ə.Kərimli və C.Həsənlinin iddialarını "Toplan" multfilminin qəhrəmanından isal çəkməklə məsələyə münasibət bildirməyə çalışdı: "Multfilmin süjet xətti belədir ki, səhər-səhər günəş aşağıda olanda, Toplan narazılıq edir ki, mən balacayam, günəş yuxarı çıxanda, Toplanın kölgəsi böyük görünür və özünü böyük görür. Yenə də gün batanda kölgəsi aşağı düşür və Toplan yenə də özünü balaca görür. Yəqin Ə.Kərimli və C.Həsənli özlərinə günəş pik nöqtədə olanda, baxırlar və kölgələrini böyük görürlər, bu baxımdan özlərini böyük bir şey hesab edirlər. Ümumiyyətlə, bunların fəaliyyəti göz qabağındadır. Bu günə qədər bunlar irəliyə doğru heç bir addım ata bilməyiblər. Belə olan halda, hardan göründü bunların liderliyi, böyüklüyü, aparıcı olmaları? Yəni bunun bir meyarı olmalıdır ki, hansı göstəricilərə görə bunlar özlərini aparıcı sayaraq öndə görürlər. Amma müxalifətin fəaliyyətində belə bir göstərici görmürəm".
T.Qənioğlu iddialı müxalifətə ibrət dərsi ola biləcək misal çəkərək dedi: "Misal var, deyərlər, "əgər heç kəs səni tərifləmirsə, heç olmasa özüm-özümü tərifləyim". Yəni özləri-özlərini tərifləyirlər və öz dediklərinə də özlərini inandırmağa çalışırlar. Amma insan heç olmasa gərək öz fəaliyyətinə bir qıraqdan durub baxsın ki, fəaliyyətləri necə görünür. Ümumiyyətlə, nə AXCP-ni, nə də "Milli Şura"nı siyasi qurum hesab etmirəm. "Milli Şura" millilikdən uzaq olan bir şuradır. "Milli Şura" sifarişlə yaranan, başqalarının sifarişi ilə oturub-duran və öz fəaliyyətində milli mənafeləri əsas götürməyən bir qurumdur".
"Müxalifət düşərgəsində hər kəs yorğanı öz tərəfinə çəkməyə çalışır. Bu müxalifətin parçalanmasını şərtləndirən əsas amil olduğunu demək olarmı" sualına cavab olaraq, T.Qənioğlu bildirdi ki, müxalifət tamamilə tükənib, sosial dayaqlardan və maliyyə imkanlarından məhrum olunub: "Siyasi fəaliyyətlə məşğul olmaq üçün kifayət qədər maliyyə olmalıdır. Artıq bunların maliyyə mənbələri tükənib, yoxdur. Vəziyyətdən çıxmağın yolunu xaricdən maliyyələşməkdə və kiminsə sifarişini yerinə yetirməkdə görürlər. Bu yol isə səhv yoldur. Ümumiyyətlə, müxalifət partiyaları fəaliyyət göstərən gündən bu günə qədər hansı partiyanın öndə olması məsələsi gündəmdə olub. Müxalifət düşərgəsini təmsil edən şəxslərin bu cür hərəkətləri müxalifətin hər dəfə parçalanmasına gətirib çıxarıb. Daim bu kimi məsələnin başında da, AXCP və Müsavat partiyaları durub. Yəni AXCP və Müsavat partiyaları özlərini qabaqcıl, aparıcı, yeganə "ana" müxalifət partiyaları hesab ediblər. Bununla da müxalifətdə olan digər partiyaları kölgədə qoymağa çalışıblar. Məhz buna görə müxalifət partiyaları arzuolunmaz vəziyyətlə üzləşiblər".
"Necə düşünürsünüz, müxalifətin birləşməsinə ən böyük zərbəni AXCP və Müsavatın vurduğunu demək olarmı" sualını cavablandıran partiya sədri cavab olaraq bildirdi ki, nə qədər ki, AXCP və Müsavat partiyalarının başında indiki rəhbərlər durur, nə onların, nə də ki, müxalifətin birləşməsi mümkün olmayacaq: "Hazırda AXCP və Müsavat mehriban düşmənlərdir. Daim bunlar bir-birləri ilə mübarizə aparırlar. Bunlara xaricdən hər hansı bir sifariş olanda, qısa bir müddət ərzində hər hansı bir qurumda birləşirlər, amma nəticə əldə olmayandan sonra bir-biri haqqında qurşaqdan aşağı bütün sözləri deyirlər. Bu cür vəziyyətdə müxalifətin birləşməsindən söhbət gedə bilməz".
GÜLYANƏ