TƏRS BAXIŞ
AXCP sədrinin fürsətçilliyi onu iztehza obyektinə çevirib
AXCP sədri Ə.Kərimlinin sosial şəbəkə üzərindən yürütdüyü "siyasəti" tam sürətlə davam edir. Həm də fürsətçilliyi ilə, yəni harada baş verməsindən asılı olmayaraq, hadisələri Azərbaycanla bağlamağa cəhd edən Kərimli bu dəfə lövbərini İraq hadisələrinə salıb. Daha dəqiqi desək, hazırda Mosulda cərəyan edən qanlı toqquşmalarla bağlı guya oradakı türkmən soydaşlarımıza görə "narahatlıq hissləri" keçirdiyini "böyük təlaş" hissi ilə "tərənnüm" edən AXCP sədri indi də hakimiyyəti türkmənlərə dəstək göstərməməkdə ittiham edir. Bununla əslində, fürsətçil partiya sədri özünü istehza obyektinə çevirib. Çünki onun feysbukdakı səhifəsindəki fikirləri ciddiyə alınmayıb və istər dolayı, istərsə də birbaşa yolla ələ salınıb.
Bu adam bilmirmi ki, belə həssas, o cümlədən beynəlxalq siyasi məsələlərdə ehtiyatlı olmaq, dövlət maraqlarını qorumaq əsas vəzifədir?!
Söz yox ki, dünyanın istənilən ölkəsində yaşayan türksoylu xalqlar, o cümlədən, İraq türkmənləri tarixi baxımdan azərbaycanlılara yaxın olan soydandır və təəssüf ki, bir sıra siyasi-iqtisadi diplomatiya qaydaları buna imkan vermir ki, Azərbaycan İraq tükmənləri ilə bağlı qərarlar qəbul etsin. Sərhəd qonşusu olduğu İraq hökumətinə daha yaxın olan qardaş Türkiyə dövləti belə, onların müdafiəsi istiqamətində təmsil olunduğu Qərb hərbi koalisiyası ilə Mosula, o cümlədən, Kərkükə hərbi müdaxilə istiqamətli anlaşma tapmaqda çətinlik çəkir. Belə olan zaman AXCP sədrinin utopik düşüncələrə qapılaraq, qeyri-ciddi "təşəbbüslərlə" çıxış etməsi anormal yanaşmanın təzahürü kimi görünür. Məsələn, türkmən liderlərinin zamanında Türkiyənin onların müdafiəsi siyasəti ilə bağlı ciddi səhvlərə yol verməsi barədə fikirlərini yazan Kərimli dərhal bu məsələni yönəldir Azərbaycan hakimiyyətinin üzərinə. Maraqlıdır, bu adam bilmirmi ki, belə həssas, o cümlədən, beynəlxalq siyasi məsələlərdə ehtiyatlı olmaq, dövlət maraqlarını qorumaq əsas vəzifədir və hər hansı digər xarici ölkənin daxilində baş verənlərə birbaşa müdaxilə etmək, ümumiyyətlə, diplomatik çərçivəyə sığmayan bir addım olardı.
Azərbaycan iqtisadi və dövlət maraqlarını ayaq altına almalıdır ki, digər bir dövlətin daxili işlərinə qarışsın?
Digər tərəfdən, AXCP sədri "təəssübkeşlik etməyin, türkmən qardaşlarımızı dəstəkləməyin çoxlu məqbul, qanuni yolları" olduğunu iddia edərək keçid alır Belarusa (?!-R.N.). Sən demə, Azərbaycan hökuməti iqtisadi partnyoru Belarusa verilən ucuz (faktiki faizsiz) krediti, yaxud MDB ölkələri arasında əldə edilmiş razılaşmalar əsasında Tacikistana yönəldilən sərmayəni İraqa yönəldib, qarşılığında İraq hökumətindən türkmənlərin ən elementar hüquqlarına təminat almağa cəhd edə bilərmiş (??!!-R.N.). Maraqlıdır, Azərbaycan iqtisadi və dövlət maraqlarını ayaq altına almalıdır ki, digər bir dövlətin daxili işlərinə qarşısın? Dövlətlər arasındakı münasibətlərin kökündə, məhz diplomatiya qaydaları dayanır. Ə.Kərimli isə bu qaydaların hər birinə özünün dayaq düşüncə tərzi ilə yanaşır və hələ də ağlında naftalin iyi verən 90-cı illərin "siyasətini" reallaşdırmaq təşəbbüsünü irəli sürür. Bununla isə, bir daha sübuta yetirir ki, o başını feysbukda oturub özünəməxsus statuslar yazmaqla, sonradan isə onun yazılarına edilən "layklarla" xarab edib. Görünür, bu səbəbdən də xarab-xarab, lüzumsuz, mahiyyətsiz fikirlərini ictimai rəyə sırıyır və hesab edir ki, bu vasitəylə hakimiyyətin siyasətinə "zərbə vurur". Amma vurulan yenə də özü olur.
Bu gün Azərbaycanın özü erməni terroru ilə qarşı-qarşıyadır və torpaqlarının müəyyən hissəsi işğal altında qalmaqdadır. Belə olan vəziyyətdə Ə.Kərimlinin sərsəm fikirlərlə çıxış etməsi məntiqsizliyin ali göstəricisi kimi də qəbul edilə bilər və bu məntiqsizlik kimsəni təəccübləndirməməlidir. Çünki həmin məntiqsizliyin sahibi, məhz siyasətdə naftalin qoxusu verən AXCP sədri Ə.Kərimlidir!
Rövşən NURƏDDİNOĞLU