"Bu cür yol tutan müxalifətin qısa müddət ərzində tarixin arxivinə atılacağı şübhəsizdir"
Son vaxtlar müxalifət düşərgəsində rüsvayçı olaylar fonunda diqqətçəkən mövzulardan biri də kimin əsl müxalifət olması ətrafında aparılan söz savaşıdır. Xüsusilə də, AXCP sədri Ə.Kərimli və "Milli Şura"nın rəhbəri C.Həsənli iddia edirlər ki, siyasi düşərgədə yeganə müxalifət partiyası AXCP, real qurum isə "Milli Şura"dır. Təbii ki, bu, ironiya doğurmaya bilməz. Çünki iddialar əsassız və məntiqsizdir. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında dağıdıcı müxalif ünsürlərinin iddialrının xülyalardan başqa bir şey olmadığını bildirdi: "Aparıcı müxalifət və ya "ana" müxalifət olmaq kimi arzular hər zaman dağıdıcı müxalif partiya sədrlərinin istək və arzuları olub. Bu baxımdan da, Ə.Kərimli və C.Həsənli siyasi düşərgədə yeganə müxalifət partiyası AXCP, əsl qurum isə "Milli Şura"dır iddiası ilə çıxış etmələri xülyadan başqa bir şey deyil. Ümumiyyətlə, bu gün hansı "ana" müxalifətçilikdən və aparıcı müxalifətçilikdən danışmaq olar? Əlbəttə, danışmaq olmaz. Çünki bu günə qədər müxalifət ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlib, xalqın heç bir siyasi dəstəyini qazana bilməyib və hətta müxalifət öz düşərgəsində irəliyə doğru heç bir addım da ata bilməyib. Belə olan halda, müxalifətin hansı irəliləyişindən və hansı aparıcı müxalifət olmasından söhbət gedə bilər? Təbii ki, heç bir irəliləyişindən və aparıcı müxalifət olmasından söhbət gedə bilməz. Bu baxımdan, onların bu cür iddialarla çıxış etmələri hər kəsdə gülüş doğurur".
"Müxalifət düşərgəsində hər kəs yorğanı öz tərəfinə çəkməyə çalışır. Bu müxalifətin parçalanmasını şərtləndirən əsas amil olduğunu demək olarmı" sualına cavab olaraq, T.Novruzov deyib ki, müxalifətin sonu 10-15 il əvvəldən başlayıb. Demək olar ki, özləri özlərinin sonunu gətiriblər: "Müxalifət düşərgəsində siyasətin düzgün aparılmaması və onların biri-birinə qarşı olan şəxsi ambisiyaları müxalifətin bu cür çıxılmaz vəziyyətlə üzləşməsinə gətirib çıxarıb. Müxalifət düşərgəsində təmsil olunan şəxslər var gücləri ilə çalışırlar ki, hərəsi yorğanı öz üzərinə çəksin. Bu baxımdan da, onlar arasında həlli mümükün olmayan qarşıdurmalar baş verməkdədir".
"Necə düşünürsünüz, müxalifətin birləşməsinə ən böyük zərbəni AXCP və Müsavatın vurduğunu demək olarmı" sualına cavab olaraq T.Novruzov bildirdi ki, müxalifət düşərgəsinə ən böyük zərbəni elə AXCP və Müsavat partiyaları vurub. Bunun da səbəbi birinin digərindən üstün olmaq iddiası ilə bağlıdır: "Onsuz da bunlar bilirlər ki, onların hakimiyyətə gəlmək istəkləri heç vaxt reallaşmayacaqdır. Hakimiyyətdən əli üzülmüş siyasi bir qurumun yeganə çıxış yolu müxalifət düşərgəsində özünü qoruyub saxlamaq istəyidir. Bunun üçün də ona mane ola biləcək istənilən müxalif gücü sıradan çıxartmaq, gözdən salmaq, kənarlaşdırmaq və "ana" müxalifət imicini formalaşdırmaqdır. Beləliklə də, xaricidə olan qüvvələrə guya onlar aparıcı müxalifətdirlər görüntüsünü yaradıb onlardan maliyyə yardımları əldə etməyə ümüd edirlər. Bu cür yol tutan müxalifətin qısa müddət ərzində tarixin arxivinə atılacağı şübhəsiszdir".
GÜLYANƏ