Yaxud ABŞ-dakı seçki falsifikasiyası faktlarını yalnız AXCP sədri Əli Kərimlinin facebook trolları və "Azadlıq" qəzetinin facebook səhifəsindəki saxta profillərlə təkzib etməyə çalışırlar
Noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Əslində, aylar öncə start götürən bu seçki finala yaxınlaşdıqca daha çox diqqət cəlb etməyə başlayır. Xüsusilə də, ABŞ-ın dünyaya "demokratiya" ixrac etməsi prosesinin, Yaxın və Orta Şərq, ərəb ölkələrinə münasibətdə yürütdüyü aqressiv siyasətin fonunda bu ölkədəki seçkilərin hansı səviyyədə keçirilməsinə nəzər salanların sayı da hər gün artır.
Amerikalıların özləri belə seçkilərin demokratik və şəffaf tərzdə baş tutacağına inanmırlar
Aparılmış müşahidələrin nəticəsində bəlli olur ki, heç amerikalıların özləri belə prezident seçkilərinin demokratik və şəffaf tərzdə baş tutacağına inanmırlar. Hətta, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp seçkilərdə "ölü canlar" iştirak edəcək" deyərək səsvermənin saxtalaşdırılacağı barədə xəbərdarlıq edib. O, həmçinin, ABŞ KİV-lərini seçkiqabağı kampaniyanı qərəzçiliklə işıqlandırmaqda ittiham edib. Trampın sözlərinə görə, ABŞ KİV-lərində korrupsiya tüğyan edir: "Biz birlikdə fırıldaqçı və korrupsiyaya düçar olan mediaya qalib gələcəyik. KİV əməkdaşlarından çox rüşvətxor yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar korrupsiyalaşmış qruplardır".
Beynəxalq müşahidəçilər ABŞ-dakı seçkilərin beynəlxalq normalara uyğun gəlmədiyini bildirirlər
Beynəlxalq aləmin də noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinə münasibəti birmənalı deyildir. "Frankfurt Allgemeine Zeitung" məlumat verib ki, ATƏT-in müşahidə missiyasının rəhbəri Mixael Qeorq Link mətbuata müsahibəsində 6 milyon amerikalının seçkilərdən kənarlaşdırıldığını qeyd edir.
ATƏT-in Almaniyadan olan nümayəndəsi Yurqen Klimke isə "Bild" qəzetində müsahibəsində bildirib ki, ABŞ-da "beynəlxalq standartlara yüksəlmək zəruriliyi mütləqdir". Yurqen Klimke ABŞ-da keçiriləcək prezident seçkilərinin beynəlxalq normalara uyğun gəlmədiyini bildirib. Məsələn, saat fərqinə görə, bir ştatda nəticələr elan olunduğu zaman, o biri ştatda seçkilər hələ də bitməmiş olacaq. Klinkenin sözlərinə görə, bu, "seçicilərə" əsassız təsir deməkdir.
ABŞ-da seçkilər yüksək siyasi dairənin iradəsi əsasında lazımi istiqamətə yönləndirilir
Mətbuata sızan məlumatların bəziləri isə təsdiqləyir ki, ABŞ-da seçkilər yüksək siyasi dairənin iradəsi əsasında lazımi istiqamətə yönləndirilir. Məsələn, istintaqda olan 2,6 milyon vətəndaş artıq cəzalarını çəkiblər, lakin onlar seçkilərə qədər azadlığa buraxılmayacaqlar. Yaxud 2000-ci il prezident seçkisi marafonunda Corc Buş Albert Qora uduzurdu, amma səsvermədən sonra qutudan məhz Buş çıxmışdı. Alberk Qor bu barədə əlində faktlarının olması barədə bəyanat verməyə hazırlaşdığı zaman, ABŞ-ın müəyyən siyasi dairələri onu axmaqlıq etməməyə dəvət etmşdilər. Lakin sonradan bu məsələ KİV-lərdə işıq üzü gördü və reallıq üzə çıxdı. Obamanın seçki marafonunda isə ABŞ vətəndaşı olmayan bir sıra insanlara səs vermələri müqabilində vətəndaşlıq statusu almaları vəd edilmişdi.
Azərbaycan ictimaiyyəti də ABŞ-dakı seçkiləri diqqətlə izləyir
Əlbəttə ki, ABŞ-da keçirilən seçkiləri dünya xalqları kimi Azərbaycan ictimaiyyəti də diqqətlə izləyir. Ona görə yox ki, bu seçki maraqlı keçir. Səbəb odur ki, ABŞ hər dəfə Azərbaycanda seçkilər keçirilərkən "beşinci kolon"un məlumatlarına əsaslanaraq ölkəmizə təzyiq etməyə, seçkilərlə bağlı nəsə öyrətməyə cəhd edir. Bu dəfə də Azərbaycan ictimaiyyəti müşahidələr aparır və ABŞ-da nələrin baş verdiyini əyani şəkildə görür.
Sosial şəbəkələrdə ABŞ-dakı seçkilər fəal müzakirə edilir
Azərbaycanda sosial şəbəkə istifadəçiləri ABŞ-dakı seçkiləri daha fəal müzakirə edirlər. Seçkilərin gedişatı ilə bağlı faktları və arqumentləri ortaya qoyan sosial şəbəkə istifadəçiləri ABŞ-ı dünyanın "demokratiya beşiyi" adlandıranlara suallar da ünvanlayıblar. Məsələn, Ramil Vəlibəyov adlı istifadəçi qeyd edir ki, "hər kəsə demokratiya dərsi keçməyə öyrəşmiş ABŞ-da, əslində, vəziyyət necədir? Niyə səsverməni izləmək üçün beynəlxalq müşahidəçilər Amerikaya buraxılmır? Nə üçün bu ölkənin 50 ştatından yalnız 3-ü beynəlxalq müşahidəçiləri ərazisinə buraxır? Görəsən, nə demokratları, nə də respublikaçıları dəstəkələyən milyonlarla amerikalının, siyasi sistemdəki çatışmazlıqlar üzündən qeydiyyata alınmayaraq seçki prosesindən kənarda qalan digər partiyaları dəstəkləyən elektoratın hüquqlarını kim bərpa edəcək?" Bütün bu sualların cavabları verilmir. Elə yəqin ki, budur ABŞ "demokratiyasının təntənəsi".
Lamiyə Rövşənqızı isə yazır ki, görək bu oyunda kim qalib gələcək. Baltikyanı dövlətlər Krım əhvalatından sonra əllərini Amerikadan üzüblər" "Artıq inam itib. Hətta deyilənə görə, hakimiyyətə Tramp gələrsə, bir çox dövlətlər Ukraynanın gününə düşə bilər".
Eldəniz Zeynalov da maraqlı fikirlər bildirib: "Amerikanın eks nazirlərindən birinə sual olunur ki, "ABŞ necə oldu ki, belə bir qüdrətli güclü dövlətə çevrildi?" Eks nazir cavab verir ki, biz öz ölkəmizdəki vətən xainlərinin hamısının başını əzdik, məhv elədik, amma başqa ölkələrdəki vətən xainlərini milli qəhrəmana çevirdik. Ona görə də, ABŞ-ın dünya dövlətlərinə diqtə etdiyi demokratiya dərsi, əslində, ölkələri təsir altına salmaqdan başqa bir şey deyil".
Sevinc Abdullayeva adlı istifadəçi daha maraqlı məsələyə toxunaraq müzakirəni belə sonlandırır: "ABŞ həmişə bəyan edir ki, seçki prosesində dövlət resurslarından istifadə etmək olmaz, əks- təqdirdə seçkilərin legitimliyi şübhə altına alına bilər. Amma özləri nəinki dövlət, hətta erməni lobbisinin çirkli pullarından belə istifadə edirlər..."
Göründüyü kimi, sosial şəbəkələrdə ABŞ-dakı seçkilər kifayət qədər arqumentli şəkildə müzakirə edilir və konkret fikirlər yazılır.
Trollar və saxta profillər də kömək olmadı
Bütün səsləndirilən faktları isə yalnız AXCP sədri Ə.Kərimlinin facebook trolları və "Azadlıq" qəzetinin facebook səhifəsindəki saxta profilləri əsassız və obyektivlikdən uzaq fikirləri ilə təkzib etməyə çalışırlar. Əlbəttə ki, tutarlı arqumentlər ortaya qoya bilməyən trollar "qara piar" texnologiyasından istifadəyə üstünlük verir. Məsələn, ABŞ-dakı seçkilərin demokratik keçəcəyinə şübhə ilə yanaşan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin açıqlamasını yerləşdirən "Azadlıq" qəzetinin facebook səhifəsinin ştatlı əməkdaşları əvvəlcədən hazırlanmış ssenari üzrə saxta profillərlə, reallıqdan uzaq fikirlərlə vəziyyəti düzəltməyə, daha doğrusu, erməni lobbisinin ciddi tapşırığını yerinə yetirməyə çalışırdılar. Lakin hər zaman olduğu kimi, bu dəfə də fiaskoya uğrayan trolların fəaliyyəti yenidən facebook istifadəçilərinin ciddi qınağı ilə qarşılaşaraq geri çəkilməli oldu. Cəbrayıl Fərzəliyev haqlı olaraq bildirib ki, hər zaman demokratiyadan, insan hüquq və azadlıqlarından, qanunun aliliyindən, fikir, söz azadlığından danışan, bir sözlə, özünü demokratiyanın carçısı kimi qələmə verən "Azadlıq" qəzeti öz səhifələrində paylaşdıqları yazılara onların mövqeyinə, tutduqları yola uyğun olmayan şərhlər yazıldıqda dərhal həmin şərhləri blok edirlər. Sözün hər mənasında, bu demokratiya carçılarının özlərini bu cür gülünc vəziyyətə salması, əslində, heç kəsi təəccübləndirmir çünki siz radikalların məqsədi yalnız hakimiyyətə gəlməkdir, demokratiya uğrunda çarpışmaq yox..."
"Azadlıq" qəzeti erməni lobbisinin ruporudur
Beləliklə, ABŞ-da keçirilən seçkilərin aktiv müzakirə edildiyi sosial şəbəkələrdəki fikirlərə aqressiv münasibət bildirən "Azadlıq" qəzeti bir daha erməni lobbisinin ruporu olduğunu isbatladı. Azərbaycana qarşı Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq qərəzli qarayaxma kampaniyasının ölkəmizdəki lokomotivi olan "Azadlıq" qəzeti və xaricə sığınan bəzi "azərbaycanlı jurnalistlər" də öz davranışları ilə xarici anti-Azərbaycan şəbəkənin, xüsusən də, erməni lobbisinin bu məqsədinə dəstək verdiklərini ortaya qoydular. Təəssüf və hiddət doğuran məsələ budur ki, Ə.Kərimli, Emin Milli, Emin Hüseynov, Mehman Hüseynov, Qənimət Zahid kimilər "peşka" qismində çıxış edərək "beşinci kolon"un ideoloji ruporu funksiyasını canfəşanlıqla icra edirlər. Azərbaycan xalqı və dövləti üçün ən əsas problem olan Qarabağ məsələsində aşkar şəkildə antimilli mövqe nümayiş etdirən "Azadlıq" qəzeti ABŞ-da keçirilən seçkiləri müdafiə etməyi daha üstün tutur.
"Səs" Analitik Qrupu