PDF Oxu

Müxalifət

  • 2 214

Əli Həsənovun Türkiyə səfəri ölkələrimiz arasında mövcud olan strateji dostluğun təzahürüdür

image

SİYASİ BAXIŞ

Müasir geosiyasi şəraitdə Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Bütün sahələrdə əlaqələr uğurla inkişaf etməsi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Qarşıda olan perspektivlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə mühüm müzakirələr aparılıb

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyə Respublikasında səfərdə olan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov orada bir sıra mühüm görüşlər keçirib. Belə ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Keçirilən görüşlərin ölkələrimiz üçün bir sıra səmərələri də mövcuddur

Təbii ki, Əli Həsənovun səfəri çərçivəsində iki qardaş ölkə arasında strateji əməkdaşlığın genişlənməsi istiqamətində keçirilən görüşlərin ölkələrimiz üçün bir sıra səmərələri də mövcuddur. Bu baxımdan, Əli Həsənovun Türkiyə səfəri Azərbaycan dövləti ilə Türkiyə arasında uzun illər davam edən strateji dostluğun və qardaşlığın təzahürüdür.

O da sirr deyil ki, son zamanlar regionda baş verən proseslərdən Türkiyəyə də müəyyən təsirlər olub. Xüsusilə, qardaş ölkə 15 iyul hərbi çevrilişinə cəhd zamanı və ondan sonra ciddi sınaqlardan keçdi. Fətullah Gülənin rəhbəri olduğu "FETÖ" ilə bağlı Türkiyənin yaşantıları, onun Azərbaycanla bağlı tərəfləri bu dövr ərzində iki ölkənin siyasi elitası və hökumət təmsilçiləri arasında geniş müzakirə predmeti olub. Bu isə, belə anlaşıla bilər ki, Əli Həsənovun səfərində müzakirə üçün digər əhəmiyyətli mövzularla yanaşı, bu kimi mühüm məsələ də xüsusi yer tutub. Cənab Əli Həsənovun görüş keçirdiyi şəxslərin əhatəsi onu göstərir ki, iki ölkə arasındakı strateji əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir.

Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb və bu mövcudluq daimidir

Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.

Qeyd etmək yerinə düşərdi ki, Türkiyə dövləti də beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri daim müdafiə edərək dəstəkləyib. Ümumiyyətlə, bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb və bu mövcudluq daimidir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər