Aprel şəhidlərinin adına verilmiş ehsan süfrəsinə "Yurd" şefindən həqarət
Əli Kərimlinin sədri olduğu AXCP-yə alternativ Xalq Cəbhəsi partiyasını yaratmış Razi Nurullayevin tərəfdarları Ə.Kərimlinin mühacir biznesini ifşa edən açıqlama ilə çıxış ediblər. Əldə etdiyimiz məlumata görə, R.Nurullayevin rəhbərlik etdiyi AXCP-nin mətbu orqanına müraciət etmiş və hazırda Avropada yaşayan Azər Məmmədli kifayət qədər ciddi ittihamlarla çıxış edərək bildirib ki, Ə.Kərimlinin adamları "Yurd" şefini dəstəkləməyənlərə müxtəlif cür təzyiqlər göstərirlər. A.Məmmədli bildirib ki, kərimliçilər onlar haqqında şər-böhtan xarakterli xəbərlər paylaşırlar və bu məsələdə əsas ilhamverici "Azadlıq" qəzetinin baş redaktoru, hazırda mühacirətdə yaşayan Qənimət Zahiddir.
Azər Məmmədli: "Əli Kərimli və onun yandaşları öz maraqları naminə hər bir murdar əmələ əl atırlar"
3 il öncə Almaniya mühacirət edən A.Məmmədli qeyd edib ki, Q.Zahid istər xaricdən yayımlanan televiziyalarda aldığı efir vaxtlarında, istərsə də "Azadlıq" qəzetində onlara şər-böhtan kampaniyası aparır. Hətta milli-mənəvi dəyərlər, dövlət maraqları belə nəzərə alınmır. Belə ki, bu günlərdə aprel şəhidlərinə verilmiş ehsan zamanı da eyni vəziyyət yaşanıb. SİTAT: "Biz aprel döyüşlərindən sonra şəhidlərin xatirəsinə Almaniyada ehsan süfrəsi verdik. Bu işdə Kölndə yaşayan türklər də bizə çox kömək etdilər. Ancaq "yurd"çular burada da öz xislətlərini göstərdilər. Bizim türklərlə birgə çəkdirdiyimiz şəkilin üstünə "saxta mühacirlər" yazıb paylaşdılar".
"Qənimət Zahidin böhtan xarakterli yazılar yazması təbii ki, Ə.Kərimlinin tapşırığıdır"-deyə qeyd edən Məmməli, həmçinin, bildirib ki, Almaniyadakı mühacirlərin əksəriyyəti Ə.Kərimliyə qarşı antipatiya hissi yaşayırlar: "Ə.Kərimli də bizdən bunun qisasını almağa çalışır. Ancaq yanlış yol seçiblər. Məni Almaniyada, demək olar ki, hər kəs tanıyır və hörmət edir. Ancaq Ə.Kərimli və onun yandaşları öz maraqları naminə hər bir əmələ əl atırlar".
Bütün prosesə Azərbaycanda Əli Kərimli, Almaniyada isə Qənimət Zahid nəzarət edir
A.Məmmədli "yurd"çuların bu əməllərindən sonra hətta Q.Zahidlə danışdığını da deyib və qarşı tərəfin guya yanlışlıqla onların şəkillərini verdiyini bildirib: "Niyə belə etdiklərini soruşdum. Q.Zahid mənə dedi ki, bu sizinlə bağlı olan məsələ deyil. Sizin şəklinizi paylaşmaqda səhv etmişik. Bir yanlışlıq olub. Təbii ki, Q.Zahid dediklərində heç də səmimi deyil. O, bilərəkdən bunu edib. Çünki Q.Zahid də daxil olmaqla onların bu şəbəkələrində olan hər həs məni yaxşı tanıyır. Onunla bu əməllərilə təkcə bizə yox, aprel döyüşlərində şəhid olmuş Azərbaycan oğullarına qarşı da hörmətsizlik etdilər. Onlar göstərdilər ki, əslində, Azərbaycan, vətən, torpaq onlar üçün önəmli deyil. Onlar üçün əsas önəmli olan öz cibləridir". R.Nurullayevin tərəfdarı, eyni zamanda, vurğulayıb ki, Ə.Kərimlinin ətrafında olan Q.Zahid kimi adamlar hər şey etməyə qadirdilər: "Əslində, Q.Zahidin bunu niyə etdiyi bizə məlumdur. Burada yaşayan azərbaycanlıların hamısı bilir ki, biz yaxın vaxtlara böyük bir tədbir keçirib, AXCP olaraq, R.Nurullayevi tanıdığımızı və onu dəstəklədiyimizi bəyan edəcəyik. Ona görə də Q.Zahid təbii ki, Ə.Kərimlinin tapşırığı ilə bizə qarşı bu cür çirkin oyunları quraşdırır".
3000 avro qarşılığında arayış verilir və həmin şəxsi burda Qənimət Zahid hava limanında qarşılayır
Bu gün Almaniyada və ümumilikdə, Avropada kifayət qədər "saxta mühacirlər"in olduğunu deyən A.Məmmədli onların əksəriyyətinin Ə.Kərimlinin imzası ilə köçdüklərini qeyd edib: "Bunu özləri kimi hər kəs də yaxşı bilir. Onlar özlərini siyasi fəaliyyətə görə təzyiqlərə məruz qalmış kimi göstərirlər. Amma onların heç siyasətdən anlayışları yoxdur. Mən Q.Zahidə demişdim ki, bizim haqqımızda yazdıqların, əslində, sizin gördüyünüz işlərdir. Onlar 3000 avro qarşılığında hər kəsə saxta arayış verir və mühacirətə göndərirlər. Bütün prosesə Azərbaycanda Ə.Kərimli, Almaniyada isə Q.Zahid nəzarət edir. 3000 avro qarşılığında arayış verilir və həmin şəxsi burda Q.Zahid hava limanında qarşılayır. Bütün bunları burda hər kəs bilir".
Mən onlardan fərqli olaraq şərəfli insanam!
A.Məmmədli istisna etməyib ki, bu əməllərinə görə, o cümlədən, şəəxsiyyətlərini təhqir etdiklərinə görə, onlar Ə.Kərimlini, Q.Zahidi və onların ətrafındakı mühacirət biznesmenlərini məhkəməyə verəcəklər: "Bunlar bizə qarşı səhvə yol verdilər, cəzalarını da çəkəcəklər. Mən öz qanuni haqqımı tələb edirəm. Bunu Q.Zahidə də demişəm. Onları Avropa İnsan Haqları Məhkəməsinə verəcəm. Bu işin sonuna qədər gedəcəm. Məni Almaniyada hər kəs tanıyır, hörmət edir. Onlarsa mənim haqqımda yanlış informasiyalar yayaraq, mənfi imic formalaşdırmağa çalışırlar. Ancaq mən onlardan fərqli olaraq şərəfli insanam. Hüquqlarımı qanun çərçivəsində təmin edəcəm".
Xatırladaq ki, AXCP sədri mühacirət biznesində müxalifətin aparıcı adamlarından və monopolistlərindən hesab olunur və bu barədə mediada kifayət qədər videomateriallar, audioyazılar, eləcə də, yazılı sənədlər ictimai rəyin diqqətinə çatdırılıb.
Rövşən NURƏDDİNOĞLU