Birmənalı şəkildə faktlara və baş verənlərə əsaslanaraq demək olar ki, AXCP və Müsavat kimi xarici məkrli qüvvələrdən qidalanan ünsürlər, sözün həqiqi mənasında, çox əcaib-qəraib işlərlə məşğuldurlar. İş deyəndə ki, günlərini mənasız müzakirələrə, intriqalara sərf edir, xarici maraqlı qüvvələrlə geniş iş birliyi, əməkdaşlıq münasibətləri qurmaq və bununla da, əlavə maliyyə yardımları almaq üçün plan üzərində var-gəl edirlər. Söz yox ki, xarici qüvvələr də onlar üçün qəpik-quruş hesab olunan maliyyə vəsaitlərini əlaltılarına dədə xeyratı olaraq vermirlər. Qarşıya qoyulan öhdəlik Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi pozmaq sifarişləri olur. Bunun üçün əsas deyil, hansı vasitə və üsüldan istifadə edilsin. Görünən o olsun ki, sabitliyə xələl gələ biləcək ab-hava müşahidə olunsun. AXCP-Müsavat funksionerləri də ölkədə yaradılmış demokratik ab-havadan istifadə edərək, mövcud ictimai- siyasi sabitliyi pozmağa və bununla da xaricdən verilən sifarişləri yerinə yetirməyə səy göstərirlər. Təbii ki, xaos və iğtişaşlar olan yerdə demokratiya ola bilməz. Bu sadə məntiqi dağıdıcı müxalifət dərk etmir və ya dərk etmək istəmir. Xarici anti-Azərbaycan dairələrin çirkli pullarına şirniklənən dağıdıcı müxalifət funksionerləri ölkəmizi ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləməyə çalışırlar. Bu baxımdan, onların hərəkətləri müxalifətçilikdən çox-çox uzaqdır.
ASDP sədri Araz Əlizadə əlləri xarici məkrli qüvvələrin cibində olan dağıdıcı müxalifətin satqın olduğunu və belə mövqe tutanlarln yanında kiminsə qala biləcəyinin inandırıcı olmadığını söyləyib: "Satqınlıq və xəyanət yolu tutanlara kimsə, o cümlədən, yerli və xarici qüvvələr dəstək verməz. Himayədarlıq yalnız müvəqqəti xarakter daşıya bilər. Sonra isə, yollar ayrılacaq. İndiki müxalifət təmsilçiləri bu reallığı dərk etməlidir".
Təsir əks-təsirə bağlıdır
Dağıdıcı müxalifətin pozuculuğa və təxribatlara hesablanan siyasəti, bir daha onu deməyə əsas verir ki, onlar xalqa və dövlətə düşmən kəsiliblər. Yəni, öz məkrli planlarını və eləcə də, xarici qüvvələrin pozuculuğa yönələn sifarişlərini yerinə yetirmək üçün şeytanla belə əməkdaşlıq münasibətləri qurmaqdan çəkinməzlər. Fikir verin, hər fürsətdə ölkəmizə qarşı pislik etməyə çalışan müxalifət bu il sentyabrın 26-da keçirilən referendumla bağlı anormal mövqelər sərgilədi, müxtəlif mini-aksiyalar keçirdi. Müsavat partiyası imza toplaya bilmədiyi halda, günahı insanlarda axtardı və bununla da diqqəti özünə cəlb etməyə çalışdı. Məlumat üçün xatırlatmaq lazımdır ki, 2013-cü il prezident AXCP ABŞ-ın Milli Demokratiya İnstitutu tərəfindən "Facebook layihəsi"nə görə, 2 milyon ABŞ dolları məbləğində vəsait almışdır. Bu baxımdan Müsavat partiyası referendumla bağlı proseslərə çirkin formada qatılmaqla ilkin mərhələdə diqqəti cəlb etmək və sonrakı proseslərdə daha çox qazanmağa ümid bəsləmişdir. Amma fakt budur ki, bu kimi cəhdlər nəticəsiz qaldı. Çünki onlar cəmiyyətdə qəbul olunmur, ictimaiyyət arasında hörmətə və nüfuza malik deyillər. Çıxış yolu, yalnız qeyd etdiyimiz kimi, Milli Demokratiya İnstitutu formatında xarici donorlardan və fondlardan maliyyə yardımı almaq dayanır.
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Müsavatın bəd niyyətinin iflası fonunda partiyanın da dağılmasının başlıca günahkarının Arif Hacılı və İsa Qəmbər olduğunu bildirib: "İsa Qəmbər elə bir adamdır ki, zamanında öz lideri Elçibəyə güzəşt etməyib. Öz böyüyünə qarşı çıxıb. Ona görə də, indiki məqamda öz etdiklərinin acı bəhrəsini görür. Müsavtın dağılması ilə İ.Qəmbərin də siyasətdə sonu olacaq".
Maraqlı məqam ondan ibarətdir ki, dağıdıcı müxalifət partiya sədrləri xarici maraqlı qüvvələrin diqqət mərkəzinə çevrilmək üçün bəzən şou yaradıb, məzhəkə qurmaqdan belə çəkinmirlər. Bu vasitədən daha çox Müsavat və AXCP funksionerlərinin cəhd etdikləri müşahidə olunur. Bəzən bu cür primitiv formatlardan istifadədə sözügedən şəxslər bir-birinə güzəştə belə getmək istəmirlər.
"Milli Şura"nın sədri Cəmil Həsənli ABŞ-a səfərindən qıcıqlanan Müsavat başqanı A.Hacılı bir növ qaç-qovnan Avropaya səfərə getdi. Avropda partiya vəsiqələri satıb, Avropaya göndərdiyi müsavatçılarla görüş keçirən A.Hacılı Ə.Kərimli və onun sözçüsü Qənimət Zahid haqqında təhqiramiz ifadələr və firkirlər səsləndirib. A.Hacılı Ə.Kərimlinin sədrliyi dönəmində cəbhəçilərlə müsavatçıların əməkdaşlığının mümkün olmadığını və Avropada da bu çağırışa əməl etməyin vacibliyini söyləyib. Məlumata görə, toplantıda iştirak edən bəzi müsavatçılar ona öz etirazlarını bildirmişlər. Eldəniz Yusupov kimi etirazçılar A.Hacılı ilə eyni masada oturmaqdan imtina edərək, zalı tərk ediblər.
Bütün bu kimi müxalifət daxilində baş verənlərə əsaslanaraq, onu demək olar ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin birgə fəaliyyət göstərmələri qeyri-mümkündür. Onların milli maraqlardan çıxış etmələri də çətin məsələdir. Birincisi, ona görə ki, hər bir partiya sədri özünü aparıcı sima kimi görmək istəyir. Rəqiblərinin mövcudluğu isə qarşıdurmalar yaradır. İkincisi isə, maddi və mənəvi dəstək almaq üçün xarici himayədarlara ehtiyac duyurlar. Məhz bu amillərə görə, müxalifət liderləri sağlam düşüncə daşıyıcısı heç zaman ola bilməz. Bu isə, ikrah və nifrət doğurur.
İ.ƏLİYEV