PDF Oxu

Müxalifət

  • 2 480

Xədicə İsmayıl - Əli Kərimli savaşı qızışır

image

"Siyasi məhbus" siyahısı üstündə baş verən qırığının görünməyən tərəfləri

AXCP sədri Ə.Kərimlinin "Azadlıq" radiosunun sabiq əməkdaşı, hazırda "hüquq müdafiəçi"liyi ilə məşğul olan Xədicə İsmayılla savaşı davam etməkdədir. Xatırlatmaq lazımdır ki, hər iki şəxs uzun müddət hakimiyyətə qarşı dağıdıcı və aşırı radikallıqları ilə seçilməklə yanaşı, eyni zamanda, eyni əhatə dairəsindən çıxış edirdilər. Hazırkı məqamda isə Ə.Kərimli ilə X.İsmayıl ayrı-ayrı düşərgəyə transfer olunublar. Buna səbəb isə yazının əvvəlində qeyd olunduğu kimi, "siyasi məhbus" məsələsidir. Artıq bəllidir ki, X.İsmayılın Avropa və beynəlxalq insan haqları təşkilatlarına təqdim olunacaq siyahısı Ə.Kərimlinin rəhbərlik etdiyi "işçi qrup" tərəfindən rədd edilib.

Yeri gəlmişkən, AXCP sədrinin rəhbərlik etdiyi "işçi qrup"da "Milli Şura"nın sədri C.Həsənli və "hüquq müdafiəçisi" Oqtay Gülalıyev təmsil olunur. Onlar qondarma siyahılarına 166 nəfərin adını qeyd edib, Qərb ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndəriblər.

X.İsmayılın rəhbərlik etdiyi "qrup" isə "siyahıya" 94 nəfərin adını yazıb. O, yerdə qalan 45 nəfərin adının dəqiq olaraq "siyasi məhbus" kimi qeydə alınması üzərində tərəddüd edib.

Daha bir məsələ Ə.Kərimlinin "siyahısındakı" 120 nəfərin, bilavasitə Nardaran hadisələri zamanı həbs olunanların adlarının qeydə alınmasıdır. Halbuki bu adamlar birbaşa Azərbaycan Konstitusiyasının qanunlarına qarşı çıxıblar və dövlət quruluşunun pozulmasına yönəlmiş cinayət törədiblər. X.İsmayıl isə AXCP sədrinin müavini F.Qəhrəmanlının da adının qeyd olunduğu həmin "siyahını" qəbul etməyib.

Bütün bunların bir məsələ ətrafında baş verməsi arxasında əsas məsələ maddiyyatdır. Ümumiyyətlə, hər dəfə bu cür məsələlələr ortaya çıxanda, tərəflər arasında anlaşılmayan amil "siyasi məhbus" siyahısı üzərndə ortaq məxrəclərə gələ bilməməkdir. Ona görə də, Ə.Kərimlinin X.İsmayılın siyahısına etiraz etməsini də bu məsələyə bağlamaq olar. X.İsmayıl AXCP sədrinin siyahısında daha çox "Nardaran işi" üzrə məhbuslara yer verməsinin sifariş olduğu bildirir və "Yurd" şefinin İranın qaranlıq siyasi dairələri tərəfindən maddi ödəniş şərtilə sifariş aldığını qeyd edir.

Amma sirr deyil ki, X.İsmayılın da qondarma siyahısı Qərbin anti-Azərbaycan dairələri tərəfindən pul müqabilində hazırlanıb. Bu barədə növbtəti yazımızda təfərrüatları ilə qeydlər edəcəyik. AXCP sədrinə gəlincə, onun son illər din pərdəsi altında siyasət yürütməsi, bu siyasət altında maddiyyat güdməsi də kimsəyə sirr deyil. Məsələn, sosial baza sarıdan ciddi qıtlıq yaşayan Kərimli özünə real dəstəyi radikal dindarlar arasında axtarmağa başladı və bunun üçün onun Nardaran məsələsindən başqa seçim yolu yox idi.

Bunun ardınca isə Fətullahçı terror təşkilatı "FETÖ" məsələsində də Ə.Kərimlinin adı hallanmağa başladı. Yəni məzhəb baxımından üst-üstə düşməyən hər iki olaylardan Kərimli özünəməmxus şəkildə faydalanmağa cəhd edib. Çünki bu məsələlərin hər ikisi bir amala - terrora xidmət edib. Əbəs yerə deyil ki, "Milli Şura"nın referendumdan öncə baş tutmuş uğursuz sentyabr mitinqlərində də meydandakı elektoratın 50%-dən çoxu radikal dindarlardan ibarət olub. Məsələn, Ə.Kərimli və C.Həsənli çıxışında dəfələrlə dəstəyə görə radikal dindarlara öz təşəkkürünü bildirdilər, hətta ateistlərlə dindarların (?!-R.R.) bir arada cəmləşməsi məsələsinə də toxundular. İstər sünnilik məzhəbi üzərində qurulmuş radikal təmayüllü "FETÖ", istərsə də şiəlik məzhəbi üzərində saxtaloaşdırılaraq ssenariləşdirilmiş digər radikal dini dairələr Azərbaycanda inkişaf etmək üçün imkan əldə edə bilmədilər. Onlara isə siyasi dəstək mütləq lazım idi. Bunun üçün isə hər an səmtini dəyişə biləcək Ə.Kərimli tipli partiya sədri ən əlverişli seçim oldu. Ancaq Ə.Kərimli bu dairələrin ümidlərini doğrulda bilmədi, bu baxımdan, xilasını "siyasi məhbus" siyahısı hazırlamaqda gördü.

Maraqlı və sübutedici məqamlardan biri də AXCP sədrinin hər zaman bu faktoru ehtiyatda saxlamasıdır. Daha bir neçə xatırlatma edək. Məsələn, Ə.Kərimlinin hələ ötən il "Məhsul" stadionunda keçirdiyi mini aksiyada radikal dini təşkilat - "İŞİD"in bayrağı qaldırılmışdı. Bu da azmış kimi, Kərimlinin Avropada mühacir həyatı yaşayan əmisi oğlu İnqilab Kərimov AXCP-yə dəstək verməyən siyasi partiyaları, o cümlədən, hakimiyyət nümayəndələrini "İŞİD"lə təhdid etmiş, bu terror təşkilatını dəstəkləyicilərini Azərbaycana daxil olub baş kəsməyə çağırmışdı.

Beləliklə, Ə.Kərimlinin "siyasi məhbus" siyahısında X.İsmayılla uzlaşmayan iddialarının kökündə maddi maraqların və elektorat toplamaq cəhdlərinin izi aşkar şəkildə görünməkdədir. AXCP sədri bu imkanı əlindən buraxmaq istəmir və hətta zamanında yaxın dəstəkləyicilərindən olan X.İsmayılla qarşıdurmaya gedir. Belə bir vəziyyətin radikal və dağıdıcı düşərgəyə yaxşı heç nə vəd etməyəcəyini bəri başdan proqnozlaşdırmaq mümkündür. Bütün hallarda biz növbəti dəfə bunun şahidinə çevriləcəyik.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər