PDF Oxu

Müxalifət

  • 3 206

Müxalifət antoqonist davranışlardan qaça bilmir

image

Əjdər Əliyev: "Müsavatın cəhdi nəticəsiz olduqda "günah keçisi" axtarmaq üçün baş sındırmağa lüzum qalmayacaq"

Zaman-zaman müxalifətin texnoloqları düşərgə daxili pərakəndiliyi aradan qaldırmaq üçün müxtəlif ideya və təkliflərlə çıxış edirlər. Bu sırada AXP sədri Pənah Hüseynin və ADP sədri Sərdar Cəlaloğlunun fəallığı daha çox diqqəti cəlb edir. Amma bu diribaşlıq etmək istəyən məxluqların birlik yaratmaq istəklərinin iflasa uğramasına baxmayaraq, uğursuz cəhdlərini hələ də davam etdirirlər. Böyük Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev "Səs" qəzetinə açıqlamasında cəhdlərin nəticəsiz qalmasının səbəbini düşərgədaxili intriqaların idarəolunmaz durumda olması ilə əlaqləndirib: "Şübhəsiz ki, müxalif qüvvələrin haqqında danışılan hissəsinin pərakəndəliyi və təsirsiz qüvvəyə malik olmasının arxasında müəyyən səbəblər durur. Təsir imkanlarını günü-gündən itirən siyasi partiya rəhbərlərinin liderlik, mənəmlik iddiaları, şəxsi ambisiyalarını partiyalarının ideoloji xətlərindən üstün tutmaları, biri-biriləri ilə barışmaz rəqabətdə olmaları onların düşdüyü acınacaqlı vəziyyəti şərtləndirən səbəblərdən hesab edilə bilər. Ona görə də zaman-zaman, xüsusilə, mühüm kampaniyalar ərəfəsində bəzi ümumi məsələlərdə razılığa gəlmələri barədə cəmiyyətə müəyyən mesajlar verməyə çalışsalar da, konkret mövzular söhbət mövzusu olduqda, antoqonist davranışlardan qaça bilmirlər. Bu ziddiyyətlər isə qarşı tərəflərin nəinki rəhbər strukturlarının, hətta bütün elektoratının bir-birinə qarşı kəskin ittihamlarla çıxış etmələrinə gətirib çıxarır. Ötən illərin təcrübəsi P.Hüseynin səmimi görünən cəhdlərinin bundan əvvəlki sonluqlarla nəticələnəcəyi ehtimalının artırdığını deməyə əsas verir".

"Xarici turnedən döndükdən dərhal sonra Arif Hacılı Əli Kərimli ilə bir araya gəlmək niyyətində olduğunu növbəti dəfə açıqladı. Demək olarmı ki, bununla bağlı A.Hacılıya xaricdən hansısa təlimat verilib" sualına cavab olaraq Ə.Əliyev bildirdi ki, əgər A.Hacılının Ə.Kərimli ilə görüşü xarici səfərlərdən aldığı təlimatlar əsasında baş verirsə, bunun təqdir edilməsi mümkün deyil: "Çünki "demokratiya" və "ədalət" ixrac edən xarici aləm nə indiyədək Azərbaycan xalqının əsas probleminin həllində ədalət prinsiplərini nəzərə almayıb, nə də ki, beynəlxalq hüquq normalarına əməl etməyib. Son nümunə qardaş ölkədə baş verənlərə Qərbin sərgilədiyi reaksiyadır. 15 iyul hərbi çevrilişini susqunluqla qarşılamaqla, xalqın azad iradəsinə sayqısızlıq göstərilməsi, Türkiyənin hər vəchlə regionda mövqeyinin zəiflədilməsinə çalışılması və onu parçalmaq üçün məkrli planların qurulmasına çalışan dairələrdən ölkəmizdəki siyasi proseslərə müsbət təsir edəcək xeyirli nəsə gözləmək mümkündürmü? Digər tərəfədən sosial bazanın günü-gündən zəifləməsi, liderlərə olan inam və etibarın yetərincə olmaması, təşkilatçılıq və birləşdiricilik keyfiyyətlərinin təkəbbür və iddialardan üstün olmaması bu günədək uzunmüddətli ortaq məxrəcə nail olmamağa imkan tanımayan əsas səbəb olub və bu səbəblər öz aktuallığını indi də saxlayır. Ona görə də qeyd etdiyiniz görüşlərin müvəqqəti olaraq gündəmdə qalmaq məqsədi daşımaqdan başqa heç bir ciddi mahiyyət kəsb etməyəcəyi hər kəsə, hətta onların özlərinə də aydındır".

"Nəyə görə Müsavat AXCP ilə bir araya gəlməyə israra edir" sualına BQP rəsmisi cavab olaraq qeyd etdi ki, Müsavatın bu cür mövqeyi partiyanın dominant statusda çıxış etməsinə cəhd, cəmiyyətə bu partiyanın daha konstruktiv, birləşməyə meyilli, təşəbbüskar olduğunu göstərmək məqsədi daşıyır: "Müsavatın cəhdi nəticəsiz olduqda isə, "günah keçisi" axtarmaq üçün baş sındırmağa lüzum qalmayacaq. Həm də digər tərəfədən Müsavat daxilində həmişəkindən daha artıq ziddiyyətlər özünü göstərməkdədir. Partiya rəhbərliyinin müxalifətin ümumi birliyinə can atmaq təşəbbüsü görüntüsü yaratması partiyadaxili ikitirəliklərdən fikirləri yayındırmağa xidmət edir. Ancaq görünən odur ki, nə partiyaların rəhbər orqanları, nə yerli strukturları, nə də ki, elektorat bazası inteqrasiya proseslərinə özlərini hazır hiss etmirlər. Ona görə adıçəkilən partiyalardan heç biri digərinin azacıq irəli çıxmasını həzm etmədiyindən və liderliyinə dözümsüz yanaşdıqlarından qısqanclıq və qarşılıqlı ittihamlarla dolu polemikalar və söz duellərinin yenidən baş qaldırması özünü çox gözlətməyəcək".

GÜLYANƏ

Digər xəbərlər