Yaxud Əli Kərimlinin trolları Dövlət Bayrağı Günündə belə dövlətimizi və bayrağımızı təhqir etməkdən çəkinmədi
Azərbaycan xalqı noyabr ayının 9-da mənliyimizi və kimliyimizi göstərən bayrağının gününü qeyd etdi. Bu bayraq günü münasibətilə Azərbaycanın bütün bölgələrində tədbirlər, konsertlər, yürüşlər, flaşmoblar təşkil edildi, Bayraq Gününün əhəmiyyətilə bağlı geniş məlumat verildi. Bütün dünya, bir daha gördü ki, Azərbaycan xalqı üçrəngli bayrağının daimi dalğalanması naminə birdir, bir yerdədir. Dövlət Bayrağı Gününün qeyd olunması sosial şəbəkələrdən də yan ötmədi. Sosial şəbəkələrin istifadəçiləri müxtəlif şeir və fikirlərin fonunda üçrəngli bayrağımızı paylaşdı, sevgisini və hörmətini nümayiş etdirdi...
"Azadlıq" qəzeti noyabrın 9-da ancaq Trampı təbliğ etdi
Daim vətənpərvərlikdən dəm vuran AXCP sədri Ə.Kərimli, onun nəzarətində olan "Azadlıq" qəzeti isə Dövlət Bayrağı Günü ilə əlaqədar bir informasiya belə paylaşmadı, hətta gündəmi dəyişmək üçün ABŞ-dakı seçkiləri trend mövzuya çevirmək üçün əlindən gələni etdi. Bu da, bir daha onu isbat etdi ki, Ə.Kərimli, AXCP və "Azadlıq" qəzeti üçün milli dəyərlərimiz, dövlət atributlarımız, üçrəngli bayrağımız heç bir əhəmiyyət kəsb etmir.
Əlbəttə ki, belə bir vəziyyət heç kəsdə balaca da olsa şübhələr yaratmadı. Çünki bütün fəaliyyəti boyunca Azərbaycan dövlətçiliyinə qarşı mövqe tutmuş Ə.Kərimlidən, hər zaman erməni lobbisindən daxil olan direktivləri yerinə yetirən AXCP-dən, anti-Azərbaycan dairələrinin ruporu rolunu oynayan "Azadlıq" qəzetindən başqa addım da gözləmək sadəlöhvlük olardı. Təəssüf doğuran məqam ondan ibarətdir ki, başqa dövlətlərin müxalifət partiyaları nəinki xalqın milli-mənəvi dəyərlərini əks etdirən tarixi günləri qeyd edir, hətta dövlət atributlarından söhbət gedərkən, siyasi mənsubiyyətlərini unudur və dövlətçilik ətrafında birləşirlər. Amma Azərbaycanda dağıdıcı müxalifət partiyaları şəxsi və korporativ maraqları naminə, nəinki dövlətçiliyə qarşı çıxırlar, hətta qanlı tarixi mübarizələr nəticəsində ucaltdığımız bayrağımızı belə təhqir etməkdən çəkinmirlər.
Ermənilərin təbliğatı "Azadlıq" qəzetinin növbəti tapşırığıdır?
Azərbaycan xalqının dövlətçiliyini, milli dəyərlərini və atributlarını təhqir etməkdən çəkinməyən Ə.Kərimli, AXCP və "Azadlıq" qəzeti görünür, bu cür tapşırığı elə erməni lobbisindən alıb. Çünki "Azadlıq" qəzetinin "facebook" səhifəsində, ardıcıl olaraq, Ermənistanın təbliğatı aparılır. Belə bir formatda erməni lobbisindən tapşırıq alan Ə.Kərimli və onun nəzarətində olan "Azadlıq" qəzeti, reallıqdan uzaq məlumatlarla Ermənistanla Azərbaycanı müqayisə edir, üstünlüyü də elə işğalçı ölkəyə verməyə çalışır. Bununla öz aləmlərində ictimai şüur formalaşdıran Ə.Kərimli və onun nəzarətində olan "Azadlıq" qəzeti bir daha xəyanətkarlıqlarını ortaya qoyur, hətta anti-milli fəaliyyətlərini açıq şəkildə büruzə verirlər. Lakin hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycan ictimaiyyəti səssiz qalmadı və mövqeyini nümayiş etdirdi.
Məsələn, "facebook" səhifəsində Ramil Vəlibəyov adlı istifadəçi yazıb ki, son bir neçə gündür ki, "Azadlıq" qəzeti və Ə.Kərimli Azərbaycan xalqını hədəfə alaraq, onu aşağılamağa çalışır, hətta Ermənistanla müqayisələr apararaq, üstünlüyü işğalçı ölkəyə verir: "Bu, çox təəssüf doğuran haldır. Bu günə qədər AXCP-nin timsalında Ə.Kərimlinin çox anti-Azərbaycan əməllərini görmüşük. Amma Vətəni düşmən ayağına vermək, torpaqlarımızı işğal etmiş ölkəni tərifləmək, hətta soyqırımı törədənləri nümunə kimi göstərmək ancaq Ə.Kərimliyə və "Azadlıq" qəzetinə layiq xəyanət əməlləridir, onlara yaraşan fəaliyyətdir..."
Mövzu ilə bağlı fikirlərini bölüşən sosial şəbəkə istifadəçiləri də qəti düşüncələrini bildiriblər. Gülər Hüseynli adlı istifadəçi yazır ki, "onlar üçün vətən anlayışı deyilən bir şey yoxdur. Pul hər şeydir onlar üçün. Pul versən, hətta Azərbaycanı işğalçı dövlət də elan edər, necə ki edirlər".
Elşən Rəcəbov isə qeyd edib ki, Ə.Kərimli ölkənin dar günündə belə erməni maraqlarına xidmət edən, satqın və xəyanətkardır.
"Ermənistanda vəziyyət günü-gündən ağırlaşır. Ermənistanda cəmi 2 milyon insan qalıb. Bakı şəhərinin əhalisi ondan çoxdur. Ermənistanın büdcəsi isə Azərbaycanın Ordusuna ayrılan vəsaitdən qat-qat aşağıdır. Ə.Kərimli bilməlidir ki, Azərbaycan xalqı bu gün öz liderini seçib və Prezident İlham Əliyevin ətrafında birləşib" yazan Səməd Zeynalov adlı sosial şəbəkə istifadəçisi konkret mövqe nümayiş etdirib.
Göründüyü kimi, hər zaman anti-milli mövqeyini nümayiş etdirən AXCP sədri Ə.Kərimli, onun nəzarətində olan "Azadlıq" qəzeti bu dəfə də erməni lobbisinin siyasi sifarişini yerinə yetirməyə və ictimai şüuru çaşdırmağa çalışdı. Lakin hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycan ictimaiyyəti Ə.Kərimlinin və onun nəzarətində olan "Azadlıq" qəzetinin xəyanətkar mövqeyini qəti şəkildə pislədi, onlara yerini göstərdi...
"Səs" Analitik Qrupu