Bugünkü reallıq və təkzibolunmaz fakt ondan ibarətdir ki, siyasi fəaliyyətə başlayandan bu günə qədər müxalifət liderləri təmsil olunduqları düşərgədə birincilik uğrunda "amansız müharibə" aparırlar. Bu qovğa və qarşıdurmalar sonda ciddi problemlərin yaranmaslna gətirib çıxarıb. Daha doğrusu, partiya liderləri arasında formalaşmış birincilik mücadiləsi təşkilatların digər qurumlarına da sirayət edir. Beləcə, "düşmənçilik" hissləri sıravi üzvlərə də keçir ki, nəticədə, partiyalardan kütləvi qopmalar, bir partiyadan digər partiyalara transferlər baş verir. Proseslərə əsasən, demək olar ki, hazırkı mərhələdə daha cox AXCP-Müsavat qarşıdurması diqqəti çəlb edir. Xüsusilə də, Müsavatın "Milli Şura" deyilən qondarma qurumdan çıxmasından sonra iki partiya arasında münasibətlərin gərginləşdiyi müşahidə olunub. VHP sədri Sabir Rüstəmxanlı bildirir ki, müxalifətin ciddi iflasa uğramasının başlıca günahkarı AXCP və Müsavatdır. "Bu partiyaların ikisinin bir araya gələ bilməməsi həmişə birlik istəklərini reallaşdırmağa imkan verməyib. Vaxtilə "Demkonqres"in, "SİDSUH"un və digər qurumların dağılmasında da onlar rol oynayıb. AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və bir-birini qəbul etməməsi həmişə müxalifət düşərgəsində ciddi parçalayıcı amil olub".
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin sözlərinə görə, AXCP və Müsavat bir-birinə potoloji nifrət edən iki siyasi partiyadır. Onların ambisiyaları heç bir zaman imkan verməz ki, hər hansı bir məsələdə konsensus, razılaşma, ümumi fikir birliyi əldə olunsun: "Nəzərə alsaq ki, AXCP-nin Əli Kərimli kimi cığal, təkəbbürlü, konfliktə meyilli sədri var, o zaman bu, heç mümkün olmaz. Eyniadlı partiyalar öncəki illərdə imitasiya xətrinə də olsa birlik görüntüsü yarada bilirdilər. İndi heç o da yoxdur. "Milli Şura"nın iflasından sonra isə ümumən mövzuya qayıdılmır. Əksinə, meydanda qarşılıqlı ittihamlar, təhqirlər və söz atışmaları yer almaqdadır. Müsavat və AXCP arasında bundan sonra heç bir yaxınlaşmadan, müttəfiqlikdən, birlikdən söhbət gedə bilməz. Onlar ilan və yarpız qədər bir-birinə yaddırlar".
"Azadlıq" partiyasının sədri Əhməd Oruc o fikirdədir ki, AXCP-Müsavat funksionerlərinin savaşı qeybətçil və cılız iddialar üzərundə qurulan savaşdır: "Müsavatla AXCP arasında gedən bu "savaşın" üzdə görünən səbəblərinə nəzər saldıqda, bu mənzərənin qeybətçil, mənasız və cılız olduğu ortaya çıxır. İlkin olaraq, belə bir nəticəyə gəlinir ki, hər iki partiyada baş verənlər onların ciddi bir işi ortaya qoya bilmədikləri üzündən baş verir. Amma necə deyərlər, "Dəyirman öz işində, çax-çax baş ağrıdır".
Bir sözlə, görünən odur ki, AXCP ilə Müsavat arasında qarşıdurma sağalması mümkün olmayan xəstəliyə çevrilib. Bunun müalicəsi isə, hələ ki, tapılmır. Aradabir Müsavatın və ya AXCP-nin bəlli funksionerləri əllərində hazır reseptlə Qərbə və ABŞ-a dərman axtarışı üçün üz tutsalar da, nəticəsiz geri qayıdıblar. Səbəb yenə də, hər iki partiya yetkilisinin boyunlarından böyük iddialarla çıxış etmələridir.
İsa Qəmbərin yeni planları üzə çıxır
Müsavatın qara günlərinin partiyanın 8-ci qurultayından sonra başladığını desək, səhv etmərik. Çünki İ.Qəmbərin başqanlıqdan getməsi partiyadan yeni qopmaların baş verməsi ilə müşayiət olundu. Çoxları bunu A.Hacılının başqanlığa yaramamsı ilə əlaqələndirsə də, əslində, yığılıb qalan problemlərin yeni dönəmdə qabarıq şəkildə üzə çıxması ilə bağlıdır. Çox maraqlıdır ki, A.Hacılı sürətlə dağılmağa doğru hərəkət edən Müsavatdaxili vəziyyətə özünə məxsus şəkildə don geyindirməyə uğursuz cəhdlər göstərir. Bildirir ki, baş verənlər fikir plüralizmi və demokratik dəyişikliklərin nəticəsidir. Müsavat başqanının müavini Osman Kazımov isə "gedən prosesləri nəzərə alıb heç nədən çəkinmədən partiyada təmizləmə aparmaq lazımdır" deyir. Ya zəlzələdən, ya vəlvələdən ancaq onu demək olar ki, Müsavatın 8-ci qurultayından sonra A.Hacılıdan üz döndərənlərin sayı kifayət qədər cox olub.
"ADR" hərəkatının sədri Qubad İbadoğlu Müsavatdan ayrılamalarını başqan A.Hacılınln uğursuz siyasət aparmalarına etiraz etmələri ilə əlaqələndirib: "Müsavat partiyasının dağılması təhlükəsini biz A.Hacılı başqan olduğu gündən görürdük. Bizim qurultayqabağı və qurultaydan sonra apardığımız mübarizənin əsas məqsədi ondan ibarət idi ki, partiyada təkbaşına hakimiyyətçilik olmasın, partiyada demokratiya hökm sürsün və nizamnamə ilə idarə olunsun". Q.İbadoğlu onu da bildirib ki, Müsavat partiyası bir qrupun, bir ailənin nəzarətindədir: "Müsavat partiyası qocaman bir partiyadır və partiyanın çox şərəfli tarixi var, ancaq təəssüflər olsun ki, partiyanı idarə edənlər məsuliyyəti dərk etmədən, partiyanın xəttində, partiyanın siyasi kursunda öz maraqları çərçivəsində etdikləri dəyişiklik partiyanın zəifləməsinə, partiyanın boşalmasına, nüfuzunun itirilməsinə gətirib çıxardı. İndiki şərtlərlə partiyanı bərpa etmək, yenidən canlandırmaq çətindir. Bunun üçün çox böyük resurslar tələb olunur, bu isə Müsavatda yox dərəcəsindədir. Bütövlükdə, Müsavat partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat partiyasının başqanını tərifləməklə məşğuldurlar. İndiki halda, partiyanın əvvəlki nüfuzunu, reytinqini bərpa etmək olmaz. Təəssüf edirəm ki, A.Hacılının səhv siyasət nəticəsində Müsavat partiyasını bu vəziyyətə gətirib çıxardılar".
"Milli-Strateji Düşüncə Mərkəzi" Müsavatı əvəzləyə bilər
Baş verən maraqlı proseslər fonunda diqqətçəkən məqam ondan ibarətdir ki, Müsavatın keçmiş başqanı İ.Qəmbər parçalanmalara və dağılmalara seyrçi yanaşma nümayiş etdirir. Yəni daşdan-dəmirdən səs çıxır, İ.Qəmbərdən çıxmır. Sanki belə də olmalıdr. Bu isə, təbii ki, A.Hacılıya əlavə zərbə deməkdir. Bu, həm də İ.Qəmbərin A.Hacılıdan imtina etməsi, yeni imkan yaranacağı təqdirdə, başqanılığa qayıtması kimi başa düşülür. Bu fikiri möhkəmləndirən məqamlardan biri də, son vaxtlar İ.Qəmbərin önə cıxaraq "Milli-Strateji Düşüncə Mərkəzi" adından bəyanatlar verməsi, populist fikirlər səsləndirməsidir. Belə qənaətə gəlmək olar ki, İ.Qəmbər Müsavatın növbəti qurultayına qədər A.Hacılı ilə xudahafizləşə bilməyəcəyi təqdirdə, "Milli-Strateji Düşüncə Mərkəzi"ni partiya kimi formalaşdırıb, aktiv siyasi fəaliyyətə başlaya bilər. Məlumata görə, İ.Qəmbərin uzaqlara hesablanan bu gedişinə A.Hacılının müavinləri Səxavət Soltanlı və Yadigar Sadıqovda dəstək verirlər. Mənbəmizin dediyinə əsaslansaq, Qubad İbadoğlunun rəhbərlik etdiyi təşkilatdan da İ.Qəmbərə dəstək verənlər var. Bu isə, o deməkdir ki, yaxın vaxtlarda "MDDM" Müsavatı əvəzləyəcək.
İ.ƏLİYEV