SİYASİ RAKURS
Yaxud AXCP sədrinin demokrat namizədə yazdığı təbrik məktubu sonradan necə Trampa ünvanlandı?
AXCP sədri Ə.Kəriminin həyatdakı saxtakarlıqları siyasi həyatına da sirayət edib. Hətta ən incə detallarda belə kobud səhvlərə yol verən Kərimlinin budəfəki səhvi, demək olar ki, onun aşkar sifətini ortaya çıxarıb. Məsələ isə Ə.Kərimlinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa ünvanlandığı müəmmalı təbrik məktubdan gedir. Daha dəqiq desək, AXCP "lideri" daha çox Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klintonun prezident seçiləcəyini proqnozlaşdırırdı. Ona görə də, rəsmi məlumatlar üzə çıxmamış o qabaqdangəlmişlik edərək, Klintona yarınmağa cəhd edib və təbrik məktubu yazıb. Bundan sonra isə seçkilərin nəticələrini gözləyib. Amma bilindiyi kimi, Klintonun yerinə qutudan Tramp çıxıb. Bu isə cəbhəçi "liderin" kefinə, necə deyərlər, əməlli-başlı soğan doğrayıb. Çünki Kərimli daim öz siyasi-xəyanətkar maraqlarını, məhz amerikalı demokratlar üzərində təmin etməyə çalışıb. Ümumiyyətlə, bugünə qədər ABŞ-dan Azərbaycana qarşı işlədinlən istənilən qərəzlərin arxasından demokratlara yaxınlığı ilə seçilən hüquq-müdafiə təşkilatlarının adları çıxıb. O cümlədən, məhz demokratların hakimiyyətləri dövrü işğal altındakı Qarabağda məskunlaşmış separatçılara maddi vəsaitlər yardım adı ilə göndərilib. Ümumiyyətlə, ABŞ-ın demokratlar zümrəsi Azərbaycana qarşı ermənipərəst mövqedən çıxış edib. Bu isə AXCP sədri üçün əlavə siyasi stimul olub. Bu baxımdan, o, Hillarinin qələbəsini cani-qəlbdən arzulayıb. Ancaq Kərimlinin bu arzusu da puç olub və prezident respublikaçıların namizədi Donald Tramp olub. Beləliklə, baxaq görək Kərimli bu dəfə hansı ciddi yanlışlığa yol verib. Həmin səhvləri sıralaması ilə təqdim edirik:
Əli Kərimli respublikaçılarla demokratların siyasi xətt fərqliyi barədə heç nə anlamır
1.Əvvəlcə Hillari Klintona ünvanlanan məktubda demokratlarından bəhs olunur və Donald Tramp seçikdən sonra məktubun məzmunu dəyişdirilməyib, demokratlara edilən tərif respublikaçılara ünvanlanıb. Əgər nəzərə alsaq ki, respublikaçılarla demokratlar arasında siyasi xətt fərqliliyi kifayət qədərdir, bu zaman AXCP sədrinin bu adi fərqi görə bilməməsi onun hansı vəziyyətə düşdüyünü aşkar şəkildə göstərir.
Əli Kərimli Hillari Klintonun seçiləcəyinə əmin olmasını Trampa necə etiraf etdi?
2. Daha sonra Kərimli qeyd edir ki, o, Hillari Klintonun seçilməcinə əmin olub (?!). Sual yaranır: məgər kiminsə hər hansı posta seçilib-seçilməyəcəyi digər şəxslərin bundan əmin olub-olmamasındanmı asılıdır? Yaxud Kərimli o qədər axmaq siyasətçidir ki, seçilən prezidentə onun rəqibinin seçilməsinə əmin olduğunu yazır?
Kərimlidən Trampa: "Sizin ərinizin prezidentliyi dövründə..."
3. Üçüncü məsələ isə, sadəcə, rüsvayçılıq nümunəsidir! Ə.Kərimlinin sonradan qeyri-peşəkarlıqla dəyişdirilmiş məktubunda Trampa xitab olunur: "Sizin ərinizin prezidentliyi dövründə..." (?!) Məhz buradan da açıq-aydın görünür ki, o, "ər" deyərkən, Hillarinin həyat yoldaşı Bill Klintonu nəzərdə tutub. Ancaq məktubunun bu hissəsi olduğu kimi qalıb, nəzərdən qaçıb və birbaşa Trampa göndərilib.İndi Kərimlini əməlli-başlı qarınağrısı tutub ki, görəsən, onun siyasi aqibəti necə olacaq..?
"Azərbaycan müxalifətinin lideri kimi Amerika demokratlarına (?!) təbriklərimi çatdırıram"
4.Belə bir vəziyyətdə özünü biabır edən Kərimli, üstəlik, utanmayaraq, Trampa "Azərbaycan müxalifətinin lideri" olduğunu bəyan edir. "Azərbaycan müxalifətinin lideri kimi Amerika demokratlarına (?!) təbriklərimi çatdırıram"-deyə yazan Kərimli, əslində, bununla ölkə müxalifətinin nə qədər bisavad, siyasi cəhətdən cahil və avam, o cümlədən, yalnız öz mənfəətini güdən müxalifət olduğunu açıq şəkildə büruzə verir. Digər tərəfdən, Tramp, hər halda, Azərbaycanda müxalifətin yalnız AXCP-dən ibarət olmadığını da yaxşı bilir...
Beləliklə, Ə.Kərimlinin özünü müxalifətin "anası" olduğunu elan etməsi təxəyyül və boşboğazlığın göstəricisidir.
Nəticədə, AXCP sədri bu vasitəylə qaş düzəltmək yerinə vurub göz çıxarıb. Özü də öz gözünü. Ortada dəlil də, fakt da, sübut da var.
Rövşən NURƏDDİNOĞLU