PDF Oxu

Müxalifət

  • 2 823

Müxalifət özünü rüsvay edir

image

Teyyub Qənioğlu: "Siyasi məhbus" siyahısı ucuz şou yaratmaq cəhdindən başqa bir şey deyil"

Məlum olduğu kimi, bir sıra müxalifət partiyaları və siyasiləşmiş QHT-lər qondarma "siyasi məhbus" siyahısını hazırlayaraq, yayıblar. Həm də bunlar fərqli siyahılardır. Yəni bir ovuc müxalifət düşərgəsində Xədicə İsmayıl, Leyla Yunus, İntiqam Əliyev, Oktay Gülalıyev və onlara ağıl öyrədən Ə.Kərimli, A.Hacılı, İ.Qəmbərin iştirakı ilə iki siyahı tərtib ediblər. Bu da, onu göstərir ki, düşərgədə mövcud iki qütbə iki fərqli sifariş verilib. Həm də, maraq doğuran məsələ ondan ibarətdir ki, tərəflər bir-birini haqsız çıxarmağa və bununla da önə keçməyə cəhdlər göstərirlər. Təkamül partiyasının sədri Teyyub Qənioğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət partiyaları bu cür siyahılar tərtib edəndə, reallığı əsas götürmürlər: "Müxalifət düşərgəsini təmsil edən şəxslər elə hesab edirlər ki, əgər bunlar müxalifətçidirlərsə və yaxud da jurnalistika ilə məşğul olurlarsa, bunların istənilən hərəkətlərinə göz yumulmalıdır. Onları qeyri-qanuni hərəkətlərinə görə məsuliyyətə cəlb edəndə, səs salaraq bütün dünyaya bəyan edirlər ki, guya bunların hüquqlarını pozurlar və siyasi cəhətdən təqib olunurlar. Beləliklə də, qeyri-qanuni hərəkətlərini ört-basdır etmək üçün xaricdən özlərinə dəstək axtarırlar. Təəssüflər olsun ki, biz bu cür anormal hallarla tez-tez rastlaşırıq. Ümumiyyətlə, Azərbaycanın indiki dövründə siyasi məhbus anlayışı gündəmdən çıxmalıdır. Çünki Azərbaycanda siyasi fəaliyyətə görə, təqib olunan yoxdur. Bu baxımdan, "siyasi məhbus" siyahısı ucuz şou yaratmaq cəhdindən başqa bir şey deyil".

"Demək olarmı ki, xarici qüvvələr mövzu qıtlığı yarananda müxalifəti siyasi məhbus mövzusu ilə gündəmə gətirməyə çalışır" sualını cavablandıran partiyasının sədri bildirdi ki, hər zaman Azərbaycanı istəməyən xarici qüvvələr nə isə bir mövzu olmayanda, belə hərəkətlərə əl atırlar: "Azərbaycanda insan haqlarının qorunması məsələsindən danışılanda, gərək erməni işğalı nəticəsində bir milyon qaçqın və məcburi köçkünlərin pozulan hüquqları yaddan çıxmamalıdır. Yəni nəyə görə siz xarici qüvvələr bircə dəfə də olsun demirsizniz ki, Azərbaycanda bir milyon qaçqın var və ev-eşiklərindən zorla çıxarılmaqla onların huquqları pozulub. O cümlədən, öz vətənini ziyarət edən iki nəfər soydaşımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevi həbs edərək, haqlarında qanunsuz həbs qərarı çıxaran cinayətkar Sarkisyan rejimindən danışılmır. Amma hansısa bir müxalifətçinin və jurnalistin qeyri-qanuni fəaliyyəti nəticəsində haqlı olaraq onlar istintaqa cəlb olunanda, məhkum olunanda hay-küy qaldırırsınız ki, Azərbaycanda insan haqları pozulub. Təbii ki, bu cür hərəkətlərdə Azərbaycanı istəməyənlərin və gözdən salmaq istəyən dairələrin məkirli mövqeyindən irəli gəlir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan karvanı öz uğurlu yolu ilə gedir".

GÜLYANƏ

Digər xəbərlər