Faktlara və baş verən prosüslərə əsasən, demək olar ki, müxalifətdaxili qarşılıqlı intriqalar səngimək bilmir. Əksinə, vəziyyət o dərəcədə gərgin xarakter alıb ki, partiya sədrləri ötən illərdə aralarında baş verən ziddiyyətləri, məğlubiyyət səbəblərini bir-birlərinə xatırlatmaqla yanaşı, əldə etdikləri yeni məlumatları mətbuata açıqlamaqla, onları ifşa edəcəkləri ilə hədələyirlər. Məhz bu və bu kimi faktlara əsaslanaraq, demək olar ki, müxalifətin bu günü kimi sabahı da qaranlıqdır. Yəni onların fəaliyyətdə olmaları ilə olmamaları arasında heç bir fərq yoxdur. Artıq onların tarixin arxivinə atılmalarının zamanı çatıb. Yəqin ki, çox yaxın zamanlarda bunun şahidi olacağıq.
Müxalifətin ictimai rəydə özünə nufuz qazana bilməməsinin və sosial bazadan məhrum olmasının bir neçə səbəbi var. Birincisi, səhv və düşünülməmiş siyasət aparmalarıdır. İkincisi, ağlına gələn istənilən iddianı ortaya ataraq, özünün siyasi varlığını sübut etməyə çalışmaq və sivil siyasi mübarizə əvəzinə, müxtəlif şoular təşkil edərək, gündəmdə qalmaq istəkləridir. Nəhayət, üçüncüsü, maddi imkanlar əldə etmək üçün xarici maraqlı qüvvələrlə iş birliyinə gedərək, milli və dövlətçilik maraqlarını satmağa cəhd göstərmələridir. Amma bu dayaz düşüncəli məxluqlar dərk etmirlər ki, artıq nəyin necə baş verdiyini onlardan yaxşı bilən ictimaiyyəti aldatmaq mümkün deyil. Hər kəs bilir ki, bu düşərgədə toplaşan azsaylı üzdəniraq siyasi fəallar və onların liderlərinin hər birinin öz ambisiyası var. Bu insanlar məqsədlərinə çatmaq naminə ən iyrənc addımları belə atmağa hazırdırlar.
Müxalifətə qarşı içtimai nifrət mövcuddur
Dəfələrlə müxalifət partiyaları ictimai nifrətdən qaçmaq üçün müxtəlif blok və qurumlar yaradıblar. Amma fakt budur ki, yaradılan qurumların ömrü çox qısa olub. Çünki birinci partiyaya, aparıcı lider olmaq iddiaları müxalif qurumların işlək mexanzmə çevrilmələrinə imkan verməyib. Son vaxtlara qədər mövcud olmuş "İctimai Palata" deyilən qurumun dağılmasının səbəbərindən danışarkən, həmin qurumun koordinasiya şurasının üzvü Zəfər Quliyev buna görə, Müsavat və AXCP-ni ittiham etmişdir: "Müsavat və AXCP bəzi məsələlərdə bir araya gələ bilmir. Bu da, nəticə etibarilə, qurumun fəaliyyətinə təsir göstərir. "İctimai Palata"nın işində böhranlı vəziyyət yaranıb. Biz çalışırdıq ki, bunu ictimailəşdirməyək, lakin son toplantıda da heç bir nəticəyə gəlmədik. Baxmayaraq ki, bir neçə iclasdır ciddi müzakirələr gedir, təəssüf ki, prinsipial məsələlərdə konsensusa gələ bilmirik".
ADP sədri Sərdar Cəlaloğlu isə müxalif blokların dağılmasının səbəbini sözügedən siyasi birliklərə ictimai tələbatın olmaması ilə əlaqələndirib: "Zərurət olmadığı halda, ayrı-ayrı məqsədlərlə yaranan siyasi birliklər tez dağılır. Həmçinin, hər bir yeni yaranan siyasi birliyin arxasında hansısa partiya sədrinin prezident seçkilərində "vahid namizəd" olmaq istəyindən doğan sifariş də özünü göstərir... Təəssüflər olsun ki, "İctimai Palata"nın rəhbərliyində təmsil olunan şəxslər bu birliyin əldə olunması üçün lazımi addımlar atmadı. Bizə deyirdilər ki, "İctimai Palata"da birləşin. Onun mahiyyəti mənə çatmır. Hər hansı bir şey qeyri-demokratik yaradılıbsa, orada demokratik xidmət göstərmək mümkün deyil. "İctimai Palata" bir nəfərin beyninin məhsuludur. Onu kimlərəsə sırımaq düzgün deyil".
Qopmaların kökündə daxili qarşıdurmalar dayanır
AXCP-də və Müsavat partiyasında baş verən istefaların əsas səbəbi yenə də liderlərin boyunlarından böyük iddialarla çıxış etmələridir. Bunu müxalifət təmsilçilərinin özləri də etiraf edirlər. Belə ki, "REAL" hərəkatının icraçı katibi Natiq Cəfərli sosial şəbəkədəki hesabında paylaşdığı statusunda müxalif partiya yetkililərini ağ yuyub, qara sərib. Bildirib ki, istefaların köklü səbəblərindən biri də partiyadakı rəhbər şəxslərin anormal siyasət aparmalarıdır: "Gedənlərin bəyanatları bunu deməyə əsas verir. Gedənlərin heç biri ideologiya, dəyərlər, qırmızı cizgilərə görə getdiyini demir. Hamı şəxslərdən gileylənir, gedişini bununla bağlayır. Çox təəssüf ki, partiyalarımız dəyərlər və ideoloji qurumlar üzərində deyil, şəxslər üzərində qurulur, onlara bağlı olur. Qurucu şəxslər partiyadan gedəndə, böhran baş verir. "Lider partiyası" modelindən, dəyərlər üzərində ideoloji birliyi olan siyasi qurumlara keçməyin vaxtı çoxdan çatıb".
Müxalifətdaxili çəkişmələrin gərgin xarakter alması daha cox Müsavat və AXCP-dən qopmaların yaranmasına gətirib çıxarır. Bu günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər şöbəsindən istefa vermiş şəxslər, o cümlədən, şöbənin keçmiş sədri Kəmaləddin Rəhimov, sıravi üzvlər Famil Mehdiyev, Sevinc Xudiyeva, Mahir Qulubəyli və digərləri AXCP sədri Əli Kərimlinin yarıtmaz siyasət aparmasından utandıqlarını qeyd ediblər. Eləcə də, Müsavatın Beyləqan və İmişli rayon təşkilatlarından istefa verənlər buna görə başqan Arif Hacılını ittiham ediblər.
İ.ƏLİYEV