Təhmasib Novruzov: "ABŞ-ın kəşfiyyat orqanları kifayət qədər güclüdür və yarıtmaz müxalif liderlərinin nəyə qadir olduqlarını çox yaxşı bilirlər"
Məlum olduğu kimi, Əli Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının arzu etdiklərinin əksinə olaraq, ABŞ-ın yeni prezidenti Hillari Klinton deyil, Donald Tramp prezident seçildi. Maraqlı məqam odur ki, Ə.Kərimli H.Klintonun prezident seçiləcəyinə ümud etdiyindən, onu təbrik etmək üçün mətn hazırlamış və bu barədə məlumat yaymışdır. Ancaq arzu və istəklərin əksinə olaraq, Tramp prezident seçilmişdir. Belə olduqda, Ə.Kərimli mətndəki adı dəyişərək Trampa ünvanlamışdır. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, ümumiyyətlə, ABŞ-a kimin prezident seçilməyinin bizim hörmətsiz müxalifətimizə heç bir aidiyyatı yoxdur: "Çünki Azərbaycana təzyiq göstərmək variantını ABŞ-ın prezidenti istiqamətləndirmir. Ancaq həmin ölkələrdə olan bəzi qüvvələr var ki, onlar müxalifəti təlimatlandırır. Yəni ABŞ-da müəyyən qüvvələr var ki, onlar daim Azərbaycana müxtəlif formalarda qarayaxma kampaniyaları aparırlar, müəyyən iyrənc siyasət yürütməyə çalışırlar. Həmin məkrli qüvvələr arasında, xüsusilə, erməni lobbisinin təsiri altında olan QHT-lər və digər institutlardır. Həmin QHT-lər və institutlarla əlaqəsi olan Azərbaycanın dağıdıcı müxalifətinin fəaliyyəti elə bundan sonra da onların təsiri altında davam edəcəkdir. Ancaq ümumilikdə, ABŞ-ın kəşfiyyat orqanları kifayət qədər güclüdür və yarltmaz müxalif liderlərinin nəyə qadir olduğunu çox yaxşı bilirlər". T.Novruzovun sözlərinə görə, xarici qüvvələr özünü müxalifət adlandıran qüvvələrin Azərbaycan xalqına heç bir adiyyatı olmadığını və onların cəmiyyətdə heç bir elektorata malik olmadıqlarını çox gözəl bilirlər: "Bu baxımdan, Azərbaycan müxalifəti ABŞ-a lazım deyil. ABŞ-ın prezidentinin kimin seçilməyinin ölkə müxalifətinin fəaliyyətinə heç bir müsbət və ya mənfi təsirini gözləməyə dəyməz". "Ümumilikdə, müxalifət, sizcə, nəyə görə yalnız xarici qüvvələrə arxalanır və onlardan dəstək umur. Bu, o deməkdir ki, onlar Azərbaycan cəmiyyətindən ümidlərini üzüblər" sualına cavab olaraq, T.Novruzov bildirdi ki, ölkə daxilində özünə imic, nüfuz qazana bilməyən və xalq tərəfindən heç bir siyasi dəstək əldə edə biləməyən müxalif qüvvələrin irəliyə getməsindən heç bir söhbət belə gedə bilməz: "Müxalifət ölkə daxilində özlərinə dəstək qazanmadıqlarına görə, məhz üzlərini xaricdə olan qüvvələrə tuturlar. Xarici qüvvələr də müxalifət təmsilçilərindən müxtəlif məqsədlər üçün bir alət kimi istifadə edirlər. Xarici qüvvələr üçün də maraqlı olan bir məsələ var. O da odur ki, Azərbaycan daxilində xoşagəlməz hadisələr baş versin və ölkə daxilində problemlər olsun və bu problemlər də ölkəmizin inkişaf sürətini ləngitsin və sürətli inkişafdan geri salsın. Bu baxımdan, müxalifət ilə xarici qüvvələrin bu məkrli istəkləri üst-üstə düşür. Amma fakt budur ki, müxalifət təmsilçiləri çox gözəl bilirlər ki, nə etmələrindən asılı olmayaraq, onların hakimiyyətə gəlməsi qeyri-mümkündür. Belə olan halda da, müxalif qüvvələr yalnız və yalnız öz libaslarına bürünüb, müxalifət fonu yaradaraq, xaricdəki məkrli qüvvələrdən maliyyə vəsaiti qopartmaq və ciblərini doldurmağa ümid bəsləyirlər. Onlarda şəxsi ambisiya o qədər güclüdür ki, hətta bu ambisiya hissi partiya, dövlətçilik və dostluq, səmimiyyət və insanlıq maraqlarından da üstündür. Belə müxalifət məhvə məhkumdur".
GÜLYANƏ