PDF Oxu

Müxalifət

  • 4 854

Zaman müxalifətin əleyhinədir

image

Tahir Kərimli: "Müxalifət təmsilçiləri hər zaman startda dururlar ki, kiminsə ayağının altını qazsınlar"

Müsahibimiz Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlidir

- Tahir bəy, müxalif partiya sədrləri hər fürsətdə müxalifətin siyasi proseslərdən kənarda qalmasında bir-birini günahlandırmağa çalışırlar. Məntiqi əsas varmı?

- Müxalifət günü-gündən zəiflədikcə və iqtidarın qarşısında acizliyi açıq şəkildə nümayiş olunduqca, cılızlığını ortaya qoyur. Bəzi müxalif partiya sədrləri özlərinin məğlubiyyətini, zəifliklərini və heç bir iş görə bilmədiklərini bir-birinin üstünə ataraq, bir-birlərini günahkar çıxarmağa çalışırlar. Ona görə də, yalnız Əli Kərimli İsa Qəmbəri və Arif Hacılını deyil, əks tərəfdə "Milli Şura"nı və AXCP-ni ittiham edir. Təbii ki, sözügedən şəxslərin bu cür hərəkətlərə əl atmaları məntiqsiz gedişlərdir. Əslində isə, o səhvləri özlərində axtarmalıdırlar. Demək olar ki, illər öncə, özləri birləşə bilmədilər, "ana" müxalifət" adı uğurunda mübarizə apardılar və cəmiyyət gördü ki, bunlar elə özləri bir-biri ilə birincilik uğurunda mübarizə aparırlar. Bu baxımdan, müxalifətdən tamamilə üz döndərdilər.

- Başlıca günahkarların Ə.Kərimli və İ.Qəmbər olduğunu demək olarmı?

- Bu gün Ə.Kərimlinin müxalifətin siyasi proseslərdən kənarda qalmasını İ.Qəmbərin və A.Hacılının üzərinə qoymağa və onları günahlandırmağa çalışması, öz gücsüzlüyünü ört-basdır etmək məqsədi daşıyır. Eləcə də, İ.Qəmbər siyasi uğursuzluğuna görə, Ə.Kərimlini qınayır. Amma daxili böhranlı duruma görə, hamısı birlikdə məsuliyyət daşıyır və birlikdə cavabdehdilər. Yəni müxalifətin çıxılmaz vəziyyətə düşməsində müxalifət liderləri birlikdə günahkardırlar və bunun səbəblərini də məhz özlərində axtarmalıdırlar.

- Ümumiyyətlə, sizcə, nəyə görə İsa Qəmbər və Əli Kərimli bir-birinə qarşı qərəzli düşmən mövqeyi tutur?

- Bu şəxslərin bir-birinə qarşı qərəzli düşmən mövqeyi tutmasının səbəbi birinin digərini lider kimi qəbul etməməsi ilə bağlıdır. Demək olar ki, müxalifət təmsilçiləri hər zaman startda dururlar ki, kimsə, ayağının altını qazsınlar. Bu cür vasitədən istifadə düşmənçiliyə gətirib çıxarır. Bu baxımdan da, onların birlikdə irəliyə doğru getmələrindən heç bir söhbət gedə bilməz.

- Pərakəndə halda olan müxalifət partiyalarını xarici qüvvələrin birləşdirmələri nə dərəcədə mümkündür?

- Müxalifət düşərgəsinin təmsil edən şəxslər çox yaxşı başa düşürlər ki, onların məkrli istəkləri heç vaxt inkişaf etmiş Azərbaycan dövlətinin əldə etmiş uğurlarına kölgə sala bilməyəcək. Yəni müxalifət təmsilçiləri ölkəmizi istəməyən xarici qüvvələr tərəfindən tapşırıqlar alsa belə, yenə də onlar Azərbaycan dövlətinin güclü mövqeyinin qarşısında heç nə edə bilməzlər. Xarici qüvvələr ümid edirdilər ki, onlar ölkə müxalifətindən bir alət kimi istifadə edərək, hansısa formada Azərbaycan dövlətinə təzyiqlər edə bilərlər. Amma hər zaman olduğu kimi, həm xarici qüvvələrin, həm də müxalifət qüvvələrinin bu istəkləri reallaşmadı və reallaşmayacağı da şübhəsizdir.

GÜLYANƏ

Digər xəbərlər