PDF Oxu

Müxalifət

  • 2 443

"Kərimli kimi ünsürlərin yeri azadlıq deyil, həbsxanadır"

image

Elşən Musayev: "Əli Kərimli gözünü qırpmadan bütün dəyərləri, milləti, dövləti və vətəndaşı satar"

Müsahibimiz Demokratik - Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, müxalif partiya sədrləri hər fürsətdə müxalifətin siyasi proseslərdən kənarda qalmasında bir-birini günahlandırmağa çalışırlar. Məntiqi əsas varmı?

- Xeyr. Bu iddiada heç bir məntiq-filan yoxdur. Müxalifətin siyasi proseslərdən kənarda qalmasının əsas səbəbi həmin düşərgədəki ümumi başdansovduluq, rabitəsizlk, savadsızlıq və inamsızlıqdır. Sadəcə, bir-birini ittiham edirlər ki, təsəlli tapsınlar. Vəssalam. Hərgah, bütün hallarda biri beşınə dəyməz, beşi birinə. Bu, faktdır. Çox maraqlıdır: müxalifət nə təxmin edirdi, nə hesablayırdı? Yəqin düşünürdü ki, "feysbuk müxalifətçiliyi" ilə bundan daha irəli gedəcək? Evdən bayıra çıxmadan, xalqın yanında olmadan, beş ildə bir görüş keçirmədən, Azərbaycandan savayı bütün dövlətlərin bayrağını əllərində tutaraq məqsədlərinə yetəcəklər? Dağıdıcı qanadı təmil edən müxalif qüvvələrin hamısı bədbəxtdir. Bədbəxt və komleksli.

Bekarçılıqdan artıq bilmirlər nə danışsınlar. Son çarə isə yenə bir-birini ittiham eləməkdir.

- Başlıca günahkarların Əli Kərimli və İsa Qəmbər olduğunu demək olarmı?

- Ə.Kərimli və İ.Qəmbər Azərbaycan müxalifətçiliyini daima monopoliyada saxlamağa cəhd edən insanlardır və təbii, müxalif kəsimin bu vəziyyətə gəlməsində, bu kökə qalmasında onların yetərincə rolu var. Amma məsələ burasındadır ki, bunların elektoratı da "lider"lərinə layiq elektoratdı. Qaragüruh gədələrin Ə. Kərimli kimi də böyüyü olmalıdır da. Başqa nə gözləmək olar? Ə.Kərimli, İ.Qəmbər ağıllı, kitab oxumuş, kübar, intellektual və ziyalı birisini arxasınca necə apara bilər? Mümkündü bu? Yox, əlbəttə. Yox! Onlar ancaq həyatın dibində olan adamları öz ətraflarında toplaya bilərlər. Elə toplayıblar da. Həmin adamların isə işi ancaq "facebook"da saxta profillərlə kimisə söymək, vandalizm nümunələri göstərmək və bir də uğursuz "lider"lərini boş-boş, arqumentsiz üsullarla təbliğ etməkdən ibarətdir. Elə ona görə də, 23 ildir müxalifətdə qalıblar, tarixin, siyasi meydanın dalanlarında çabalayırlar.

- Sizcə, nəyə görə İsa Qəmbər və Əli Kərimli bir-birinə qarşı düşmən mövqeyində dururlar?

- Onların düşmənçiliyi bu günün mövzusu deyil, çox dərin köklərə dayanan düşmənçilikdir. Əvvəla, Ə.Kərimlinin özü qədər eqaist, paxıl, ikiüzlü siyasətçi yoxdur. Bu adam şəxsi mənfəətinə görə hər şeyini, bütün mənəvi dəyərləri satar. İ.Qəmbər Elçibəyin vəfatından sonra Ə.Kərimlinin rəhbərlik elədiyi qanadı deyil, Mirmahmud Mirəlioğlunun "klassiklər" qanadını tanıyıb və beləcə, Ə.Kərimlini bir vaxtlar siyasi meydanda seytnot vəziyyətinə salıb. Kərimli isə həm də dəvə kininə sahib olan biridir. Odur ki, bu məqamı, əsla, unutmur və əlinə düşən hər fürsətdə Qəmbəri "vurur". Yəni bu adamların dost olması mümkünsüz bir işdir. Düzdür, arada qrant söhbəti, ya da hansısa xarici dövlət səfirliyindən təlimat olanda, yalandan "həmrəylik" görüntüsü yaradırlar. Amma çifayda. Nə cəmiyyət, nə də ətraflarında olanlar bu riyakarlığı "yemir".

- Pərakəndə halda olan müxalifət partiyalarını xarici qüvvələrin birləşdirməsi nə dərəcədə mümükündür?

- Məsələ burasındadır ki, Azərbaycan müxalifətinin kəramətinə xarici qüvvələr də bələddir. Bunları birləşdirmək mümkün olsaydı, çoxdan birləşdirərdilər. Belə çıxır ki, bacarmayıblar. Amma həmin o haqqında danışdığınız bəzi xarici qüvvələrə daimi yedək hər zaman lazımdır. Ən azından bəlli məqamlarda ürək bulandırmaq üçün. Ona görə də müxtəlif mərhələlərdə sırf öz maraqları üçün bunlara 5-10 manat verib, istifadə edirlər. Amma paralel olaraq, çox gözəl də bilirlər ki, nə Kərimlidən nə də Qəmbərdən lider düzəltmək mümkün deyil. Yəni bu faktla, bu reallıqla nəinki müxalif kəsim, hətta xarici qüvvələr də barışıblar. Kərimli Azərbaycanın "FETÖ"südür. Ə. Kərimli gözünü qırpmadan bütün dəyərləri, milləti, dövləti və vətəndaşı satar. Yetər ki, öz maraqları təmin olunsun. Kərimli kimi ünsürlərin yeri azadlıq deyil, həbsxanadır. Düzdür, Azərbaycan iqtidarı yetərincə humanistdir, siyasi rəqibə qarşı maksimum səbrlə davranmağı bacarır. Amma məsələ burasındadır ki, Kərimli kimi ünsürü heç bir humanizm islah edə bilməz. Bu adam törətdiyi bütün cinayətlərinə görə cavab verməlidir və verəcək də!

GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər