TƏRS BAXIŞ
Rayon təşkilatları ümumiyyətlə, mövcud deyil
Ənənəvi müxalifətin son illərdəki zəifliyi və get-gedə siyasi arenadakı mövcudluğunu itirməsi prosesi indi daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Nəzərə almaq lazımdır ki, AXCP, Müsavat, KXCP, "Ümid" və s. partiyaların Bakıdakı fəaliyyətləri tamamilə iflic vəziyyətdədir, bu zaman həmin partiyaların rayon təşkilatları, ümumiyyətlə, yox səviyyəsindədir. Hətta bunu onların özləri də açıq şəkildə etiraf edirlər. Halbuki partiyalar hər seçkilər öncəsi özündənmüştəbeh bəyanatlar verərək, "Rayon təşkilatlarında konfranslar keçirilir" tipli başlıqlarla mediaya çıxıb icrimai rəyə yalan sırımaqla məşğul olublar. Onların bir çox rayonlarda yerli şöbələri belə mövcud deyil. Həmçinin, AXCP və Müsavat kimi partiyaların bölgələrdə uzağı bir-iki təşkilatı var ki, onların da fəaliyyətləri, ümumiyyətlə kağız üzərindədir. Çünki faktlardan biri də rayon təşkilatlarında mərkəzlə fikir ayrılıqları yaşanır.
Təkcə AXCP və Müsavat kimi partiyaların ayrı-ayrılıqda onlarla rayon təşkilatları kütləvi istefaya gediblər
Əbəs yerə deyil ki, partiyaların qurultaylarında sədr seçkilərindən sonra bir çox rayon təşkilatları buraxıldıqlarını bəyan ediblər. Təkcə AXCP və Müsavat kimi partiyaların ayrı-ayrılıqda onlarla rayon təşkilatları kütləvi istefaya gediblər. Yerdə qalanları isə Ə.Kərimlinin, A.Hacılının sədrliyini qəbul etməyənlərdir.
Məsələn, qəzetimizə daxil olan məlumata görə, Müsavatın Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli mətbuatla siyasi partiyaların qarşıdurmasından əziyyət çəkdiklərini deyib. O, bir müddət öncə, "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğılunun Müsavat partiyası sıralarından çıxmasını, partiyanın başqanı A.Hacılı ilə münasibətlərində düşmənçilik mövqeyinin yaranmasını onların təşkilatına da təsir etdiyini bildirib.
Mingəçervirli müsavatçı Arif Hacılını dəstəkləmədiyini deyir, Cəmil Həsənlinin də bostanına daş atmağı unutmur
N.Rüstəmli dolayısı ilə etiraf edib ki, Müsavatın Mingəçevir şəhər təşkilatı A.Hacılının başqanlığını qəbul etmir.
"...Əvvəllər 100-150 nəfərlə gördüyümüz işləri indi 20-30 nəfərlə etmək zorundayıq"-deyən müsavatçı "Milli Şura"nın da bostanına daş atmağı unutmayıb. SİTAT: "Tam əminliklə deyim ki, bizə indi yuxarıdan baxırmış kimi imiclənən hörmətli professor Cəmil Həsənlinin arxasında Müsavat partiyası durmasaydı, 2013-cü ildə seçkiyə qatıla bilməzdi. İnanmırsa, 2018-ci ildə cəhd etsin - heç ilkin proseduraları aşa bilməz..."
KXCP də müsavatçılardan geri qalmayıb. Belə ki, partiyanın Salyan rayon şöbəsinin sədri Ədalət Yusibov son 5 ildə partiyanın mərkəzi orqanlarından tapşırıqlar almadığını etiraf edib.
Eləcə də, AXCP eyni vəziyyətdədir. Çünki bu partiyanın rayon təşkilatlarının əksəriyyəti, ümumiyyətlə, Razi Nurullayevin yaratdığı alternativ AXCP-nin sırasına tranfer olunublar.
Bu amil isə, ilk növbədə, özlərini "ana müxalifət" elan edən siyasi təşkilatların mövcud vəziyyətlərinin məntiqi nəticəsidir. Hər halda, olanlar göz qabağındadır.
Rövşən RƏSULOV