Düşərgədə olanlar AXP sədrini lider kimi qəbul etmir
Son günlər AXP sədri Pənah Hüseynin müxalifətin "birlik ideyası" ilə çıxış etməsi, həmçinin, Müsavatda köhnə klanların yeniləşməsi və nəhayət, Arif Hacılının başqan kimi görmədiyini bildirməsi müxalif partiyalararası düşərgəsində ziddiyyətli vəziyyəti daha da gərginləşdirib.
ADP sədri Sərdar Cəlaloğlu sözügedən məsələ ilə bağlı bildirib ki, P.Hüseyni lider kimi qəbul edə bilmir: "P.Hüseyni lider kimi qəbul etmirəmsə, onun irəli sürdüyü təklif nə olacaq? Şəxsən mənim üçün indiki mərhələdə müxalif partiyaların mövqeyi əhəmiyyətlidir. O mənada ki, onlar nə düşünür, hansı təkliflərlə gəlir. P.Hüseynə tamam başqa şey lazımdır, yəqin, onu müəyyən etmək istəyir. Bir də, hamımız bilirik ki, Ə.Kərimli və Müsavat cib müxalifəti olub. Nə iş görüblər ki? Əksinə, bu cür mövqe müxalifətin daxilində çəkişmə yaratmaqdır. Yəni mənə "cib müxalifətisən" deyiləndə, mən də "sən də satqınsan" deyəcəm. Beləcə, çəkişmə gedir və xalq da müxalifətdən uzaqlaşır."
S.Cəlaloğlu onu da vurğulayıb ki, P.Hüseynin özünü "lider" adlandıraraq irəli sürdüyü "təklif" irəli sürməsi yalnız gülüş doğurur: "Gərək liderlik üçün bir şey olsun ki, P.Hüseyn də "liderlik" etsin, sonra... Qaldı ki, AXCP və Müsavatın olub-olmamasının nə mənası? Onların olması və ya olmaması xüsusi əhəmiyyət daşımır. Əhəmiyyətlisi indiki vəziyyətdə düzgün qərarların qəbuludur. Düzgün qərarların qəbul edilməsi üçün də ağıllı adamlar bir yerdə olmalıdır".
Arif Hacılı: "Pənah Hüseyn Müsavat partiyasının liderləri və siyasəti əleyhinə ardıcıl və sistemli mövqe sərgiləyir"
Müsavat başqanı A.Hacılı P.Hüseynin onun ünvanına söylədiyi səviyyəsiz sözlər eşitdiyinə heç də təəccüb etmədiyini bildirib: "Belə səviyyəsiz və şablon ifadələr işlətdiyini, o qədər qara yaxmaqla məşğul olur ki, bu, artıq müxalifətin əsas problemlərindən birinə çevrilib. Amma belə çamurlar mənə yapışan deyil. P.Hüseyn bir tərəfdən Müsavat partiyasını Azərbaycanın demokratik qüvvələrinin "şansı" adlandırır, digər tərəfdən, partiyanın liderləri və siyasəti əleyhinə ardıcıl və sistemli mövqe sərgiləyir. Ünvanıma deyilənlər isə, mənasızdır, çünki P.Hüseyni idarəçiliyi itirib, unudulduğu üçün qaşınmayan yerdən qan çıxarır".
Rəfiqə HÜSEYNOVA