PDF Oxu

Müxalifət

  • 2 242

Cəmil Həsənli Əli Kərimlinin mətbuat katibidir?

image

TƏRS BAXIŞ

AXCP sədrinə qarşı irəli sürülən ittihamlara "Milli Şura" sədrinin cavab verməsi suallar yaradır

Xədicə İsmayılın AXCP sədri Ə.Kərimlini və digər dağıdıcı düşərgə təmsilçilərini "hakimiyyətə işləməkdə", o cümlədən başqa bir sıra məsələlərdə suçlaması, nə qədər qəribə görünsə də, "Yurd" şefi tərəfindən cavablandırılmamış qalıb. Daha dəqiq desək, cəbhəçilərin "lideri"nin X.İsmayıla verdiyi cavab "Milli Şura"nın sədri C.Həsənli tərəfindən verilib və bu, siyasətlə maraqlanan ictimai rəydə, haqlı olaraq, suallar doğurub. Məsələn, sual edilir ki, gecə-gündüz hakimiyyətin siyasətini "asıb-kəsən", feysbuk səhifəsində gündə bir neçə "ağıllı" kommentlər yazaraq, özünü zorla "fövqəlsiyasətçi" kimi göstərməyə çalışan Ə.Kərimli nəyə görə X.İsmayılın cavabını şəxsən verməyib, yaxud ona ünvanlanan ittihamların "əsassız" olduğunu sübuta yetirməkdən ötrü heç bir arqument gətirməyib və əvəzində C.Həsənlini qabağa verərək, danışmağa məcbur edib? Məgər C.Həsənli Ə.Kərimlinin mətbuat katibi vəzifəsni daşıyır? Yoxsa onun bu vəzifəyə təyinatı olub və ictimaiyyət bundan xəbərsizdir? Hər halda, sual budur ki, niyə AXCP sədrinin verməli olduğu cavabını "Milli Şura" sədri verir? Bu suaların cavablarını təfsilatlı ilə vermək üçün yenidən məsələnin məğzinə söykənən bir sıra arqumentləri ortaya qoya bilərik.

C.Həsənlinin isə nəyə görə Ə.Kərimlinin yerinə cavab verməsinə yazının sonunda toxunacağıq.

Hər bir "siyasi məhbus" siyahısı, hər bir "siyasi mühacir"in qeydə alınması qrantların ödənilməsi ilə başa çatırdı

Burada bir sıra məqamlar mövcuddur və həmin məqamları analiz etdikcə, hər şey gün kimi açığa çıxmış olur. Məsələn, bəlli olur ki, "mühacir biznesi" işində X.İsmayılla Ə.Kərimli arasında ciddi narazılıq yaşanıb və bu narazılıq sonradan tərtib edilən qondarma "siyasi məhbus" siyahısına da təsir edib. Bu günə qədər Ə.Kərimlinin yanından, bir addım da olsa, geri çəkilməyən X.İsmayıın son dövrə qədər AXCP-nin və "Milli Şura"nın "tezislər"ini işləməsi bəllidir. Bunun üçün Qərbin bir sıra Azərbaycan əleyhinə fəaliyyət göstərən və erməni lobbisinin maliyyə dəstəyi ilə siyasət yürüdən təşkilatları gizli qrantlar ayıraraq, adıçəkilən tərəflərin maddi vəziyyətlərini yaxşılaşdırırdı. Hər bir "siyasi məhbus" siyahısı, hər bir "siyasi mühacir"in qeydə alınması qrantların ödənilməsi ilə başa çatırdı. Ancaq bu dəfə tərəflər ortaq məxrəcə gələ bilməyiblər, səbəbi isə sadəcə, tamahkarlıqdır! Yəni Ə.Kərimli daim ayrılan qrantları müxtəlif bəhanələrlə mənimsəyib, "əziyyət" çəkənlərə isə necə deyərlər, tulapayı atıb. Əlbəttə, bu, belə davam edə bilməzdi və...

X.İsmayıl sonda bıçağın sümüyə dirəndiyini dərk edərək, Ə.Kərimliyə və sair dağıdıcı müxalifət təmsilçilərinə qarşı ittiham irəli sürüb. Belə ki, X.İsmayılın səsləndirdiyi fikirlərdə maraqlı detallardan biri də bütün bunları Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində keçirdiyi gizli görüşdə deməsidir. Qəzetimizə daxil olan səhih məlumata görə, X.İsmayıl Kərimlini "o, hakimiyyətə işləyir!" ittihamı ilə suçlayıb, üstəlik, avropalı dostlarına "onlara qrant verməyin!" deyə xitab edib.

Kərimli Həsənlini güdaza verir

Beləliklə, uzun illərdir ki, "siyasi məhbus" siyahıları üzərindən qaz vurub-qazan dolduranlar hazırda X.İsmayılın sayəsində və Ə.Kərimlinin timsalında ifşa olunmaqdadırlar.

İndi isə qayıdaq yenidən C.Həsənlinin məsələsinə. Sirr deyil ki, Ə.Kərimli hazırda düşdüyü böhranlı vəziyyətdən çıxış yolu axtarır və bilir ki, əgər X.İsmayıla da digərləri ilə davrandığı kimi davranarsa, X.İsmayılın növbəti ifşaları ortaya çıxa bilər. Ona görə də AXCP sədri "Milli Şura" sədrinə göstəriş verib ki, özünün yerinə o danışsın. Yəni Kərimli Həsənlini güdaza verir.

Başqa tərəfdən, Kərimlinin özü də bilir ki, X.İsmayıl ona qarşı ittihamlarında haqlıdır. İndi X.İsmayıl özünü düşünür və bundan sonra aldanmaq fikrində deyil. Düşünmək mümkündür ki, bu məsələ get-gedə daha da böyüyəcək və nəticəsi heç də tərəflər üçün yaxşı bitməyəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər