Tarif Şurasının sosial ədalətin təmin olunması baxımından verdiyi qərardan dağıdıcı müxalifət, xüsusilə də, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və bu kimi xaricdən maliyyələşən və onların sifarişini yerinə yetirən müxalifət öz siyasi məqsədləri üçün istifadə etməyə səy göstərirlər. Bu, bir növ siyasi mədəniyyətsizliyin nümunəsi kimi qiymətləndirilə bilərmi?
ASDP sədri, millət vəkili Araz Əlizadə:
- Tarif Şurasının kommunal xidmətlərlə bağlı qərarı aztəminatlı ailələrə heç bir təsiri olmayacaq. Hökumət bu kimi məsələləri nəzərə alıb. İqtisadiyyatımızın müəyyən hissəsi qaza- neftə kökləndiyi və dünya bazarında neftin və qazın qiyməti aşağı düşdüyü üçün ölkəmizdə kommunal xidmətlərdə qiymətlərin qalxması labüddür. Yəni bu iqtisadi qanunlardır. Bu, Arazın, Əlinin, Həsənin və Hüseynin istəyindən asılı deyil. Müxalifətin radikal qanadının bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışmaları, düşüncəsizlikdən və savadsızlıqdan irəli gəlir. Bu baxımdan, ABŞ səfirliyinə xəbərdarlıq etmək lazımdır ki, müxalif əlaltılarının ipini çəksin.
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov:
- Azərbaycanda kimliyindən asılı olmayaraq, dövlətin idarə edilməsində atılan addımlara siyasi maraqların təmin edilməsi baxımından istifadə edilməsinə cəhdlərin göstərilməsi siyasi təxribatdan başqa bir şey deyil. Bu cür hallara yol verənlər qınanılmalı və hətta məsuliyyətə cəlb olunmalıdırlar. Kommunal xidmətlərlə bağlı Tarif Şurasının qəbul etdiyi qərardan dağıdıcı müxalifətin siyasi mənafeyi üçün istifadə etməyə çalışmasının arxasında, söz yox ki, xarici qüvvələr dayanır. Çünki onlar tam şəkildə ani-Azərbaycan qüvvələrdən asılıdırlar. Bunun da səbəbi xarici qüvvələrdən maliyyə yardımları almalarıdır. Bunun qarşısı alınmalıdır. Hüquq-mühafizə orqanları dağıdıcı müxalifətə qarşı ciddi tədbirlər görməlidir.
Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqov:
- Azərbaycanın radikal müxalifəti adlandırılan qüvvələr hər dəfə sosial məsələlərdə, Tarif Şurasının qərarlarından və digər məsələlərdən sui-istifadə etməyə çalışırlar. Artıq müxalifət qüvvələri bunu adət ediblər. Demək olar ki, müxalif qüvvələr xalqın içərində özlərinə dayaq tapa bilmədiklərinə görə, bu cür yersiz hərəkətlərə əl atırlar. Burada isə müxalifətin təmsilçilərinin məqsədi öz havadarlarına özlərini reklam etmək və xaricdən hər hansı bir maliyyə vəsaiti əldə etməkdir. Bu da müxalifətçilərin növbəti, sıradan bir fikirləridir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin yanındadır. Azərbaycanda keçirilən sonuncu referendum bunu bir daha sübut etdi. Kommunal xidmətlərdə qiymətlərin artmasından aztəminatlı ailələr heç bir ziyan görməyəcək. Çünki hökumət bu məsələ ilə bağlı artıq kifayət qədər arayış verib.
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev:
- Radikal müxalifət bu qərarın tutumunu, nəyə, hansı vaxta hesablandığının fərqinə varmadığından, özünə qapanıb çıxışlar edir. Müxalifət yalnız boş və mənasız, cəfəng fikirlər səsləndirə bilir. Bu da onların xaricdən üzərilərinə qoyulan şərtlərdəndir. Müxalifət düşərgəsi Tarif Şurasının bu qərarını iqtisadi cəhətdən təhlil edib. Baxın, radikal müxalifət həmişə qiymət artımına etiraz edib, hay-həşir qoparır, bəyanatlar verir və s. Amma penasiya, müavinət və maaş artımı olanda susur. Qarabağ məsələsi gündəmə gələndə susur, erməni işğalına etiraz gələndə susur, milli, dövlət və dövlətçiliklə bağlı maraqlarımız gündəmə gətiriləndə kənara çəkilirlər. Bu da, onu deməyə əsas verir ki, Azərbaycanın radikal müxalifəti kənardan idarə olunur, oyuncaq kimi Kərimlinin, Hacılının və Qəmbərin pultu Avropadadır. Düyməni dilə basanda, hərəkətə gəlirlər.
GÜLYANƏ