PDF Oxu

Müxalifət

  • 1 897

AXCP-Müsavat savaşı qızışır

image

Əli Kərimlinin müavini müsavatçıların media saytını ittiham etdi

Bir müddətdir ki, AXCP ilə Müsavat arasında səngimiş qarşıdurmalar yenidən qızışmağa başlayıb. Bu dəfə müsavatçıları hədəfə alan AXCP sədr müavini Gözəl Bayramlı olub. Onun Müsavat başqanı Arif Hacılının qardaşı, partiya məclisinin üzvü Mustafa Hacıbəylinin nəzarətində olan "basta.info" saytını hədəfə almasının isə səbəbləri ortaya çıxıb. Daha dəqiq desək, bir müddət öncə, sabiq cəbhəçi Çingiz Tağızadənin G.Bayramlını "ölümlə" təhdid etməsi sonda birincinin 12 sutkalıq həbs cəzası alması ilə nəticələnib. Sonradan bu şəxsin mövqeyinin müsavatçıların saytında dərc edilib. Bu isə AXCP sədrinin müavininin xoşuna gəlməyib və sosial şəbəkədəki səhifəsi vasitəsilə hiddətini bildirib.

Gözəl Bayramlıdan müsavatçılara ittiham: "Siz nəyin əsasında bu adamın dediklərini həqiqət kimi qəbul edirsiniz?"

"Etiraf edim ki, bütün olub bitənlərə baxmayaraq, Müsavat partiyasından bu qədərini gözləmirdim"-deyə qəzəblənən cəbhəçi onu "ölümlə" təhdid edən şəxsin mövqeyinin sonradan müsavatçıların media qurumunda dərc edilməsində əsas günahkar kimi A.Hacılını və M.Hacıbəylini gördüyünü bildirib. Əlbəttə ki, bu, onun qarşı tərəfə ittihamlar yağdırmasına, köhnə ittihamlardan biri sayılan "hakimiyyətə işləyirsən" ifadəsini işlətməyə kifayət qədər imkan yaradıb. Məsələn, Bayramlı qeyd edib ki, Müsavatın mətbuat orqanı, partiya başqanının qardaşının rəhbərlik etdiyi "basta.info" saytı və partiya funksionerləri bu vasitə ilə guya hakimiyyətə "yarınmağa" cəhd ediblər.

"Bu gün Müsavat partiyasının mətbuat orqanı və funksionerləri sanki xüsusi təlimat almış kimi kampaniya başladıblar ki, məni telefonla hədələyən şəxs hansısa anlaşılmazlığın qurbanı olub. Hadisədən 1 ay keçəndən sonra adamın adından ciddi bir publisistik yazı da hazırlayıblar. Özünü aydan arı- sudan duru adam kimi təqdim edir. Müsavat funksionerləri də bu adamın yazdıqlarını (bəlkə də onun adından kimlərinsə yazdığını) 100%-lik həqiqət kimi təqdim edib, məni borclu çıxarmaqdan da çəkinmirlər, - deyə G.Bayramlı müsavatçılara qarşı suallar yağdırmağa başlayıb.

Bayramlıdan daha bir ittiham: "Utanmayın, onu da yaza bilərsiz ki, adamların əli dolaşıb, səhvən mənim şəklimi yükləyiblər profillərinə, sonra da barmaqları dolaşıb, mənim başımın kəsiləcəyini təsadüfən yazıblar..."

O, əlavə olaraq, onu təhdid edən adamın müsavatçılar tərəfindən müdafiə olunduğunu da iddia edib: "Tutaq ki, telefon zəngi bir səhvin nəticəsi olub, bəs ondan əvvəl "bandotdeldə" hədələnməyim, bəlkə Müsavat funksionerləri bunun da bir texniki xəta olduğunu sübut etməyə girişsinlər? Bəs yaradılmış saxta vəhabi profilindən mənim başımı kəsməklə hədələnməmi necə izah edəcək Müsavat funksionerləri? Utanmayın, onu da yaza bilərsiz ki, adamların əli dolaşıb, səhvən mənim şəklimi yükləyiblər profillərinə, sonra da barmaqları dolaşıb, mənim başımın kəsiləcəyini təsadüfən yazıblar..."

Mustafa Hacıbəyli yalnız bunu dedi: "Gözəl Bayramlı, işinin olmadığına görə gündəmə bu cür mövzular gətirir"

Beləliklə, siyasi prizmadan heç nə əldə edə bilməyən cəbhəçilərlə müsavatçılar bu dəfə şəxsi münasibətləri istiqamətində qarşı-qarşıya gəliblər və bunun nəticəsi növbəti partiyalara savaşa doğru gedir. Xüsusilə, bu amil, yəni G.Bayramlının son zamanlar susqun davranmadan sonra bu dəfə bütün gücünü toplayıb, A.Hacılının və onun partiyadaxili klanının üzərinə yürüməsi maraqlı görünür.

Maraqlı məqamlardan biri də Bayramlının ittihamlarından sonra müsavatçıların cavab verməməsidir. Belə ki, qəzet olaraq biz də bu barədə ən azından M.Hacıbəylinin mövqeyini öyrənməyə çalışdıq. Lakin o, bu barədə danışmaq istəmədiyini deyərək, sadəcə, G.Bayramlının işinin olmadığına görə gündəmə bu cür mövzular gətirdiyini bildirdi.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər