Son aylar müxalifətin fəaliyyətində, demək olar ki, tam durğunluq müşahidə olunur. Ölkədə baş verən ictimai-siyasi hadisələrə müxalifət liderləri, ən yaxşı halda, sosial şəbəkələrdə anormal statuslar yazmaq, mənasız bəyanatlar verməklə kifayətlənirlər. Bu statusların da əsasını müxalifət liderlər tərəfindən xalqın qınanılması dayanır. Bildirilir ki, mitinqlərə xalq gəlmir.
Enerji daşıyıcılarının qiymətlərlə bağlı Tarif Şurasının bir neçə gün əvvəl çıxardığı qərarı isə müxalifəti qış yuxusundan dırnaqarası ayıltdı. Yenə də həqiqətə uyğun olmayan məlumatlar verməklə, ölkədə təxribata yol açmaq, bununla da diqqəti özlərinə cəlb etməyə çalışırlar. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanda qiymətlər bu səviyyə Avropa dövlətlərinə nisbətən, yenə də aşağıdır. Bunun üçün Avropa dövlətlərindəki enerji resurslarına tətbiq edilən qiymətlərə nəzər salmaq kifayətdir. Belə ki, Aİ-95 markalı benzin və dizel yanacağının bir litri Andorra, Avstriya, Belarus və Belçikada müvafiq olaraq 0,899 və 0,818, 1,024 və 0,975, 0,68 və 0,48, 1,293 və 1,046 avrodur.
Bu göstəricilər Finlandiya, Fransa, Almaniya və Yunanıstanda, müvafiq olaraq, 1,216 və 0,990, 1,173 və 1,027, 1,211 və 1,061, 0,917. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, həmişə olduğu kimi, hökumətdə qiymət artımı ilə bağlı aşağı təbəqənin də maraqları nəzərə alınır. Kommunal xidmətlərdə qiymət artımlarına müvafiq olaraq, əhalinin də sosial gəlirlərinin artırılması istiqamətində müvafiq qərarlar qəbul edilir. Bu isə, bir daha sübut edir ki, Azərbaycan rəhbərliyini düzgün iqtisadi siyasət yürütməməkdə ittihamlayan müxalifətin irəli sürdüyü bütün arqumentlər əsassızdır.
Tural Abbaslı: "Yalnız siyasi yetkin olmayan siyasətçilər bu məsələdə xalqı günahlandıra bilərlər"
Sözügedən məsələ ilə bağlı "AG" Partiyanın lideri Tural Abbaslı bildirib ki, hər bir qiymət artımı istənilən normal siyasi mühitə malik olan dövlətlərdə müxalifət üçün bir bəhanədir: "Elektrikin və qazın qiymətindən əvvəl daha ciddi artımlar baş verdiyi zaman belə, xalq reaksiya vermədi. Düşünürəm ki, yalnız yetkin olmayan siyasətçilər bu məsələdə xalqı günahlandıra bilərlər. Çünki birincisi, siyasətçi özünü xalqa uyğunlaşdırmaldır. Xalq özünü hansısa liderə və ya siyasətçiyə uyğunlaşdırmalı deyil".
T.Abbaslı bildirib ki, Azərbaycanda xalqın müxalifətin ətrafında toplanmamasının günahı müxalifətin özündədir: "İllərdir ki, eyni simalar, təşkilatlar oxşar şüarlarla xalqın qarşısına çıxırlar. Belə bir misal var ki, yalançı çobanın evi yandı, kimsə ona inanmadı. Bax, indi həmin vəziyyətdir. Xalq artıq bu məsələlərə reaksiya vermir. Artıq "Siz gəlin, biz sizi qələbəyə aparacağıq" kimi şüarlarla insanları küçələrə çıxarmaq olmaz".
Müxalifətin qiymət artımından istifadə edərək əhalini öz tərəfinə çəkməsi isə heç bir fayda verməyəcək
Dağıdıcı müxalifət anlamalıdır ki, Azərbaycanda qiymət artımı siyasi konyuktura xarakteri daşımır və sırf iqtisadi maraqlar nəzərə alınaraq, belə qərar qəbul edilib. Ölkə müxalifəti bu vəziyyətdən sui-istifadə edərək əhalinin narazı, aztəminatlı təbəqəsini öz tərəfinə çəkməyə çalışması isə, heç cür mümkün deyil. Çünki insanlar müxalifəti qətiyyətlə rədd edir.
Rəfiqə HÜSEYNOVA