"Əli Kərimlini nəzərdə tutduqlarını iddia edən gənclər hüquqşünası təhqir etdilər"
Son günlər Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi, hüquqşünas Qurban Məmmədovun sosial şəbəkələrdəki paylaşımları, ittihamları müxalifət düşərgəsində çaxnaşma yaradıb. Q.Məmmədov 2013-cü ildə qanunu pozduğuna görə Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə ittiham olunan zaman da müxalifət düşərgəsində böyük bir parçalanma baş vermişdi. "Azadlıq.info" 04.06.2013-cü il tarixində "Qurban Məmmədovun həbsinə ilk reaksiya AXCP sədrindən gəldi" başlıqlı yazı dərc etməklə ADP sədri və onun qardaşı Q.Məmmədovla aralarındakı düşmənçilik münasibətlərini "ört-basdır" etməyə cəhd etsə də, əslində, "mehriban düşmən" belə ola bilmədilər. Həmin ilin iyun ayının 14-də AXCP sədri Ə.Kərimli, sədr müavini Gözəl Bayramlı, partiya fəalları Nüşabə Atakişiyeva, Xalid Qarayev Q.Məmmədovun ailəsinə baş çəkdilər. Ancaq AXCP sədri Ə.Kərimlinin Q.Məmmədovun həbsindən dividend qazanmaq cəhdləri iflasa uğradı. Q.Məmmədov azadlığa çıxandan sonra da nə Müsavat, nə də AXCP ilə münasibət qurmadı, "siyasi etika" olsun deyə, onun ümumi halda etdiyi "təşəkkür"dən bəhrələnmək də dağıdıcı müxalifətə nəsib olmadı. Kəsəsi, Q.Məmmədovla dağıdıcı müxlaifət arasında münasibətlər heç vaxt normal olmayıb, onlar arasındakı əlaqə daim qarşılıqlı ittihamlarla müşahidə olunub. Eyni zamanda, Q.Məmmədovun son günlər sosial şəbəkələr vasitəsilə dağıdıcı müxalifətlə bağlı çatdırdığı mesajlar bəzi qaranlıq məqamları üzə çıxarır. Xüsusilə, onun iki gün öncə çox sərt şəkildə müxalifət düşərgəsinə sual ünvanlaması, onları "namussuz"luqda ittiham etməsi "obyekt"in kim olması sualını ortaya çıxarır?
Q.Məmmədov dekbarın 1-də Feysbuqda yazır: "Ölkəmizdə, sizcə, namusu alınan neçə "müxalifətçi" var? Onun bu statusuna şərh yazan AXCP-nin keçmiş fəalı Müşviq Rəhimov çox sərt şəkildə yazdığı şərhləri bir neçə dəqiqə sonra silmiş olur. Lakin xeyli korrektə etdikdən sonra "yumşaq" şəkildə Q.Məmmədova dəstək verir: "Bunların sayını bilmək üçün gərək arxivlər açılsın". Bu, həmin M.Rəhimovdur ki, AXCP-nin rəhbərliyində təmsil olunan şəxsləri 2 il öncə satqınlıqda, şərəflərini satmaqda ittiham edərək, partiyadan istefa vermişdi. "Elnur M." saxta profili ilə şərh yazan şəxs isə Q.Məmmədovun ünvanına təqhir dolu fikirlər səsləndirdi, yazdığı statusda Ə.Kərimlini nəzərdə tutduğunu iddia etdi. Ancaq bir neçə dəqiqə onun da şərhi səhifədən silinmiş oldu.
Hüquqşünasın xəcalət təri... və ya söz ardı
Q.Məmmədov o kəslərdəndir ki, Azərbaycan polisini daim söyüşlərlə təhqir edərək, asayiş keşikçilərinin nüfuzuna xələl gətirməyə cəhd eləyib. Son dövrlərə qədər Q.Məmmədovun hər addımbaşı polislərlə olan haqsız mübahisələri barədə mətbuatdan demək olar ki, hər gün eşidib oxuyurduq. Yol hərəkəti qaydasını pozan Q.Məmmədova protokol tərtib olunurdusa, dərhal bunu siyasiləşdirib, özünə qarşı "repressiya" kimi dəyərləndirirdi. Məsələn, əvvəllər günün istənilən vaxtında ADP-nin yerləşdiyi köhnə Çapayev küçəsindən keçsəydik, yol kənarından Q.Məmmədovun ya sürücülərlə daval-dalaşının, ya da polislərə göstərdiyi yersiz müqavimətin şahidi olurduq. Müxalifətçi olduğuna görə polislər, məmurlar, dövlətdən maaş alan pensiyaçını da "xəyanət"də ittiham edib onunla da dalaşan Q.Məmmədov haqq yoluna gəlib. Özü demişkən, etdiyi haqsızlıqlardan xəcalət təri basıb onu. Artıq düzəlib, qanunlarla əhliləşib deməyək, ayıb olar. Q.Məmmədov bir neçə gün öncə yazırdı:
"Bu gün heç vaxt unutmayacağım bir ibrət dərsi aldım.
Dayanacaq qəbzini kiçik parçalara ayırıb maşınımın pəncərəsindən atdım. Arxadan gələn DYP əməkdaşları maşınımı saxlatdılar.
- Ağsaqqal, maşının pəncərəsindən şəhərimizə zibil atdınızmı?
- Bəli, atdım, səhv etdim, üzr istəyirəm. Protokol yazın, gedib cəriməmi ödəyim ki, mənə dərs olsun.
- Yox, ağsaqqal, siz ki səmimiyyət göstərib, bəzi sürücülər kimi, bizimlə mübahisə etmədiniz, sizə protokol yazmayacağıq. Düşünürük ki, şifahi xəbərdarlıqla kifayətlənmək yetər sizinlə. Yaxşı yol, gedə bilərsiniz.
- Çox sağ olun-deyib, ayrıldıq.
Məni xəcalət təri basdı. Bu, mənə ikiqat dərs oldu".
Etiraf yaxşı şeydir, məsələn, bunu hər müxalifətçi, xüsusilə də, cəbhəçilər, ümumiyyətlə bacarmaz. Bütün günü sosial şəbəkələrdə Azərbaycan polisi haqqında ağzına gələni yazan cəbhəçilər sürdüyü maşını divara çırpan kimi dərhal polisə zəng vurur. Hər şey qaydasına qoyulandan, təhlükə sovuşandan, maşını düzələndən və polis həqiqi günahkarı tapıb cəzalandırandan sonra orda polisə "təşəkkür edirəm" deyib sonra internetdə riyakarlıq etməyi başa düşmək olmur ki, olmur.
Samir