TƏRS BAXIŞ
Mirmahmud Mirəlioğlunun çağırışına "hay" verən olmadı
Müxalifət düşərgəsində mövcud olan çoxsaylı birlik və əməkdaşlıq mərkəzlərinin ildə bir-iki dəfə bir araya gələrək, mediada reklam olunmaq xətrinə "poz" vermələri artıq bir ənənəyə çevrilib. Bir qovluq və bir sədrdən ibarət olan siyasi təşkilatlar belə, bu kimi birliklərdə təmsil olunurlar ki, onların "siyasi fəaliyyətləri" ən azından informasiya saytlarında və qəzetlərdə dərc edilsin. Ancaq fakt budur ki, belə "fəaliyyətlərin" nə ictimai rəyə, nə də ki, ölkədə cərəyan edən müxtəlif proseslərə heç bir səmərəsi, təsiri, ümumiyyətlə yoxdur.
Əgər müzakirələr aparılıbsa, həmin müzakirələrin yenidən aparılmasına nə ehtiyac var?
Xatırlatmaq yerinə düşərdi ki, müxalif düşərgədə adı olub, fəaliyyəti olmayan daha bir qurum - "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzi də yaradılmışdı ki, həmin qurumda 5-6 kiçik partiyalar təmsil olunurdular. Parlament və prezident seçkilərindən sonra isə onların bu fəaliyyətləri də yox oldu.
Məhz bundan sonra təşəbbüsü ələ alaraq, adıçəkilən qurumu dirçəltməyə çalışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu növbəti təkliflə çıxış edib. Ancaq onun dağınıq halda olan müxalifətin yenidən bir araya gəlmək təklifləri dəstəklənməyib.
Məsələn, o, mətbuata açıqlamasında bildirib ki, "bir neçə siyasi partiya sədri bir araya gəldi və müəyyən müzakirələr aparıldı və müzakirələr davam edir".
Burada belə bir sual yaranır: əgər müzakirələr aparılıbsa, həmin müzakirələrin yenidən aparılmasına, yəni yenidən uğursuz birlik şəklindəki fəaliyyətə nə ehtiyac var?
KXCP sədri: "Müzakirələrdə iştirak etməyənlər də var"
KXCP sədri bu sualı elə cavablandırıb ki, həmin cavabın özü də "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzinin yoxluğunu tam şəkildə ortaya qoyur. Məsələn, Mirəlioğlu bildirir ki, aparılan danışıqlar və müzakirələr tam başa çatmayıb: "Odur ki, yenidən toplaşıb müzakirələri davam etdirəcəyik. Bu toplantıya hər kəs dəvət olunur. Qeyd edim ki, "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzində belə qərar verildi ki, digər partiyaların sədrləri də dəvət edilməklə müzakirələr aparılsın. Hamısı da dəvət edilib...
Diqqət yetirək: KXCP sədri bir tərəfdən "müzakirələr aparılır" deyir, o biri tərəfdən isə elan, ya da çağırış edir ki, "bu toplantıya hər kəs dəvət olunur". Maraqlıdır, müzakirələr aparılırsa, daha oraya əlavə kimləri isə dəvət etməyə nə ehtiyac var?
Fakt budur ki, bənzər qurumlar "çevir tatı, vur tatı" prisnipindən o tərəfə keçmir
Tutaq ki, hər hansı bir partiya sonradan M.Mirəlioğlunun çağırışına qatılaraq, müzakirələrə qoşulmaq istəyəcək. Bu zaman daha öncəki müzakirələr və orada qəbul edilən qərarlar yeni qoşulanlar üçün təzədən gündəməmi gətiriləcək? Hər halda, fakt budur ki, bənzər qurumlar "çevir tatı, vur tatı" prisnipindən o tərəfə keçmir və məqsəd, sadəcə, olmayan fəaliyyəti ictimai rəyə zorla sırımaqdan ibarətdir. Əbəs yerə deyil ki, baş "klassik" sonda onu da etiraf edir ki, sözügedən toplantılarda iştirak etməyənlər də var. Bu isə, reallığa qalanda "Azadlıq" siyasi partiyaların əməkdaşlıq mərkəzinin dağılmasının göstəricisidir. Onların özləri də bunu dolayısı ilə olsa belə, etiraf etməkdədirlər.
Qətiyyətsiz və iradəsiz olanların isə heç vaxt ciddi təsir imkanları və cürətləri olmayıb
Sonda isə xatırlatmaq yerinə düşərdi ki, parçalanmış və müxtəlif hissələrə bölünərək, ayrı-ayrılıqda müxalifətçilik edən təşkilatlar bundan artıq irəli getmək iqtidarında deyillər. "Milli Şura", "MSDM", "Antiböhran Koalisiyası" və sair adları olub, özləri olmayan təşkilatların siyasi ölüm saatları çoxdan yaxınlaşsa da, onlar bunu nə dərk, nə də qəbul edirlər. Reallıqla barışmaq da siyasətdə uğur sayılır. Əlbəttə ki, onlara belə uğur qazanmaq sərf etmir və bundan sonra da etməyəcək. Çünki həqiqəti etiraf etmək üçün güclü siyasi iradəyə və qətiyyətə malik olmaq şərtdir. Qətiyyətsiz və iradəsiz olanların isə heç vaxt ciddi təsir imkanları və cürətləri olmayıb.
Rövşən NURƏDDİNOĞLU