PDF Oxu

Müxalifət

  • 2 324

Nə AXCP, nə də Müsavat siyasi arenadan salamat çıxmayacaq

image

TƏRS BAXIŞ

Partiyalararası savaş tam sürəti ilə davam edir, qarşıdurmalar isə səngimir

Son günlər AXCP ilə Müsavat partiyaları arasındakı soyuq münasibətlərin daha da gərginləşməsi, növbəti dəfə sübut edir ki, adıçəkilən siyasi təşkilatlar arasındakı vəziyyət bundan sonra, ümumiyyətlə, yaxşılığa doğru dəyişilməsi mümkün deyil. Xüsusilə, bir neçə ay öncə keçirilmiş mitinqlərdən sonra kimin hansı "səviyyədə" aksiya keçirməsi üstündə baş aldırmış qarşıdurmalar bu gün də sosial şəbəkədə və mediada davam edir.

Barışmadıqlarını, hətta barışmayacaqlarını aşkar şəkildə sərgiləməkdədirlər

Məsələn, cəbhə sədri Ə.Kərimlinin müavinləri N.Məmmədli və G.Bayramlıdan Müsavat partiyasına qarşı yönəlmiş ittihamlar ayrı-ayrılıqda AXCP-nin müsavatçılara qarşı yeni hücum taktikasının olduğunu göstərir. Hər halda, Kərimli və ətrafında olanlar bu gün də Müsavatın onlarla bir yerdə olmaqdan imtinası addımı ilə barışmadıqlarını, hətta barışmayacaqlarını aşkar şəkildə sərgiləməkdədirlər. Ümumiyyətlə, bu proses özünü dəfələrlə təkzibedilməz şəkildə təkrar edib. Məsələn, bir neçə gün öncə AXCP-nin sədr müavini, "Milli Şura"nın üzvü N.Məmmədli açıqlamasında bildirib ki, "Bir sıra partiyaların təmsilçiləri AXCP üzvlərinə qarşı əsl düşmən kimi davranırlar". Cəbhə funksionerləri burada konkret ad çəkməyə ehtiyat etsə də, söhbətin Müsavat partiyasından getdiyi kimsəyə sirr deyil.

Digər AXCP və "Milli Şura" funksioneri G.Bayramlı isə kəskin şəkildə bəyan edib ki, Müsavat funksionerləri "Milli Şura"nın tədbirini müzakirə etməkdənsə, gedib öz problemləri ilə məşğul olsunlar".

O da deyir, bu da deyir...

Məhz belə bir məqamda Müsavat partiyası məclisinin sədri N.Sadıqlı qarşı tərəfə cavabı gecikməyib və o, məsələnin tamamilə əksini bildirərək deyib ki, əslində, AXCP-"Milli Şura" cütlüyü bu vasitəylə Müsavata qarşı hücuma keçib. Müsavatçı funksioner bildirib ki, cəbhəçilər mənəm-mənəmliklə məşğul olmaqdadırlar. "Məncə, siyasətdə ən yanlış qərar və hərəkət budur"-deyə billdirən Sadıqlı əlavə edib ki, AXCP və "Milli Şura"dan fərqli olaraq, onlar "birinci mənəmlik" prosesində iştirak etmək niyyətində deyillər. Bununla AXCP və "Milli Şura"nın Müsavatın bostanına atdığı daşı geriyə qaytaran müsavatçı xanım dolayı yolla düşmən münasibətində olduqları cəbhəçilərə qarşı ittihamlarını davam etdirib: "Çox təəssüflər olsun ki, bəzi siyasi partiyalar, yəni AXCP və ya "Milli Şura" mübarizəsini müxalifətin daxilinə daşıyır, bunun üçün işləyir, mübarizəni Müsavatla aparır".

Maraqlı məqamlardan biri də N.Sadıqlının belə bir qarşıdurma və savaş əsnasında yenidən Müsavatı "ana müxalifət partiyası" qismində təqdim etməsidir: "Müxalifət deyəndə, ölkədə bir ana müxalifət var və o da Müsavatdır".

Müsavatçı funksioner Ə.Kərimlinin və ətrafının insanlara yalan danışdığını, çaşqınlıq yaratmaq istədiyini də iddia edib. O, bu iddiasını belə əlaqələndirib ki, AXCP və "Milli Şura" aksiyalar keçirmək istəyərkən, müsavatçıların tədbirlərinə əngəl yaratmağa cəhd göstərirlər: "Yəni insanları aldatmaq, çaşdırmaq, yanlış rəy formalaşdırmağa yönələn siyasət yürüdürlər".

Azərbaycan müxalifətinin bu xəstəliyi hələ də qalmaqdadır

Bu arada AXCP və Müsavat arasında yaşanan yeni və daha gərgin böhrana digər müxalifət partiyalarından da münasibətlər bildirilməkdədir. Belə ki, ADP sədri S.Cəlaloğlu AXCP və Müsavat arasındakı qarşıdurmaları önə keçmək istəyinin ifadəsi kimi qiymətləndirib. S.Cəlaloğlu hesab edir ki, müxalifət birincilik uğrunda mübarizə aparır: "...Ayrı-ayrı partiyaların bir-biri ilə "ana müxalifət mənəm" yarışı keçirməsi lazım deyil...Azərbaycan müxalifətinin bu xəstəliyi hələ də qalmaqdadır. Təbii ki, bu da çox yanlış addımdır".

Cəlaloğlu əlavə olaraq, qeyd edib ki, öz aksiyalarında insanların sayını şişirtməklə siyasi reytinq qazanmağa cəhd etmək yanlışlıqdır.

Beləliklə, görünən budur ki, artıq hər iki dağıdıcı müxlaifət partiyaları arasındakı münasibətlər açıq savaş həddinə doğru inkişaf edib və bu dəfə həmin savaşdan heç birinin salamat şəkildə çıxacağını demək olmaz.

Rövşən RƏSULOV

Digər xəbərlər