Rauf Arifoğlu: "AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox!"
Müsavat partiyası ilə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında uzun müddətdir ki, davam edən narazılıq, qarşılıqlı ittihamlar səngimək bilmir. Hələ bir neçə ay bundan öncə, A.Hacılı ilə R.Arifoğlu arasında baş verən narazılıq nəticəsində Müsavat rəhbərliyinə etiraz əlaməti olaraq, partiyanı tərk etmişdilər. Müsavat başqanının müavini Osman Kazımovun sosial şəbəkələrdə yazdığı son status vəziyyəti daha da qəlizləşdirib. O.Kazımovun sosial şəbəkədə "Yeni Müsavat"la AXCP arasında baş verənlərin Müsavat partiyasına aidiyyatı yoxdur", deməsi R.Arifoğlunu əməlli-başlı özündən çıxarıb. Vaxtilə O.Kazımovun AXCP sədri Ə.Kərimlinin ünvanına səsləndirdiyi fikirlər, Müsavat partiyasının AXCP-yə qarşı sərgilədiyi mövqe, məhz "Yeni Müsavat" qəzetində dərc olunurdu. Eyni zamanda, "Azadlıq" qəzeti də "Yeni Müsavatı" qəzeti Müsavat partiyasının "böhtan tribunası" adlandıraraq İ.Qəmbərin, A.Hacılının ünvanına təhqir dolu fikirlər tirajlayırdı. Yəni, bu bir faktdır ki, AXCP və Müsavat arasında uzun illərdir davam edən savaş həm də "Yeni Müsavat"la "Azadlıq" qəzetləri arasında gedir. Bu gün də Ə.Kərimlinin Müsavata qarşı fikirləri "Azadlıq"da dərc olunur. Elə bir neçə gün bundan əvvələ qədər də A.Hacılının AXCP-yə qarşı ittihamları, məhz "Yeni Müsavat" qəzetində yer alırdı.
"Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur"
O.Kazımovun fikirlərinə R.Arifoğlu maraqlı reaksiya verib: "ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün yalvar-yaxar, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri "Yeni Müsavat"ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası... Bunca absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində, Ə.Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi... Bəzi Müsavat üzvləri də, hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. "Yurd"çu Osman Kazımov Ə.Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik...".
R.Arifoğlu rəhbərlik etdiyi qəzetin əməkdaşlarının Müsavat partiyasından istefa verəcəklərinmə də işarə edib: "Onsuz da istər ötən il, istərsə də bu il Ə.Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi. Hamı Dədə Qorqud oldu, bzisə kürəyindən qılınclanan Bamsı Beyrək...".
R.Arifoğlunun O.Kazımova bu şəkildə cavab verməsi A.Hacılıya yaxınlığı ilə seçilən müsavatçıları hərəkətə gətirib. Belə ki, sosial şəbəkələrdə R.Arifoğlunun məlum hadisə ilə paylaşdığı statusa bir sıra müsavatçılar təhqir dolu şərhlər yazır, onu xəyanətdə, müxalifəti parçalamaqda günahıandırırlar. Səbuhi Məmmədov adlı müsavatçının yazdığı şərh maraq doğurur: "Əgər Rauf öz işçiləri ilə tam şəkildə Müsavatdan istefa versə, o zaman ehtiyatlı olsun. Bizim əlimizdə az şey yoxdur".
Samir