PDF Oxu

Müxalifət

  • 2 332

Müxalifətin hay-harayı düşərgədəki real vəziyyəti yenidən ortaya qoydu

image

TƏRS BAXIŞ

Aydın Mirzəzadə: "İstərdim ki, müxalifət heç olmasa iqtisadi məsələlər mövzusunda özünü maarifləndirsin"

Bəlli olduğu kimi, bu günlərdə Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında bir neçə müxalifət partiyası ölkədəki iqtisadi-sosial vəziyyəti müzakirə etmək üçün tədbir keçirib.

Tədbirdə ADP, ALDP, Azadlıq, Milli Dövlətçilik, Ağ Partiya, Xalq, Böyük Azərbaycan, KXCP, VİP, ADR hərəkatı və digər təşkilatlar iştirak edib. VİP sədri Əli Əliyev isə deyib ki, tədbirlər bağlı AXCP və Müsavat partiyasına dəvət göndərilməyib. Belə ki, tədbirdə iştirak edən partiyaların böyük əksəriyyəti əvvəl "Antiböhran Koalisiyası"nda təmsil olunublar.

VİP sədri nə Müsavata, nə AXCP-yə, nə də "Milli Şura"ya toplantıda iştirak etməkdən ötrü dəvət məktubu göndərilmədiyini bildirib

Lakin bununla yanaşı, Ə.Əliyev bildirib ki, gələcəkdə müxalifətin bütün palitrası bu toplantıya dəvət edilə və müzakirələr aparıla bilər.

Yeri gəlmişkən, xatırladaq ki, müxalifətin sözügedən toplantısı siyasi simulyasiya xarakteri daşıyıb və guya düşərgə "liderləri" Tarif Şurasının son qərarından "narahat" olduqlarını nümayiş etdiriblər. Halbuki onların toplantısına qədər enerji qiymətlərinin artırılması ilə bağlı dövlətin müvafiq orqan rəhbərləri tərəfindən kifayət qədər əhatəli məlumatlar verilib və bunun əhalinin aztəminatlı təbəqəsinə heç bir aidiyyatının olmadığını müxtəlif faktlarla bəyan edib.

"Milli Şura"nın funksioneri: "Onlar vaxtı ilə "Milli Şura"dan uzaqlaşıb və "Milli Şura"ya ciddi zərbələr vurublar"

Ancaq buna rəğmən, ölkənin ictimai rəyində heç bir nüfuzları olmayan partiya "liderləri" sözügedən məsələdən öz məqsədləri üçün istifadə edərək, guya "problem" ətrafında "fikir mübadilələri" apardıqlarını göstərməyə cəhd ediblər.

Daha bir marqlı məqam isə "Milli Şura"nın bu toplantıya qarşı sərgilədiyi münasibətdir. Bayaq da, qeyd edildiyi kimi, VİP sədri nə Müsavata, nə AXCP-yə, nə də "Milli Şura"ya toplantıda iştirak etməkdən ötrü dəvət məktubu göndərilmədiyini bildirib. Amma maraqlısı da budur ki, qarşı tərəf toplantının işini "topa" tutmaqla yanaşı, onları aşağılamağı da unutmayıb. Məsələn,"Onlarla əməkdaşlıq mümkün deyil və bu, prinsipial mövqedir"-deyə fikir bildirən "Milli Şura"nın "koordinasiya mərkəzi"nin üzvü Rafiq Manaflı deyib ki, onun, ümumiyyətlə, həmin partiyalar barədə məlumatı mövcud deyil: "Mənim 11 partiyanın ADP qərargahına toplanıb müzakirə aparması haqda informasiyam yoxdur. Bu görüşü mütəmadi keçirib-keçirmədikləri, onların blok yaradıb-yaratmadıqlarını da bilmirik".

"Həmin görüşə "Milli Şura"nın dəvət olunması haqda bizdə xəbər yoxdur"-deyə qeyd edən Manaflı özlərinin toplantı keçirdiyini, əksinə, qarşı tərəfi bu toplantıya dəvət etmədiklərini deyib bildirib: "Həmin toplantıda şuranın rəhbər heyəti iştirak edib. Amma "Milli Şura"nın bu tədbirə dəvət edilməsi haqda hər hansı bir məsələ olmayıb. Bu halda, onlar kimi dəvət ediblər?"

"Milli Şura"nın üzvü etiraf edib ki, əslində, onlar belə tədbirə dəvət alanda iştirak etmirlər: "Həmin 11 partiyanın içərisində "Milli Şura"nı yaradan, hətta təsisçisi olan partiyalar mövcuddur. Onlar vaxtı ilə "Milli Şura"dan uzaqlaşıb və "Milli Şura"ya ciddi zərbələr vurublar. Son prezident seçkilərindən sonra onların fəaliyyətləri, faktiki olaraq, bizim yollarımızı ayırıb. Artıq onlarla əməkdaşlıq mümkün deyil və bu, "Milli Şura" üçün prinsipial mövqedir. Əməkdaşlıq üçün, əslində, heç situasiya da mövcud deyil. Bu gün əməkdaşlıq söhbətinin, ümumiyyətlə, müzakirə müstəvisinə çıxarılmasının əsasları yoxdur".

YAP Siyasi Şurasının üzvü: "Dünən əleyhinə getdiyi qərarı bu gün müdafiə etməsi, üstəlik, bu zaman alternativ təklif verməməsi Azərbaycan müxalifətinə xas olan xüsusiyyətdir"

Göründüyü kimi, mövcud müxalifətin hansı cinahda dayanmasından asılı olmayaraq, hətta fikirləri eyni olduğu zaman bir araya gəlmək gücləri, maraqları tamamilə tükənmiş vəziyyətdədir. Belə olan vəziyyətdə, həmin qurumlarda aparılan sözdə müzakirələr də əhəmiyyət daşımır. Çünki bu, onların aşkar sifətlərinin göstəricisidir. Əgər onlar, həqiqətən də, real müxalifət olsaydılar, ən azından bir yerə toplaşıb müzakirələr aparmağa güc tapmalıydılar. Bu isə yoxdur...

Məhz həmin mühiti hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə maraqlı şəkildə izah edib. "Məsələyə məntiqli yanaşmaq lazımdır. Müxalifət bu gün Taarif Şurasının qaz və elektrik enerjisi ilə bağlı elan etdiyi yeni tariflərə etiraz edir. Başqa sözlə, müxalifət 2007-ci ildə Taarif Şurasının qaz və elektrik enerjisinə tətbiq etdiyi taarifləri müdafiə edir. İş ondadır ki, 2007-ci ildə Taarif Şurasının həmin qərarına da etiraz edirdilər. Bəs məntiq hanı?"-deyə sual edən YAP rəsmisi bildirib ki,Tarif Şurası hansısa səbəbdən, qiymətlərə yenidən baxanda, müxalifət 2016-cı ildə etiraz etdiyi indiki tariflərlə bağlı qərarı da müdafiə edəcək: "Göründüyü kimi, müxalifətdə proseslərin gedişatı, iqtisadi durum, qlobalı iqtisadiyyatda yaranan problemlər, məcburiyyət qarşısında atılan addımlarla bağlı aydın təsəvvür yoxdur. Dünən əleyhinə getdiyi qərarı bu gün müdafiə etməsi, üstəlik, bu zaman alternativ təklif verməməsi Azərbaycan müxalifətinə xas olan xüsusiyyətdir".

A.Mirzazadə düşərgə təmsilçilərinin yuxarıda qeyd edilən bir-birlərini bəyənməmə və inkaretmə addımlarını da şərh edərək deyib ki, sayca çox, sosial baza baxımdan zəif olan qrupun məsələlərə ötəri yanaşması təəssüf doğurur. O cümlədən, düşərgə "liderləri" hay-haray salıb diqqəti öz üzərlərinə cəlb etməkdənsə, maariflənmə ilə məşğul olmalıdırlar. Çnüki onların "bəyanatları" heç bir məntiqə sığmır: "Hakimiyyət Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırmaqda maraqlıdır. Amma bu gün məlum addımlar atılmasa bir ildən sonra vəziyyət daha ağır ola bilərdi. Elektrik enerjisi və qazla təminatda problem yarana bilərdi. İstərdim ki, müxalifət heç olmasa iqtisadi məsələlər mövzusunda özünü maarifləndirsin".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər