TƏRS BAXIŞ
AXCP-Müsavat qarşıdurması aqressiv qüvvələrin əsl məqsədlərinin nədən ibarət olduğunu bir daha üzə çıxarıb
Müsavat partiyası ilə AXCP arasında gedən qarşıdurma və söz savaşları tam sürətilə davam edir. Hətta belə demək mümkündür ki, adıçəkilən iki aqressiv partiya arasında baş verənlər analoqsuzdur və ölkədə fəaliyyət göstərən digər müxalifət partiyaları arasında bənzər savaşlar olmayıb.
Artıq tam əminliklə qənaətə gəlmək olar ki, mövcud məcrada cərəyan edən hadisələr dəfələrlə hər iki partiya yetkililərinin siyasi maskalarının yırtıldığını və bu dağıdıcı qüvvələrin nəyə qadir olduqlarını çılpaqlığı ilə cəmiyyətə nümayiş etdirilib. Biz bunu, ilk növbədə, sosial şəbəkələrdə qarşılıqlı ittihamlarla, təhqirlərlə, söyüşlərlə müşahidə etmək olar.
Bu gün söy, təhqir et, "satqın", "yaltaq" adlandır, sabah yenə "dost" ol...
Məsələn, hələ 2013-cü ildə Müsavat partiyası "Milli Şura"dan çıxarkən, AXCP ilə aralarında yaşanan söyüş və təhqirlər dalğası iki təşkilatın aşkar sifətlərini ortaya qoymuşdu. Sonradan Müsavat partiyası sosial şəbəkələrdə və mediada qarşı tərəfə cavab verməmə moratoriumu elan etdi, AXCP isə bundan maksimum yararlanaraq, daha kəskin söyüş kampaniyasına başladı. Hətta Ə.Kərimlinin feysbukdakı söyüş qrupu bu məsələdə öncəkindən də fəal davrandı. Nəticədə, Müsavat tərəfi də moratoriumu çox saxlaya bilmədi və yenidən ara qarışdı.
Bu gün də belədir və susan tərəf yoxdur. Çünki Azərbaycan ictimaiyyətinə tanış olan bu kimi dağıdıcı, destruktiv qüvvələr belə oyunlardan kifayət qədər çox çıxıblar. Onlar yeri gələndə, hansısa bəhanələrlə "birləşiblər", hansısa seçkidə birgə iştirak etmək istəyiblər. Əgər xatırlayırsınızsa, 1998-ci il prezident seçkiləri ərəfəsində onlar "SİDSUH" ("Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat") adlanan təşkilatda "birləşdilər". Lakin AXCP və Müsavat partiyası "vahid namizəd" məsələsində ümumi qərara gələ bilmədilər. Seçki boykot olundu və "SİDSUH" yoxa çıxdı. Həmin vaxtlarda tərəflər arasında qarşılıqlı ittihamlar, təhqirlər uzun müddət davam etdi. Çoxları düşünürdü ki, bu iki partiya arasında münasibət birdəfəlik pozuldu. Amma növbəti seçkilərdə belə düşünənlər yanıldıqlarını gördülər. Bunlar heç nə olmamış kimi elə "mehribanlaşdılar" ki, hətta iki partiyanın birləşməsindən də dəm vurdular. Lakin bu da çox çəkmədi. Növbəti parlament və prezident seçkilərində başqa oyunlar oynadılar. İndi yenə də hər iki tərəfin yetkililəri açıqlama verərkən bildirirlər ki, qarşı tərəf körpüləri tamamilə yandırıb, ona görə də bundan sonra əməkdaşlıq qeyri-mümkün görünür. Görəsən, bu, sayca neçənci yanan körpüdür?
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin açıqlaması isə deyilənləri bir daha təsdiq edir. O, müsavatçıları ikiüzlü adlandırıb: SİTAT: "Siyasət elə bir sahədir ki, orada daimi dost, daimi düşmən olmur. Orada münasibətlər mövcud ictimai-siyasi proseslərə uyğun qurulur". Deməli, bu gün söy, təhqir et, "satqın", "yaltaq" adlandır, sabah yenə "dost" ol. Əhsən sizin apardığınız ikiüzlü siyasətə..."
Hər ağızdan bir avaz gəlir...
Lakin fakt budur ki, onsuz da ölkə ictimaiyyətinə tanış olan bu cür qüvvələr etimadı, inamı XX əsrdən itiriblər. Amma belə görünür ki, xalq XXI əsrdə yenə siyasi buqələmunların köhnə oyunlarına tamaşa etmək məcburiyyətindədir.
Bu arada AXCP-"Milli Şura" və Müsavat arasındakı vəziyyət bir qədər də kəsginləşib. Artıq bu şəxslər bir-birinin evini güddürür və hansı mal-mülkə sahib olduqları barədə mətbuata məlumat ötürürlər. Həqiqətən, düşərgədə çox xoşagəlməz vəziyyət yaranıb ki, bu da ictimai rəyin gözündən yayınmır, xüsusilə də, siyasətlə maraqlanan tərəflərin.
Bəlli olduğu kimi, Tarif Şurasının məlum qərarından sonra müxalifətçilər ayrı-ayrılıqda guya qərarlardan narazı olduqlarını göstərməkdən ötrü minbir oyuna girib siyasi sirk tamaşaları göstərdilər. Adını da qoydular ki, "xalqı dəstəkləyirlər". Halbuki xalq dövlətin yürütdüyü siyasətlə birgədir və radikal müxalifət "liderlərindən" fərqli olaraq, Tarif Şurasının verdiyi qərarı, o cümlədən, dövlətin müvafiq orqanlarının açıq şəkildə verdiyi anlamlı bəyanatları dərk edir. Bunlar isə indi əllərinə girəvə düşməsindən sui-istifadə edərək, siyasi ambisiya dalınca qaçmağa başlayıblar. Üstəlik, bir-birlərini bəyənməyə-bəyənməyə...
Faktıdr ki, bu çirkin oyunlardan xalq, eləcə də mətbuat bezib. Hər ağızdan bir avaz gəlir. Amma görünən və hiss olunan odur ki, bir-birini çox kəskin şəkildə təhqir edən, satqın, "zombi dəstəsi", "Azərbaycanın taliban"ları, "güdükcü" adlandıran tərəflər, sadəcə olaraq, son anda saman çöpündən yapışmağa çalışırlar. Çox güman ki, yaxın günlərdə bunun nə ilə nəticələnəcəyinin (əslində, bu nəticə uzun illərdir ortadadır - R.N.) şahidi olacağıq.
Rövşən NURƏDDİNOĞLU