PDF Oxu

Müxalifət

  • 2 108

"Xaricdən sifariş alınıb"

image

"Bu yolla xarici qüvvələrdən maddi yardım almağı düşünürlər"

Fəaliyyətsiz halda olan müxalif partiyaların vəziyyətdən çıxış yolu yoxdur. Populist fikirlər, iddialı çıxışlar da onlara yardımçı ola bilmir. Hər fürsətdən öz siyasi məqsədləri üçün yararlanmağa çalışan müxalifət əks-zərbə ilə üzləşməli olur. Fikir verin, son günlər müxalifət partiyaları Tarif Şurasının kommunal xidmətlərin artırılması ilə bağlı məlum qərarı ilə əlaqədar olaraq müxtəlif səpkili toplantılar keçirir və bəyanatlar verirlər. Amma nəticə müxalifətin ziyanına olur. Çünki cəmiyyət müxalifətin məkrli niyyətdə olduğunu, heç bir halda milli maraqları düşünmədiklərini yaxşı bilir. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında müxalifətin istənilən məkrli məqsədinin ictimaiyyət tərəfindən qətiyyətli etirazla münasibət bildirildiyini söylədi: "Dünyanın bütün ölkələrində istər-istəməz qiymətlərdə dəyişikliklər baş verən zaman əhali arasında müəyyən narahatlıqlar olur. Bu da nəzərə alınan bir prosesdir. Ancaq bizim ölkəmizdə olan dağıdıcı müxalifət qüvvələrinin Tarif Şurasının qərarı ilə əlaqədar hay-küy qaldırmaları siyasi maraqlara hesablanıb. Bu da, təbii olaraq, cəmiyyət tərəfindən narazılıqla qarşılanır".

T.Novruzovun sözlərinə görə, müxalifətin bu kimi yarıtmaz fəaliyyətinin arxasında, hər zaman olduğu kimi, xarici qüvvələrin dayandığı şübhəsizdir: "Xaricdən sifariş alınıb. Bu yolla xarici qüvvələrdən maddi yardım almağı düşünürlər. Amma müxalifət nəzərə almalıdır ki, tutduqları bu yol heç də onlara başucalığı gətirməyəcək, əksinə, onları daha da gözdən salacaq".

"Son vaxtlar "Milli Şura" daha çox Müsavatı, ADP, "Ümid" və Klassik Xalq Cəbhəsi partiyasını hədəfə alıb və onlara qarşı ittihamlar irəli sürür. Sizcə, gözdənsalama kampaniyası nədən irəli gəlir" sualına cavab olaraq, T.Novruzov bildirdi ki, bu gün müxalifət düşərgəsini təmsil edən partiyalar arasında gedən bu savaş və mübarizə normal, sivil, siyasi mübarizə olsaydı, qəribə görünməzdi: "Bu kimi savaşlar xaricdən ayrılan maliyyə vəsaitlərini əldə etmək və boş qalan ciblərini doldurmaq üçün aparılan bir savaşdır. Yəni müxalifət düşərgəsində gedən mübarizə biri-birini gözdən salmaq, biri digərindən üstün olmaqla xaricdəki havadarlarının gözünə girmək və bununla da, xaricdən ayrılan maliyyə vəsaitini əldə etmək məqsədi güdür".

T.Novruzov onu da bildirdi ki, bu gün müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin şəxsi ambisiyaları o qədər güclüdür ki, onları milli və dövlətçilik maraqları düşündürmür: "Belə olan halda da, düşərgədə siyasi nailiyyətdən, qələbədən söhbət gedə bilməz. Bu şəxslərin şəxsi ambisiya hissi o qədər güclüdür ki, hətta bu ambisiya hissi partiya, dövlətçilik və dostluq səmimiyyət, insanlıq maraqlarına da güc gəlir. Bu baxımdan, müxalifət təmsilçiləri nə dost ola bilərlər, nə də ki, siyasi maraq bunları birləşdirə bilər. Onlar dağılmağa məhkumdur".

GÜLYANƏ

Digər xəbərlər