PDF Oxu

Müxalifət

  • 2 267

Əli Kərimlinin "virtual siyasəti"

image

Yaxud AXCP sədrinin "facebook" üzərindən partiyasına üzv yazılmaq çağırışı müxalifətçilər tərəfindən məxsərəyə qoyuldu

Bir neçə gündür ki, müxalifət düşərgəsində ardıcıl qalmaqallar yaşanmaqdadır. Partiyaların təmsil olunduqları səmərəsiz birliklər toplantılar keçirir və həmin toplantılarda bir-birlərinə qarşılıqlı ittihamlar irəli sürür, fəaliyyətsizlikdə günahlandırırlar. Görünən isə budur ki, həmin toplantıların heç bir nəticəsi olmur...

Razi Nurullayev Əli Kərimlinin bu vasitə ilə ətrafına adam toplamaq cəhdlərinin uğurlu nəticə tapmasına inanmır

Hətta sosial şəbəkələrdə belə, ictimai rəy bu cür gedişlərə maraq göstərmir. Belə olan vəziyyətdə, AXCP sədri Ə.Kərimlinin "facebook" üzərindən insanları partiyasına üzv yazılmağa səsləməsi isə digər partiya sədrinin onu məsxərəyə qoyması ilə nəticəsini tapıb.

Diqqət çəkən məqamlardan biri də Tarif Şurasının elektrik enerjisinin və təbii qazın qiymətini artırması məsələsində AXCP sədrinin sui-istifadəçiliyidir. Bununla bağlı Əli Kərimlinin sabiq müavini, hazırda alternativ AXCP-yə sədrlik edən Razi Nurullayev bildirib ki, sosial şəbəkə vasitəsilə hər hansı bir çağırış etmək qəbahətli olmasa da, AXCP sədrinin bu vasitə ilə ətrafına adam toplamaq cəhdlərinin uğurla nəticələnməsinə inanmır. Bu, həm də onun partiyasının sıradan çıxmasının açıq etirafı kimi də qiymətləndirilə bilər.

Nurullayev xaqlqın bu kimi müxalifət "lideri" ilə təmas qurmasında maraqlı olmadığını da qeyd edib.

Tural Abbaslı isə AXCP sədrinin məlum addımını "acı həqiqət" adlandırdı

Digər müxalifətçi - "Ağ Partiya"nın sədri Tural Abbaslı isə deyib ki, vaxtilə təbliğat və təşviqat işləri daha çox televiziya və radiolardan asılı idi, indi isə sosial şəbəkələr müxalifətin işini xeyli yüngülləşdirib. Bütün bunlar məsələnin müsbət tərəfi olsa da, mənfi tərəfləri daha çoxdur: "Bu, yeniliklərin müxalifətin, ümumiyyətlə, siyasi kəsimin insanlarla birbaşa ünsiyyətinin qarşısını almasıdır. Real siyasi mübarizələr, daha çox virtual siyasi mübarizələrlə əvəzlənir. Hətta bu gün bəzi "siyasi liderlər"in həyat və fəaliyyətinə baxdıqda, görürsən ki, siyasi fəaliyyəti olmasa belə, virtual aləmdə, sosial şəbəkələrdə 2-3 status yazdıqları üçün özlərini "lider" hesab edirlər. Bu, günümüzün acı həqiqətidir..."

"Ağ Partiya"nın sədri AXCP sədrinə eyham vuraraq, onu məsxərəyə qoyub və sual edib ki, onun sosial şəbəkədə yazdığı statusları 2-3 min nəfər adam "bəyənirsə" nəyə görə mitinqlərinə 200-300 nəfərdən artıq insan toplaya bilmir? SİTAT: "İnsanlar var ki, sosial şəbəkədə statuslarını 2-3 min adam bəyənir, ancaq mitinqə çağırdıqları adamlardan 200-300 nəfəri gəlir. Bu, o deməkdir ki, sosial şəbəkədəki fəaliyyət bəzən reallıqla uyğunlaşmır".

Sosial şəbəkələr belə müxalifətin "liderlərini" ayağa qaldırmaq gücündə deyil

Müxalifətçi partiya sədri düşərgədə mövcud olan acınacaqlı vəziyyətin hökm sürməsini etiraf edib və bildirib ki, hər bir partiyada sıfır özəkləri var: "Yəni adları partiyanın üzvüdür, özləri isə tədbirlərə gəlmir, heç bir üzvlük haqqı vermirlər. Bu gün Azərbaycan siyasi müxalifətində, demək olar ki, bütün partiyaların üzvlərinin ümumi sayının 80 faizindən çoxu bu cür sıfır özəyindədirlər. Balansı doğru-düzgün ölçməyən təşkilat uğur qazanmayacaq".

Beləliklə, fakt budur ki, bu gün insanların daha çox maraq göstərdiyi sosial şəbəkələr belə, müxalifət "liderləri"ni ayağa qaldırmaq gücündə deyil. Çünki bu kimi köhnəlmiş, nimdaş müxalifət xalq tərəfindən rədd edilir. Xüsusilə, AXCP sədri Ə.Kərimlinin məlum addımı və düşərgədəki digər müxalifət partiya sədrlərinin aşkar etirafları da sözügedən amili kifayət qədər təsdiqləyir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər