KÖŞƏ YAZISI
Son günlər "Milli Şura"nın və Müsavatın mitinq, yaxud da yürüş qismində etiraz aksiyası keirmək cəhdləri və həmin cəhdlərin uğursuzluğa düçar olması bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, əslində, ənənəvi müxalifətin siyasi mövcudluqları yox səviyyəsinə qədər enib. Sadəcə, siyasi arenadan tamamilə qeyb olmamaqdan ötrü, onların bir çıxış yolları var ki, bu da mitinq və yürüş planlaşdırmalarıdır. Ancaq keçirilən mitinqlərin səmərə verməməsi, vəziyyəti bir az da gərginləşdirib. Bu baxımdan, hazırda ənənəvi düşərgədə iki düşmən partiyaya çevrilmiş AXCP və Müsavat indi də bir-birlərini zəiflikdə günahlandırırlar.
Əli Kərimlinin Cəmil Həsənli kartı
Yeri gəlmişkən, AXCP sədri Ə.Kərimlinin dirijorluq çubuğu ilə fəaliyyət göstərən və partiyanın filialı təsirini bağışlayan "Milli Şura" da mitinq keçirmək iddiasındadır. Lakin arzuedilən mitinqin də ötən mitinqlərdən hər hansı bir üstünlük təşkil ediləcəyini gözləmək olmaz. Elektorat, tərəfdaş və sosial baza qıtlığını ötən mitinqlərində sübuta yetirən "Milli Şura" rəhbərliyi də, əlbəttə ki, bütün bunları yaxşı bilir. Sadəcə, AXCP sədri əlində saxladığı C.Həsənli kartından öz məqsədləri üçün yararlanması istiqamətində Qərb siyasi dairələrinin və həmin dairələr sayəsində ona pul ötürən erməni lobbisinin göstərişlərini reallaşdırmağa çalışır.
AXCP və Müsavatın mitinq eyforiyasına qapılmaları amili isə maraqdoğurucu nüanslarla zəngindir. Məsələn, maraqlı dairə bununla bağlı deyirlər ki, Müsavatın yürüş-mitinq keçirmək barədə qərarı AXCP-dən geri qalmamağa və real müxalifət görüntüsü yaratmağa hesablanıb.
Yoxların "var" olmaq cəhdləri...
Belə ki, "Milli Şura" bir neçə dəfə mini aksiya keçirsə də, Müsavat da bir neçə mitinqindən sonra heç bir "kütləvi tədbir" keçirməyə nail olmayıb. Çünki Müsavat daha bir problemlə qarşı-qarşıya qalıb. Partiyanın daxilində qurultaydan sonra yaranmış böhranlı vəziyyət və həmin vəziyyətin yaşanması üzündən baş vermiş parçalanmalar və etirazlar adıçəkilən siyasi təşkilatı dağıtmaq təhlükəsi ilə üzləşdirib. Beləliklə, məsələ kifayət qədər aydındır. "Milli Şura" bir tərəfdən, Müsavat da o biri yandan kütləvi aksiyalar keçirmək adı altında düşdükləri böhranlı vəziyyətdən çıxmağı arzu edirlər. Ancaq görünən budur ki, onlar bu kimi addımlarını nə qədər çox atırlarsa, bir o qədər də çətin vəziyyətə düşürlər. Bu amil isə, ənənəvi müxalifətin artıq yox olmasının əyani sübutudur. Yoxların "var" olmaq cəhdləri isə, ən dərin uçuruma doğru yuvarlanmaqdan başqa heç nə ilə nəticələnməyəcək.
RƏFİQƏ