SİYASİ RAKURS
Faktlar, dəlillər, sübutlar yenidən gündəmdədir
AXCP sədri Ə.Kərimlinin "miqrant alveri" ətrafında ortaya çıxan faktlar bu gün də nəzərə çarpmaqdadır. Onu da xatırlatmaq yerinə düşərdi ki, bu təlimatının yayılmasının səbəblərindən biri Avropada olan azərbaycanlı miqrantların davasıdır. Belə ki, Avropada olan azərbaycanlı miqrantlar şəxsi ədavətləri nəticəsində bir-birini ifşa etməyə başlayıblar. Onların mühacirətə necə getmələri haqqında olan sənədlər yayılır və bütün sənədlərdə isə Ə.Kərimlinin imzası var. Məsələ o qədər qabarıq hal alıb ki, artıq "Yurd" sədri də məsələdən baş aça bilmir və bütün sübutları təkzib etməyə çalışır.
Ancaq özü də başa düşür ki, bu sübutların təkzib edilməsi qeyri-mümkündür. Uzun illərdir ki, ənənəvi müxalifətin "lider" kreslosunu işğal edən və pafoslu çıxışlarla özünü "demokrat" kimi təqdim etməyə çalışan Ə.Kərimlinin, əslində, hansı işlər gördüyü artıq hər kəsə bəllidir. İndi məlum olur ki, "Yurd" sədri mühacirətə göndərdiyi şəxslərə "müxalifətçi arayışı"nı 3000 dollara satır. Bunu isə Ə.Kərimlinin mühacirətə göndərdiyi şəxslər təsdiq edir.
Qeyd edək ki, həmin arayışların surəti ölkə mətbuatına, məhz Avropada yaşayan azərbaycanlılar tərəfindən göndərilib. Ə. Kərimlinin rəhbərliyi ilə təşkil olunan mitinqlər də, məhz mühacirətə göndərmək üçün "müştəri" axtarışı vasitəsidir. Məsələn, heç də təsadüfi deyil ki, bir neçə ay öncə təşkil olunan mitinqlərdə adının çəkilməsini istəməyən gənc fəal həmin aksiyada "hökumətə etiraz" etdiyini desə də, "Milli Şura"nın mitinqinə qatılmaqda əsas məqsədinin etiraz etmək olmadığını etiraf etmişdi.
"3000 manata arayış söz veriblər"
Beləliklə, bu şəxs artıq AXCP sədrinə inanmadığını deyərək, hələ də ona verilən vədin yerinə yetirilməsini gözləyir. SİTAT: "Ə.Kərimliyə inanmıram. Bilirəm ki, hər zaman olduğu kimi, yenə də hamını aldadacaq. Onun korrupsionerlərdən qətiyyən heç bir fərqi yoxdur. Sadəcə, dostlarım dedi ki, get, mitinqdə iştirak elə, sonra səni Ə.Kərimli xaricə göndərəcək. Mən də çalışıram ki, həmin arayışı alım və xaricə gedim. Dostum Ə.Kərimlinin yanında olan adamdır. O, mənə vəd verib ki, rəhbərliklə danışıb və onlar mənə arayış verəcəklər. Dostum dedi ki, o arayışın qiyməti 3000 manatdır. Mən nə zaman o pulu ödəsəm, arayışı verib məni xaricə göndərəcəklər".
Faktlar danılmazdır
Ə.Kərimli isə gah sosial şəbəkədə, gah da nəzarətində saxladığı AXCP-yə yaxın mətbu orqanlarda bu sübutları təkzib etməyə çalışır, ancaq bu cəhdləri işə yaramır. Çünki sübutlar çox ciddidir və bunları təkzib etmək mümkün deyil. "Yurd" sədri də bunu anlamağa başlayıb və hədəfi yayındırmağa çalışır. Ancaq ictimaiyyət hər şeyi görür və artıq Ə.Kərimlinin dediklərinə heç kim inanmır. Əvvəllər bu kimi məsələləri "Yurd"un öz media quruluşları gündəmə gətirirdi və bununla da, özlərinə müştəri yığırdılar. Ancaq artıq vəziyyət o yerə çatıb ki, "yurd"çuların özü belə Ə.Kərimliyə etiraz edir. Yuxarıda da qeyd etdiyimiz kimi, yüksək məbləğlər qarşılığında, Əli Kərimlinn imzası ilə verilən arayışları, məhz "yurdçu"lar yayır. Artıq onlarda Ə.Kərimlinin, əslində, kimə və nəyə xidmət etdiyini görür, başa düşürlər.
Qondarma "siyasi mühacir" AXCP üzvü olduğunu desə də, Əli Kərimlinin hansı partiyanın sədri olduğunu bilmir!
Bu arada Almaniyada yaşayan azərbaycanlı mühacirlərdən biri Kərimlinin "mühacir biznesilə" məşğul olduğunu sübut edən sənədlər göndərəcəyini bildirib. Mediada adının hallanmasını istəmədiyini bildirən azərbaycanlı mühacir bunu ölümlə təhdid edilməsi ilə izah edir: "Əli Kərimlinin mühacir biznesinə nəzarət edən şəxslər əlimdə faktların olduğunu bilir və məni ölümlə hədələyir, şantaj edirlər. Ancaq yaxın zamanlarda bütün Azərbaycan ictimaiyyəti Ə.Kərimlinin və onun adamlarının hansı işləri, hansı məbləğ qarşılığında gördüyünü biləcək". Göründyüü kimi, uzun zamandır müxalifətçi maskası altında gizələnən "Yurd" sədri artıq təkzibolunmaz faktlar qarşısında aciz qalıb.
Daha bir mühacir isə sonda Ə.Kərimli tərəfindən aldadıldığını anlayaraq, Azərbaycan Miqrasiya Mərkəzinin hazırda Almaniyada yaşayan rəhbəri Əlövsət Əliyevə müraciət edib. O isə, öz növbəsində, qarşılaşdığı qəribə hadisə barədə social şəbəkədə status yazıb: "Bir həmvətənimiz məsləhət üçün ofisə gəlmişdi. Əvvəlcə Almaniyada olan vəkillərindən şikayət etdi, iki vəkil dəyişib, sonra isə problemini danışmağa başladı".
Müraciət edən şəxs bildirib ki, müxalif partiyanın üzvüdür. İki ildir ki, Almaniya hökuməti ona qaçqın statusu vermir. İmtina qərarı alandan sonra birinci məhkəməsini uduzub: "Şəxs bildirdi ki, qəzetdə müxalifətçi olması haqqında yazı da çap olunub. Amma alman hökuməti baxmır. Qəzetə baxdım, 7 ildir nəşr olunur və həmin yazı çap edilənə qədər cəmi 106 sayı cap olunub. Bu isə, o deməkdir ki, sözügedən qəzet ancaq belə yazıları çap etmək üçün nəşr edilir. Soruşdum ki, hansı müxalifət partiyasının üzvüsən və partiya üzvlüyünü təsdiq edən vəsiqən varmı? Cavab verdi ki, Ə.Kərimlinin partiyasının üzvüyəm, amma vəsiqəm yoxdur."
Göründüyü kimi, Kərimlinin konveyerindən çıxan "siyasi mühacir" və "dissidentlər", hətta adi siyasi bilgilərlə belə məlumatlı deyillər. Artıq bu kifayət qədər özünü təsdiq edir. Bu zaman növbənin hüquq-mühafizə orqanlarında olduğunu güman etmək yerinə düşmüş proqnoz olardı.
Rövşən RƏSULOV