Müsavat başqanı eks-spikerə hədə-qorxu gəlib
"1992 ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu, ilk növbədə, qanunvericiliyin, eyni zamanda, siyasi konyuktura baxımından real idi. R.Quliyev o dövrün termini ilə desək, ölkənin "baş mafiozu", ictimai rəydə ən arzuolunmaz adam idi. Saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu"
Bu fikirləri facebook
" sosial şəbəkəsindəki statusunda Müsavat partiyası başqanı A.Hacılı yazır. A.Hacılı R.Quliyevin vəzifəyə gətirildiyini də xatırladıb: "Rəsul Quliyev elə adamdır ki, onunla ya işləmək, ya da onu öldürmək lazımdır" kimi mənasız konsepsiyanın yiyələri bütün bunlara baxmayaraq, onu əvvəlcə Neft Şirkətinin, sonra isə hökumətin ikinci adamı postuna gətirdilər. Bu da Elçibəy hökumətinin süqutunda həlledici rol oynadı".
Daha sonra A.Hacılı R.Quliyevi öz sıralarına necə qəbul etmələrindən bəhs edib: "Acı həqiqətdir ki, 2003 -cü ildə R.Quliyev İ.Qəmbərin müdafiəçısı olmaq, 2005-ci ildə isə, artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahıb oldu. 2005-ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki, nəticələri hələ də davam edir. Eks-spikerin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır".
Müsavat başqanı R.Quliyevi "buqələmun" adlandırıb: "Əslində, heç olmasa, 2005-ci il hoqqalarından sonra onu dayandırmaq zamanı idi. Təəssüf ki, bəzi dostlarımız öz siyasi maraqlarını düzgün tənzimləyə bilməmişdi.
Ağasif Şakiroğlu: "Arif Hacılı demokrat cildinə girmiş avtoritar düşüncə tərzinə malik parazitdir"
"2003-cü ildə Müsavat partiyası və onun başqanı Rəsul Quliyevə prezidentlik səlahiyyətlərini bölüşdürmək şərti ilə yüksək statusda baş nazirlik postunu təklif edirdi. R.Quliyevin iqtisadi cinayətləri onda yada düşmürdü, indi yada düşür? 2005-ci ildə R.Quliyevin Azərbaycana dönmə məqamında A.Hacılı da, Müsavat başqanı da xalqı R.Quliyevi qarşılamağa dəvət edirdi. İndi nə dəyişdi? R.Quliyev 2003-də, 2005-də bu cinayətləri etməmişdi, bundan sonra edib?" Bu açıqlamanı R.Quliyevin sözçüsü Ağasif Şakiroğlu Müsavat başqanı A.Hacılının R.Quliyev haqqında işlətdiyi fikirlərə münasibət bildirərkən deyib. Bildirib ki, A.Hacılının ittihamlar atması onun sifariş yerinə yetirməsi ilə əlaqəlidir: "Bu cür ittihamlar göstərir ki, A.Hacılı demokrat deyil. R.Quliyev heç bir təhqirə yol vermədən, öz tənqidi fikirlərini bildirib. Tənqidi fikirlərə, tənqidlə yox, təhqirlə cavab vermək, avtoritar düşüncə tərzinin məhsuludur. Bu, A.Hacılının demokrat cildinə girmiş bir avtoritar olduğunu sübut edir. Onun kimi demokrat cildinə girmiş avtoritar düşüncə tərzinə malik parazitlərdir".
Rəfiqə HÜSEYNOVA