TƏRS BAXIŞ
Partiyadaxili qarşıdurmalar səngimir
Müsavat partiyasında, artıq bir neçə ildir ki, davam edən qarşıdurmalar bu təşkilatın get-gedə partiyadan siyasi dərnəyə çevrilməsi prosesini sürətləndirib. Xüsusilə, zamanında partiyanın təsis edilməsi işində canlarını qoymuş tərəflərin məlum saxta qurultaydan sonra ardıcıllıqla siyasi təşkilatdan getmələri A.Hacılı klanının yaranması ilə nəticəsini tapdı ki, hazırda Müsavatın "elektoratı" deyildiyində, məhz onlar nəzərdə tutulur.
Yeri gəlmişkən, hələ A.Hacılı başqanlıq postuna yeni oturduğu vaxt onun saxtakarlıq yolu ilə təşkilatı zəbt etməsini qəbul etməyənlər qərargahları qarşısında etiraz aksiyası keçirdilər. Amma bu, heç nəyi dəyişmədi və gözlənildiyi kimi, Müsavatdan "demokratik" cavab əvəzinə, daha sərt addımlara gedildi - onlarla sıravi üzv uzaqlaşdırıldı, partiya başqanının müavinləri, divan və s. partiyadaxili strukturlara hacıyevçilər gətirildi. Bununla da partiya rəhbərliyi etirtazçılara "özünüzü boş yerə yormayın" ismarıcını verdi.
Yenidən "İSTEFA!" tələbləri
Hazırda da bu proses davam edir. Xüsusilə, sosial şəbəkədə edilən çağırışlar maraq doğurur. Məsələn, Müsavat üzvü kimi qalanlarla Hacılı tərəfdarları arasında aparılan polemikalar artıq bu xüsusdan çıxıb və söyüşlərlə müşahidə olunur. Etirazçılar Müsavat partiyası rəhbərliyinin apardığı siyasətə, üzvlərə qarşı sərt qərarlara etiraz edərək, növbədənkənar qurultayın keçirilməsini tələb ediblər. Aksiya iştirakçıları, həmçinin, Müsavat başqanı A.Hacılıdan və sabiq başqan İ.Qəmbərdən repressiyalara son qoyulmasını tələb edib və hazırkı başqanı istefaya çağırıblar.
Ancaq bu dəfə də başqan A.Hacılının yerinə onun müavini Elman Fəttah çıxış edib. O, etirazçıları müsavatçılıq prinsiplərinə xəyanətdə günahlandırıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə belə mövzuları təşkil edənlər Müsavatda qalmayacaqlar: "Onlar Müsavat daxilində yerləşdirilmiş casuslardır. Mən qəti şəkildə belə şəxslərin partiyada qalmaması məsələsini qaldıracam".
Eyni zamanda, Müsavat məclisinin üzvü, A.Hacılının qardaşı və klanının aparcı fiquru -etirazçılara qarşı radikallığı ilə seçilən Mustafa Hacıbəyli də onların təşkilatdan çıxarılacağını deyərək, daxilində formalaşmış aqressivlik hisslərini gizlədə bilməyib.
Siyasi-mənəvi tənəzzülün sonu...
Yeri gəlmişkən, bir müddət əvvəl, Müsavat sıralarından çıxan sabiq partiya funksioneri Vurğun Əyyib Hacılı klanının ittihamlarını ən kəskin formada qınayıb və daha aşırı mövqe sərgiləyib, etiraz edənləri "agent" adlandıran Müsavat rəhbərliyinə sərt cavab verib: "Etiraz edənləri qəbul edib dinləmək, mövqe ifadə etmək əvəzinə, rəhbərlikdə olanların ən balacasından tutmuş ən böyüyünə kimi nimdaş ittihamlar yağdırır, kiflənmiş damğalar vururlar: satqındırlar, agentura şəbəkəsidirlər, sifariş yerinə yetirirlər və daha nələr. Etiraz edənlərin şəkillərinə, videogörüntülərinə baxıram. Əksəriyyəti illərdir tanıdığım, mübarizədən bir addım da kənara çəkilməyən adamlardır. Çıxışçılar kimlərdir? Mitinqlərin, seçkilərin, partiya tədbirlərinin təşkilatçıları, hərəsi bir rayon təşkilatını quran, möhkəmlədən, yaşadan, partiya rəhbərliyini canları hesabına qoruyanlar, liderlərinə "Primakov agenti", "qorxaq", "iradəsiz!, "satqın" böhtanları yağdıranlara qarşı mərdliklə sinə gərənlər, o təhqirləri söyləyənlərə qarşı hətta düşmənçilik səviyyəsində mübarizə aparan insanlardır. Bu insanlara qarşı sərgilənən mövqe, söylənilən ittihamlar siyasi-mənəvi tənəzzülün sonudur".
Vurğun Əyyub hesab edr ki, Müsavat rəhbərliyi ittihamlarla mübarizə aparır, müsavatçılıq, ləyaqət prinsiplərini və nizamnaməni ayaqlar altına atır və artıq belə prinsiplərin olduğu bir partiyada qalmağın mənası yoxdur.
Beləliklə, fakt budur ki, indiyə qədər atılan addımlar da göstərir ki, Müsavat rəhbərliyi anti-demokrat siyasət yürüdür, özlərinə qarşı hesab etdikləri hər hansı fikri dərhal məhv etmə planı ilə hərəkət edir. Hər halda, baş verənlər partiyada qarşıdurmanın sürətlə böyüməkdə olduğunu göstərir. Bu gedişlə Müsavatın partiya statusunu itirərərk dərnəyə çevrilməsi faktı isə təsdiqini çoxdan tapıb.
Rövşən RƏSULOV