Və yaxud eks-spiker onlara yeni ildə pensiyaya çıxmağı məsləhət görür
Ataların gözəl bir deyimi var: haqq nazilər, amma üzülməz. Deyəndə ki, müxalifət düşərgəstndə olan partiya liderləri 23 ildir ki, yerində sayır, qəbul etmirlər. Bu gün bunu 1996-cı ildən ölkəni tərk edən, ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev bugünkü müxalifətin iç üzünü daha qabarıq şəkildə ortaya qoyaraq, bu liderləri düzgün əxlaqa malik siyasətçi kimi qəbul etmədiyini bildirir: "Çünki onlar anlamırlar ki, siyasət heç də həmişə əxlaq peşəsi hesab olunmayıb".
R.Quliyev onu da bildirir ki, Azərbaycan siyasəti deyilənlərdən xali deyil, yalnız Azərbaycanda fiaskoya uğramış siyasətçilər yenidən revanş götürməyə cəhd edə bilərlər. Eks-spiker "facebook" saytında uğursuzluq faktorlarını müxalifətin təməlinin düzgün qoyulmaması və digər amillərlə əlaqələndirir. R.Quliyev artıq müxalifət düşərgəsindəki durumun, həqiqətən də, onların arxivə atıldığını sübut etdiyini bildirərək yazır ki, yeni ilə kif iyi verən bu "badbaxtlarla" getmək olmaz: "Bu badbaxtların hər seçkiərəfəsi qalib gələcəkləri ilə bağlı iddialar irəli sürmələri, doğurdan da, həyasızlığın son həddidir. Bu gün müxalifətdə olanların hamısı bir nəfər kimi istefa verib getməlidirlər. Çünki nə ölkə daxilində, nə də xaricdə bu hakimiyyətə Azərbaycanda alternativ qüvvə heç mikroskopla belə görünmür".
Ancaq AXCP, Müsavat, ADP... və başqaları sabiq spikerin ittihamlarına aqressiv münasibət bəsləyərək, onun irəli sürdüyü düşüncələrini xəyanət kimi qiymətləndirirlər və bildirirlər ki, "kor-kora kor deməsə, bağrı çatlar".
Sərdar Cəlaloğlu: "Rəsul Quliyev yaxşı olardı ki, öz günahlarından da danışsın"
"Partiya sədrlərini Rəsul Quliyev seçməyib ki, indi də onları istefaya və pensiyaya çağırır". ADP sədri S.Cəlaloğlu R.Quliyevin müxalifətin istefaya getməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib və vurğulayıb ki, onun bu cür hərəkətlərinə təəccüblənir: "Mən başa düşmürəm ki, Rəsul Quliyev uzun müddət Azərbaycandan kənarda yaşamasına baxmayaraq, niyə bu cür hərəkətlər edir. Açığını deyim ki, mən çox təəcüblənirəm".
ADP sədrinin fikrincə, R.Quliyevin müəyyən insanların seçiminə belə hörmətsizlik etməyə, göstəriş verməyə haqqı yoxdur: "Mən bunları anlaya bilmirəm. O, öz günahlarından da danışsın. Yoxsa hərəyə bir eyib qoyub, "mən hamıdan düzgünəm" demək olmaz. Ayının bir sözü var, deyir: "Pis uşaqlarla dostluq eləmə". İndi əslinə baxsan, bu gün "Milli Şura"da müşahidə etdiyimiz bütün hadisələr ayının dediklərinə əməl etməməkdir. Öz yoldaşlarını düzgün seçməyiblər və ona görə də indi bir-birlərini təhqir edir, alçaldırlar. Yaxşı olardı ki, bu məsləhəti R.Quliyev özünə də versin".
Göründüyü kimi, R.Quliyev bu gün müxalifətdə olanların cinayətinin, xəyanətinin qorxusu ilə baş-başa qaldığı üçün öz cinayətlərini, xəyanətlərini belə unutdurmaq istəyir.
Rəfiqə HÜSEYNOVA