PDF Oxu

Müxalifət

  • 2 283

"REAL" hərəkatında sədr problemi böyüdü

image

TEZİS ƏSASINDA

İlqar Məmmədovun Azər Qasımlının üzərində dayanması Natiq Cəfərli-Erkin Qədirli cütlüyünü hərəkətə gətirib

Uzun müddətdir ki, "Respublikaçı Alternativ Hərəkatı"nda səssizliyin hökm sürməsindən sonra, bu qurum daxilində də qarşıdurmalar yaşanmağa başladı. Xüsusilə, hərəkatın sədri İlqar Məmmədovun həbsdə olması adıçəkilən qurumda daxili problemlər yaradıb. Yəni sədrin həbsdə olması funksionerin ziddiyyətli vəziyyətə düşmələrinə səbəb olub. "REAL"ın icraçı katibi Natiq Cəfərli ilə hərəkatın idarə heyətinin üzvü Azər Qasımlı və digər funksioner Erkin Qədirli arasındakı qarşıdurmanın əsas səbəblərindən biri bir neçə ay öncə İ.Məmmədovun həbsxanadan göndərdiyi məktub-müraciətidir. O, hərəkatın idarəsini, məhz A.Qasımlıya həvalə etdiyini sözügedən məktub-müraciətində bildirmişdi. Məhz bundan sonra "REAL"da kəskin ziddiyyətlər meydana gəlməyə başlayıb. Hərəkatdakı etibarlı mənbədən daxil olan məlumatlara görə, A.Qasımlının özünə yaxın üzvləri vasitəsilə təbliğat aparır və bu addım istər-istəməz qarşı tərəfdə qıcıq yaradıb.

Hələ bu ilin əvvəllərindən bəyan edilmişdi ki, "REAL"" partiyaya çevrilir", amma...

İ.Məmmədovun məlum seçim üzərində dayanması ilə yanaşı, daha bir maraqlı faktor mövcuddur. Məsələn, bəllidir ki, N.Cəfərli, E.Qədirli ilə A.Qasımlı arasında daha öncədən həll olunmamış ziddiyyətlər yaşanmaqdadır. Ziddiyyətin əsasını isə "REAL"ın siyasi müxalifət partiyasına çevrilib-çevrilməməsi məsələsi təşkil edir. Çünki hələ bu ilin əvvəllərindən bəyan edilmişdi ki, "REAL" partiyaya çevrilir və bu qurum təsis konfransı çağırmaq üzrədir. Amma nə konfrans keçirildi, nə də partiya yaradıldı.

Beləliklə, A.Qasımlı "REAL"ın daha tez siyasi partiyaya çevrilməsini tələb edib və burada əsas məqsəd onun İ.Məmmədovun sonradan məlum fikrini dəyişərək, ya N.Cəfərlinin, ya da E.Qədirlinin üzərində dayana bilməsindən ehtiyat etməsidir. Ona görə də, mövcud tələbi üzərində dayanaraq, "REAL"ın siyasi partiyaya çevrilməsinini zaman-zaman media vasitəsilə gündəmə gətirir.

Təbii ki, onun bu planından xəbərsiz olmayan N.Cəfərli-E.Qədirli cütlüyü hərəkatın partiyaya çevrilməsi planını maksimum şəkildə gecikdirməyə çalışmaqla, A.Qasımlının sədr olmaq planlarını pozmağa çalışırlar.

"REAL" da yaxın dövrlərdə düşərgədəki digər siyasi partiyaların aqibətlərini yaşamalı olacaq

Yeri gəlmişkən, N.Cəfərli, bir müddət öncə, bu məsələ barədə sosial şəbəkədə və mediada fikirlərini açıqlayıb. Onun fikirlərindən görünür ki, "REAL" müxalifətdə yeni idarəetmə forması gətirsə də, onun partiyaya çevrilməsi planının reallaşdırılması hələ tezdir. "İndi bu prosesi təkmilləşdirmək lazımdır, sonra isə partiyaya çevrilmək məsələsinə baxmaq olar" tipli fikirlərini ortaya atan N.Cəfərlinin qərarını E.Qədirli də dəstəkləyir.

Təbii ki, A.Qasımlı belə düşünmür. Yeri gəlmişkən, N.Cəfərlinin bu ilin oktyabr ayında hüquq-mühafizə orqanlarına çağırılması, bir neçə günlük saxlanılması, ardınca isə həmin hadisə barədə şübhəli fikir bildirməsi də vəziyyətin gərgin olmasına səbəb yaradıb. Məsələn, N.Cəfərlinin hüquq-mühafizə orqanlarına çağırılmasından dərhal sonra onu müdafiə edən tərəf yalnız E.Qədrili oldu. A.Qasımlı isə "Natiq Cəfərlinin həbsi və azadlığa çıxması mənim üçün qaranlıq qalıb" fikrini ortaya atdı. Baş verənlər isə "REAL" üçün heç bir səmərə verməyib. Əksinə, nəzərdə tutulan planlar da reallaşmamış qalıb. Hətta belə qənaətə gəlmək mümkündür ki, əgər "REAL" partiyaya çevrilərsə, hətta A.Qasımlının sədrlik məsələsi gündəmə çıxarsa, onda bu gün ona qarşı eyni mövqedən - etirazlı şəkildə çıxış edən N.Cəfərli və E.Qədirli arasında da münaqişələr yaşana bilər. Partiyaya çevrilməsi ehtimal edilən "REAL" hərəkatını isə qarşıda daha güclü daxili qarşıdurmalar gözləyir. Hətta hesab etmək olar ki, "REAL" da yaxın dövrlərdə düşərgədəki digər siyasi partiyaların aqibətlərini yaşamalı olacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər