TEZİS ƏSASINDA
Və ya "siyasi məhbus" siyahısı tərəflər arasında yeni qarşıdurmalar yaradıb
"Azadlıq" radiosunun Bakı ofisinin sabiq əməkdaşı Xədicə İsmayılın son zamanlar AXCP sədri Ə.Kərimlinin ətrafında toplaşan şəxslərə qarşı ittihamları bu dəfə "Kür Vətəndaş Cəmiyyəti"nin sədri, "Milli Şura"nın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev tərəfə istiqamətlənib. Xüsusilə, "siyasi məhbus" məsələsi ətrafında cərəyan edən hadisələr fonundakı bənzər hadisələrin ardınca O.Gülalıyevin hədəfə alınması isə əbəs deyil. Məsələ ondadır ki, yaxın vaxtlarda onun QHT-si Ədliyyə Nazlirliyi tərəfindən qeydiyyata alınıb və bu amil X.İsmayılın ona qarşı "hakimiyyətə işləyirsən" suçlamasına imkan verib.
Əli Kərimli əlindən çıxan biznesini qorumaq üçün ən yaxşı cavabverici vasitəçi qismində "Kür Vətəndaş Cəmiyyəti"nin sədri Oqtay Gülalıyevi seçib
Müxalif düşərgədə yeni qalmaqalın yaşanmasında "siyasi məhbus" siyahısı üzərində yaranmış növbəti qalmaqal böyüməkdə davam edir. Maraqlıdır ki, bir vaxtlar Ə.Kərimlinin qızğın müdafiəçisi qismində çıxış edən X.İsmayıl, məhz həbsdən azadlığa buraxıldıqdan sonra AXCP, və "Milli Şura" üzvləri ilə münasibətlərinə, demək olar ki, son qoyub. Sosial şəbəkələrdə fəallığı ilə seçilən X.İsmayıl son vaxtlar davamlı şəkildə Ə.Kərimlinin, Cəmil Həsənlinin timsalında O.Gülalıyevi də ən sərt ifadələrlə ittiham atəşinə tutur.
Bu arada növbəti xatırlatmanı etmək yerinə düşərdi. X.İsmayılın ətrafında cəmləşən bir qrup "hüquq müdafiəçisi" hələ payız aylarından başlayaraq, 94 nəfərlik qondarma "siyasi məhbus" siyahısı tərtib edərək yayıb. Onun anidən belə bir addıma getməsi isə "siyasi məhbus" və ondan doğan "siyasi mühacir" biznesini inhisarında saxlayan, onun sözügedən biznesinə mane olanları müxtəlif şantaj və hədələrlə özündən uzaqlaşdıran Ə.Kərimlini məyus edib. Xüsisilə, X.İsmayılın Avropanın bir sıra qaranlıq siyasi dairələri, ermənipərəst qurumları tərəfindən dəstəklənməsi AXCP sədrinin səbrini daşırıb və o da 166 nəfərlik "siyasi məhbus" siyahısı hazırlatdıraraq, dərhal cavab tədbiri görüb. Təbii ki, Kərimlini narahat edən məsələlərdən biri də erməni lobbisi tərəfindən maliyyələşdirilən xarici donorların ondan daha çox X.İsmayıla etibar etmələri amilidir. Bu səbəbdən, o, əlindən çıxan biznesini qorumaq üçün ən yaxşı cavabverici vasitəçi qismində "Kür Vətəndaş Cəmiyyəti"nin sədri O.Gülalıyevi hədəf seçib.
Yeri gəlmişkən, o da kimsəyə sirr deyil ki, Azərbaycanda "siyasi məhbus" söhbəti yeni deyil. Vaxtilə bu sahə Leyla Yunus, Emin Hüseynov kimilərinin gəlirli biznesi idi. Vaxtaşırı olaraq, onların hərəsi bir siyahı elan edərək, cinayətkarın narkomanın və cibgirlərin, dələduzların "siyasi məhbus" olduğunu iddia edir, bu yolla qazanc əldə edirdilər. Ancaq bu şəxslərin ölkədən mühacirət etmələrindən sonra meydan, demək olar ki, AXCP sədri Ə.Kərimliyə qaldı. İndi isə həmi meydana X.İsmayıl da şərik qoşulmağa başlayıb və əlbəttə ki, burada kimin haqlı olub-olmaması da ciddi müzakirə mövzusu deyil. Çünki fakt budur ki, ölkəmizlə yanaşı, bir sıra aparıcı beynəlxalq təşkilatlar da dəfələrlə Azərbaycanda heç kimin siyasi baxışına görə təqib olunmadığını vurğulayıblar.
Xədicə İsmayılın ilk qurbanı da var, o, "Kür Vətəndaş Cəmiyyəti"nin sədri Oqtay Gülalıyevdir
Daha bir maraqdoğurucu fakt Ə.Kərimlinin, bilavasitə rəhbərlik etdiyi qəzetində X.İsmayılın əleyhinə iş aparmasıdır. O, bu məsələdə də O.Gülalıyevi önə verib və Gülalıyevin X.İsmayıla qarşı apardığı kəskin fikir kampaniyası sonda ikinci tərəfin daha sərt tədbirlər görməsinə səbəb olub. Həmin plana əsasən, yəni Ə.Kərimlinin təlimatlarına əsasən, "Milli Şura"nın sədri C.Həsənli bəyan edir ki, Xədicəgilin hazırladığı siyahı natamamdır və bunu dəstəkləmir.
Çox yəqin ki, X.İsmayılın öz "siyasi məhbus" siyahısını müdafiə etməsi üçün ehtiyat planları da var və bu planların işə düşəcəyi zaman hədəf AXCP, "Milli Şura" və bu təşkilatlarla əməkdaşlıq edən siyasiləşmiş QHT-lər olacaq ki, artıq bunun ilkin cücərtiləri görünməkdədir.
Rövşən RƏSULOV