Mais Səfərli: "Hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparıb, ictimaiyyətə açıqlama verməlidir"
25 ilə yaxındır ki, adları olub, fəaliyyətləri olmayan dağıdıcı müxalifət ünsürləri dəfələrlə qeyri-ciddi açıqlamaları ilə gündəmə gəlməyə, ictimaiyyətin diqqət mərkəzinə çevrilməyə çalışıblar. Amma görünən odur ki, bu tip hay-küylü bəyanatlar ictimaiyyət tərəfindən qətiyyətlə rədd edilir. Demək olar ki, müxalif qüvvələrin xalqdan heç bir siyasi dəstəyi yoxdur. "Yurddaş" partiyasının sədri Mais Səfərli qəzetimizə açıqlamasında bildirdi ki, bu gün ölkə müxalifəti çox acınacaqlı durumdadır: "Müxalifət partiyalarının bu cür vəziyyətə düşmələri müxalifət düşərgəsində olan partiya sədrlərinin şəxsi ambisiyaları və birincilik uğurunda gedən mübarizənin nəticəsidir. Onsuz da özləri də çox gözəl bilirlər ki, aralarında gedən bu birincilik uğurunda mübarizənin sonu yoxdur. Acınacaqlı vəziyyətin nəticəsidir ki, həmin müxalifət qüvvələri ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlir. Ona görə də, müxalifət düşərgəsində təmsil olunan partiyalar dağılmağa məhkumdur".
AXCP ilə Müsavat arasında səngimək bilməyən qarşıdurmaya münasibət bildirən M.Səfərli qeyd etdi ki, müxalif partiya rəhbərləri aralarındakı körpüləri çoxdan yandırıblar: "Çünki müxalifət rəhbərləri bir-birlərinə qarşı səmimi münasibət bəsləmirlər. Hər zaman müxalifət partiya rəhbərləri özlərinə sərf edən addımlarını atırlar. Yəni müxalifət rəhbərlərini partiya maraqları yox, özlərinin şəxsi maraqları düşündürür. Buna görə də, müxalifət daxilində yenilikdən və dostluqdan belə söhbət gedə bilməz. Bundan sonra müxalifətin bir araya gələrək partiya daxilində nə isə yeniliklər etməsi real görünmür. Bunun da səbəbi müxalifət partiya liderlərinin şəxsi ambisiyalarının olması ilə bağlıdır".
M.Səfərli onu da əlavə etdi ki, ümumiyyətlə, müxalifət qüvvələri bir müddət gündəmdə qalmaq üçün reallığı özündə əks etdirməyən metodlardan istifadə etməyə çalışmalarıdır: "Bəzi partiyalar xaricdən maliyyə yardımı alırlar. Bu da "Siyası partiyalar haqqında" qanuna tamamilə ziddir. Əgər həqiqətən də, ölkədə fəaliyyət göstərən bir sıra partiyalar xaricdən maliyyə yardımları alırlarsa, təbii ki, hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparıb, ictimaiyyətə açıqlama verməlidirlər. Bununla belə faktlar mövcuddur ki, müxalifət partiyaları QHT-lərin vasitəsilə xarici qüvvələr tərəfindən maliyyə yardımları alırlar. Azərbaycan dövlətinin qanunlarına görə, ölkəmizdə fəaliyyət göstərən partiyalar xaricdən maliyyələşə bilməz".
GÜLYANƏ