Yaxud AXCP-"Milli Şura" cütlüyü gündəmdə qalmaq üçün uzun illərdir ki, hansı yollara əl atır?
Yazının mahiyyətinə varmamışdan öncə, bir amilə toxunaraq, onu xatırlatmaq yerinə düşərdi ki, bütün seçkilər ərəfəsində AXCP sədri Ə.Kərimli təmsil olunduğu siyasi birlik adından "kölgə kabinetləri" hazırlayaraq, guya hakimiyyətə yiyələnəcəkləri zaman orada adları qeyd olunan şəxsləri "komandaya" cəlb edəcəkmişlər. Onların müxtəlif illərdəki bənzər arzuları puç olub. Ancaq bütün bunlara rəğmən, meydan təfəkkürü kimi, onların bu şakərləri də qalmaqda davam edir. Bu baxımdan, sözügedən amil həm də ictimai rəydə sıfır dərəcəli nüfuza sahib olan radikalların gündəmdə qalmaları üçün oynadıqları uğursuz teatr tamaşasıdır.
Yenə də "kölgə kabineti"?!
Yeri gəlmişkən, bu dəfə də eyni hal təkrarlanıb və AXCP sədri Ə.Kərimlinin, bilavasitə nəzarətində olan "Milli Şura" və onun müqəvva rolu oynayan sədri Cəmil Həsənli növbəti "kölgə kabineti" quraraq, özlərinə və ətraflarındakı azsaylı elektoratlarına təsəlli verməyə çalışıblar. Bu dəfə sosial şəbəkə vasitəsilə "kölgə kabineti"nin siyahısını yayımlayan hərdəmxəyal utopiklər dəstəsi, nə qədər qəribə görünsələr də, bu gün düşmən kimi qənim kəsildikləri şəxslərin adlarını oraya qeyd ediblər. AXCP və "Milli Şura"nın gülünc iddialarına görə, guya 2018-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərində ənənəvi müxalifəti təmsil edən tərəflər qalib gələcək. Siyahıda adları yer alan eks-spiker Rəsul Quliyevin, ALP lideri Lalə Şövkətin, sabiq Müsavat başqanı İsa Qəmbərin, Əli Kərimlinin, Müsavatın saxta yollarla seçilmiş başqanı Arif Hacılının, fəaliyyətinə xitam verilmiş "El" hərəkatının sədri Eldar Namazovun, "Ədalət" partiyasının sədri İlyas İsmayılovun, Əli Məsimlinin, ADR hərəkatının sədri Qubad İbadoğlunun, AXP sədri Pənah Hüseynin və sairlərin adları var. Müxtəlif vəzifələrə "təyin" olunan bu şəxslərdən isə, nə qədər qəribə görünsə də, heç nə soruşulmayıb.
Maraqlı məqamlardan biri də budur ki, hər seçki ilində və seçkilərdən sonra normal düşüncəli ictimaiyyət, cəmiyyət nümayəndələri, medialar sual ünvanlayırlar: İnsanlar hələ bundan sonra neçə illər boyu eyni adları eşidərək, onların özlərini zorla "lider" qismində təqdimatlarını müşahidə edəcəklər? Ssenari həmin, ucuz, qeyri-sağlam düşüncə tərzi həmin, verilən "biz gəlirik" vədləri də həmin...Həmin ki, həmin..!
"Like"lərin real olduğuna inansaq, bu gün Ə.Kərimlini "dəstəkləyənlərin" sayı, məsələn, Avstraliya sakinləri qədər olardı
Öz fikirlərini izah etməkdə belə aciz olan Ə.Kərimlinin bənzər planlarından usanan insanlar isə, artıq onu nəninki ciddi siyasətçi hesab etmirlər, hətta Kərimlinin psixiloji cəhətdən xəstəliyə düçar olduğunu da bildirirlər. Ümumiyyətlə, ötən illər ərzində yeni proqramlar ortaya qoymadan, müasir dövrün tələblərinə uyğun olan əsrarəngiz ideyalar irəli sürmədən belə istehzadoğurucu, reallığa əsaslanmayan siyahıların yayılması, bilavasitə məğlubiyyətə doğru gedən iri addımların aşkar göstəricisidir! Yəni fakt budur ki, Ə.Kərimli son bir ayda başına gələn və heç də mənfəətinə xidmət etməyən partiyadaxili hadisələri sığorta etməkdən ötrü indi də sosial şəbəkə "lideri" rolunda belə oyunbazlıqlara gedir. Təki digər saxta profillərdən saxta "like"lər, "bəyənmələr" gəlsin!
Görəsən, bu günə qədər Ə.Kərimliyə yüzlərlə saxta profillər vasitəsilə minlərlə atılmış "like"lərin nəticələri harada qalıb? Çünki həmin "like"lərin real olduğna inansaq, bu gün Ə.Kərimlini "dəstəkləyənlərin" sayı, məsələn, Avstraliya sakinləri qədər olardı. Amma biz bunu görmürük, uzağı bir kiçik kəndin 100-də 10-nun onun tərəfdarı olduğunu görürük. Bax, məsələ də bundadır...
Rövşən NURƏDDİNOĞLU