"Azadlıq.info"da materialların qeyri-obyektiv, qərəzli, heç bir real fakta əsaslanmadan dərc olunması faktıdır. Daha çox təxribatçı, ajiotaj yaratmağa meyilli yazıların manşetlərə çıxarılması dağıdıcı müxalifətin mətbu orqanı olan "Azadlığ"ın yeni halı deyil. Uzun illər "Azadlıq" qəzetində, indi də "Azadlıq.info"da Azərbaycan dövlətçiliyinin əleyhinə materiallar dərc olunur, qərəzli müsahibələr, saxta sorğular yerləşdirilir. Fakta keçək! "Azadlıq.info"da Azərbaycanda siqaretin nağd satışı dayandırıldı- "Qiymətlər qalxdı" başlıqlı yazı dərc olunub. Məsələ bundadır ki, "qiymətlər qalxdı" başlığı ilə insanların diqqətini cəlb etməyə ümid edən "azadlıq"çılar bəs nə üçün materialın içində bununla bağlı bircə cümlə belə yazmayıblar? Ümumiyyətlə, olmayan bir şeyi manşetə çıxarıb insanlarda çaşqınlıq, süni ajiotaj yaratmaq nəyinizə lazımdır? Eləcə də, yazıda qeyd olunur ki, guya marketlərdə siqaret satışı dayandırılıb, sahibkarlar və vətəndaşlar heç bir yerdən siqaret ala bilmirlər. Yalandır! Bu xəbərin nə dərəcədə doğru olduğunu yoxlamaq mənim üçün elə də çətin olmadı. Məhlədə, yol qırağında yerləşən böyük və kiçik marketlərə daxil oldum, siqaret aldım, heç bir çaxnaşma da yox idi.
Eyni zamanda, "Azadlıq.info"da 17 yanvarda yerləşdirilən "SOCAR"-dan bahalaşma anonsu" başlıqlı yazının sosial şəbəkələrdə "Azadlıq" səhifəsində paylaşımında deyilir: "Xalq şokdadır! Bu dəfə qaz yenə də qalxır, insanlar üsyana hazırlaşırlar..." Gülünc və absurd! Biabirçı hal odur ki, bu paylaşımı Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli öz səhifələrində yerləşdirərək, geniş "şərh" də veriblər. Bu cür ucuz, şit şoular nəyinizə lazımdır axı!? Xalq seçkilərdə dəstəklədiyi, sevdiyi, seçdiyi partiyaya səs verib və hər kəs də öz işinin-gücünün başındadır. 10 il bundan öncə hansısa rayonda baş vermiş 20 nəfərlik bir etiraz aksiyasının videogörüntülərinə effekt verib, tarixini dəyişərək, bunu bu gün rayonlarda baş verən "üsyan" kimi xalqa sırımağın nə adı var? "Azadlıq.info"nun yazdığına, müxalifətçi "iqtisadçı"ların, "ekspert"lərin fikirlərinə əsaslansaq, onda dollar 2016-ci ilin oktyabr ayında 4 manat olmalı idi. Hər gün həyəcanlı proqnozlar verilir. Bu gün də yazıblar: "Millət! Hazırlaşın! Dollar 4 manat olacaq...". Nə dəxli var axı!? Təkcə bu faktın özü göstərir ki, onların proqnozları da sabun köpüyü kimi bir şeydir, üfləyəndə özünü itirir. Ancaq bununla belə yenə də populist fikirləri və yersiz, əsassız "proqnozları" ilə süni ajiotaj yaratmağa cəhd edirlər.
Samir